Rusiyanın Ermənistandakı səfiri məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
FED.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfir Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlarla əlaqədar məsləhətləşmələr aparmaq üçün Moskvaya dəvət olunub.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığa mənfi təsir göstərir. Nazirliyin qiymətləndirməsinə görə, bu proses Avrasiya İqtisadi İttifaqı daxilində qarşılıqlı fəaliyyətə zərər vurur.
Bu arada Rusiyanın Ermənistana qarşı hədələmə prosesinə prezident Vladimir Putin də qoşulub.
Rusiya prezidenti dünən Qazaxıstanda səfərdə olanda bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxsa onun indiyədək aldığı güzəştlər dayandırılacaq. Məsələn, Ermənistan rusiya qazını indiyədək olduğu kimi, güzəştli qiymətlə ala bilməyəcək.
Bundan başqa, Ermənistan vətəndaşlarının Rusiyada işləməsi şərtləri çətinləşəcək, bunun üçün başqa MDB ölkələri kimi ayrıca icazə almalı olacaqlar. Rusiyada işləyən ermənilərin tibbi sığortadan istifadəsi işə başlayandan yalnız 5 ildən sonra mümkün olacaq.
Eləcə də Rusiya Ermənistan üçün qaz və enerji güzəştlərini, avtomobil və dəmiryol daşımaları üçün güzəştli icazə qaydasını ləğv edəcək.
Putin bildirib ki, bütün bu tədbirlər Ermənistan ÜDM-nin 14% azalmasına səbəb olacaq.














