Hazırda dünya iqtisadiyyatı “donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb.
FED.az xəbər verir ki, bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, McKenzie-nin hesablamalarına görə, bu il iqtisadi geriləmə dünyada 4,7 faiz, Avrozonada 9,7 faiz, Çində 2,7 faiz və ABŞ-da 8,4 faiz olacaq: “Ən yaxşı halda dünya iqtisadiyyatı 2022-ci ilin üçüncü rübündə böhrandan əvvəlki həddinə çata biləcək. Bir sözlə, Nassem Talebin “Qara qu quşu” nəzəriyyəsinə uyğun olaraq koronavirus böhranını üç ay əvvələ qədər heç kim proqnozlaşdıra bilməmişdi, amma qısa müddətdə dünya 21-ci əsrin ən ağır böhranına qədəm qoydu".
Vüsal Qasımlı bildirir ki, qlobal şok Azərbaycanı 2017-ci ildən başlayan iqtisadi artımın sürətləndiyi vaxtda yaxalayıb: "Azərbaycan höküməti dünya iqtisadiyyatı yeni antirekordlara imza atdığı bir şəraitdə qlobal şokların və pandemiyanın nəticələri ilə mübarizə aparır".
Azərbaycanın antiböhran proqramı 2,5 milyard manat təşkil etməklə ÜDM-in 3,1 faizini təşkil edir. Qasımlı müqayisə üçün bildirir ki, Gürcüstan hökuməti 1 milyard lari (ÜDM-in 2 faizi həcmində), Rusiya 300 milyard rubl (ÜDM-nin 0,3 faizi) həcmində yardım paketi qəbul edib. Türkiyədə bu rəqəmlər 100 milyard TL və ya ÜDM-nin 2 faizi, Qırğızıstanda 9,4 milyon ABŞ dolları və ya ÜDM-in 1 faizi, Özbəkistan isə 1 milyard dollar və ya ÜDM-in 1,5 faizi həcmində anti-böhran paketi qəbul edib. "Göründüyü kimi, Azərbaycanın dəstək proqramı digər ölkələrlə müqayisədə kifayət qədər samballı və miqyaslıdır"deyə V.Qasımlı bildirib.
Qlobal şokların Azərbaycana təsirini azaltmaq üçün hökümətin dəstək proqramı zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək. İqtisadiyyat nazirinin rəhbərliyilə İşçi qrupu sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib: ən çox, əhəmiyyətli və minimal ziyan çəkən sahələr.
Bu çərçivədə 9 proqram layihəsi işlənilir. İlk növbədə 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramı qeyd etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda 1,6 milyona yaxın muzdlu işçinin 915 min nəfəri onsuz da dövlət və neft sektorunda çalışdığından müntəzəm qaydada maaşını alır. Yerdə qalan 640 min muzdlu işçinin 304 min nəfərinin maaşına dövlət dəstək verəcək. Burada fəaliyyət sahəsinin çəkdiyi ziyanın dərəcəsinə uyğun olaraq sahibkarlıq subyektinin əmək haqqı fondu dövlət tərəfindən dəstəklənəcək. Əlbəttə, bu zaman əsas meyar 712 manat səviyyəsində olan orta əmək haqqı səviyyəsidir.
Eyni zamanda 290 min mikro sahibkarlar dövlət dəstəyindən yararlanacaqlar. Bu zaman da onların 2019-cu ildə ödədikləri vergi həcmi əsas götürüləcək. Vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək verilməsi üzrə dövlət proqramları da işlənilib.
Böhran nəticəsində təkcə ev təsərrüfatları deyil, bəzi sahibkarların da kredit ödənişlərində çətinliklər yaranması proqnozlaşdırılır.
Hazırda 15,5 milyard manatlıq kredit portfelinin 7 milyard manatı ev təsərrüfatlarına, 6,1 milyard manatı isə özəl sektora verilib.
Xüsusən də, pandemiyadan daha çox zərərçəkmiş sahələrə – ticarət və xidmət sektoruna 2,4 milyard manat və nəqliyyat və rabitə sektoruna 1,2 milyard manat kredit verilib.
Dövlət mövcud kredit portfelinin dəstəklənməsi üzrə 1 milyard manat vəsait ayıracaq. Bu zaman da ziyan çəkən sahələr və kredit intizamı kimi kriteriyalar əsas götürüləcək.
Sahibkarlığın İnkişafı Fondu kreditlərə 10 faiz dəstək verəcək ki, bu da kredit faizinin əhəmiyyətli hissəsini əhatə edir. Çünki Azərbaycanda orta kredit faizi 14 faiz, hüquqi şəxslər üzrə 8,8 faiz və fiziki şəxslər üzrə 16,6 faiz təşkil edir. Eyni zamanda yeni kreditlərə dəstək proqramı illik maksimum 15 faizlik kreditləri əhatə edəcək. Belə ki, bu kredit faizinin yarısını Sahibkarlığın İnkişafı Fondu ödəyəcəkdir.
Dövlətin dəstək proqramları çərçivəsində komunal xidmətlərin limiti artırılacaq və sərnişindaşımada sistem əhəmiyyətli müəssisələr - AZAL, BNA, Metropoliten, dəmir yolu və s. qurumlara da dəstək veriləcək.
Bundan başqa dövlət sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyilə İşçi qrupu da bu yaxınlarda müvafiq təkliflərini təqdim edəcək".