“Aydınlık” qəzetinin iqtisadi məsələlər üzrə şərhçisi Uğur Civelekin müsahibəsi
- FED-in 2 gün əvvəl faizlərin yüksələn trenddə qalmasına dair qərarını necə dəyərləndirirsiniz?
- Bu ilin axırına qədər FED 2 dəfə də faiz artıracaq. Balansını aşağı səviyyədə saxlama siyasəti izləyən ABŞ Mərkəzi Bankının ehtiyatları bu ilin axırında 4 trilyonun altına düşəcək, gələn ilin axırında isə ehtiyatların 3 trilyonun altına düşürülməsi siyasəti yürüdüləcək. Bu vəziyyətdə inkişaf etməkdə olan ölkələrin aşağı faizlərlə borc tapmaları çox çətinləşəcək. Milli valyutalar dəyər itirərkən Amerikan dolları güclənəcəyinə görə, inkişaf etməkdə olan ölkələrin cari kəsirlərinin də xarici borclarının da eyni zamanda, məzənnəyə görə artması gözlənilir. Mövcud vəziyyətdə Türkiyədə investisiyaların azalması gözlənilir ki, bu da işsizliyin artmasına səbəb olacaq. Yəni, hal-hazırkı mənzərə uzun müddət davam edəcək bir böhranın eşiyində olduğumuzu göstərir. Buraya dünyada davam edən “ticarət savaşları” siyasətini də əlavə edəndə, Türkiyə iqtisadiyyatının sərt “qırılmalar” ərəfəsində olduğunu deyə bilərik.
-Türkiyənin siyasi iqtidarı uzun müddət “aşağı faiz” siyasətinin doğru olduğunu müdafiə etsə də, 24 iyundakı seçkilər ərəfəsində prezident və iqtisadiyyatı idarə edən şəxslər Londonda, belə demək mümkünsə, “faiz lobbiləri” ilə görüşmək məcburiyyətində qaldılar. Yeni hökumət “aşağı faiz” siyasətindən vaz keçdi?
- Seçkilərdən əvvəl Mərkəzi Bankın faizləri çox sərt şəkildə artırmasının çox da faydalı olmadığını gördük.
"Faizlərin yüksəldilməsi ilə ölkəyə “isti pul” çəkmək hədəflənsə də, indiki vəziyyətdə bu hədəfə nail olmaq çətin görünür"Faizlərin artması bir tərəfə dursun, ona paralel şəkildə valyutanın məzənnəsinin yüksəlməsi iqtisadi sistemlərdə nadir rast gəlinən hadsələrdəndir. Faizlərin yüksəldilməsi ilə ölkəyə “isti pul” çəkmək hədəflənsə də, indiki vəziyyətdə bu hədəfə nail olmaq çətin görünür. Çünki makroiqtisadi göstəricilərdə (inflyasiya, cari kəsir, milli gəlirin Ümumi Daxili Məhsulun həcminə nisbəti, dövlət məsrəfləri və s.) ciddi sıxıntılar olduğu kimi, infrastruktur islahatlarının zamana uyğun şəkildə həyata keçirilməməsi problemin başqa bir mənbəyidir. Bunlara tək-tək baxmaqla işlərin öhdəsindən gəlmək mümkün deyil, mərhələli şəkildə və hamısını birdən həll etmək lazımdır. Bununla bağlı ciddi hazırlıqlar aparılmalı və gələn həftə, 1 aydan sonra, 3 aydan sonra görüləcək işlər barədə ictimaiyyətə və əcnəbi sərmayədarlara ətraflı açıqlamalar verilməlidir.
- Prezident Ərdoğan yüksələn faizlərin yükünün dövlət banklarının üstünə düşməsindən bəhs edərək özəl bankları da bu işlərin altına girməyə çağırdı. Özəl banklar bu işlərin içində deyildimi?
- 2003-cü ildən bəri alınan borclarda, ölkəyə nəğd pul gəlməsində özəl banklar da önəmli rol oynayıb. Gəldiyimiz mərhələdə iqtisadiyyatdakı kövrəkliyin bir günahkarı da özəl banklardır. Çünki o banklar kənardan gələn “isti” pullarla öz balanslarını şişirib və hesab-kitabsız investisiyalara plansız şəkildə dəstək verib. İş dünyası kənardan gələn “isti pul”dan səmərəli şəkildə istifadə edə bilməyərək, iqtisadiyyatdakı kövrəkliyə ortaq olub. Bu işlərdə eyni dərəcədə siyasətin də qüsuru var. Çünki siyasət ortaya lazımi plan-proqramları qoya bilməyərək, kənardan gələn pulların məqsədsiz şəkildə xərclənməsini təşviq edib. İş dünyası faizlərin yüksəlməsini istəmir, banklar yüksək faizlə borc verməyə çalışır, siyasət isə bunların ikisinin arasında tənzimləyici rol oynamaqdan çoxdan uzaqlaşıb.
- Hələ 24 iyundakı seçkidən əvvəl dünyada bəzi məşhur iqtisadçılar Türkiyənin yenidən Beynəlxalq Valyuta Fondunun qapısına getmək məcburiyyətində qalacağını gündəmə gətirmişdilər. İndiki mərhələdə bu ehtimal güclənib, yoxsa zəifləyib?
- Beynəlxalq Valyuta Fondunun qapısına faizləri yüksəldərək getməyin bir mənası olacağına inanmıram. Digər tərəfdən, bu qədər ağır xarici borc, yüksələn inflyasiya, cari kəsir, dövlət məsrəfləri BVF-nin qapısına borca getməklə həll edilə bilərmi?
"Hökumət kompleks şəkildə islahatlar həmləsi və sıx maliyyə nizam-intizamı tətbiq etməzsə, bu problemlərin öhdəsindən gəlmək çox çətin olacaq"Baxın, iqtisadiyyatı Türkiyə kimi kövrək vəziyyətdə olan Argentina yenidən BVF-nin qapısına gedərək 50 milyard dollar borc aldı. Türkiyə Beynəlxalq Valyuta Fondunun qapısına getsə, ondan artıq borc ala biləcəyini zənn etmirəm. Ancaq 50 milyard dollar BVF borcu bu gün Türkiyənin iqtisadi problemlərinin neçə faizini həll etməyə kömək edər? Əsas sual budur. Məncə, ölkə içində ciddi iqtisadi proqramlara söykənən tədbirlər görmək əsas hədəf olmalıdır.
- Tənqid edilən əsas nöqtələrdən biri də dövlətin öz məsrəflərinin çox artmasıdır. Sizcə, iqtidar o məsrəflərin azalması üçün “kəmər sıxma” siyasətinə başlayarmı?
- Dövlət məsrəfləri, cari kəsir, özəl sektorun xarici borcları - bunların hamısı böyük sıxıntılar yaradan məsələlərdir. Dövlət maliyyə nizam-intizamını 15 iyul 2016-cı ildəki çevriliş təşəbbüsündən sonra zəiflətdi. 16 aprel 2017-ci ildəki referendum və 24 iyundakı seçkilər büdcə nizam-intizamını da sanki yox etdi. İndi gəlirləri artırmaq üçün dövlətin əlində nə yeni mənbələr var, nə də satmağa bir şey qalıb. Əsas məsələ daha çox vergi toplamaq olmalıdır ki, hökumət bu işin də öhdəsindən lazımi şəkildə gələ bilmir. Təsəvvür edin ki, hər il 30-40% vergi itkisi olduğu halda, seçki ərəfəsində hökumət müxtəlif sahələrdə “vergi əfvi” çıxardı ki, bu da maliyyə nizam-intizamının daha da zəifləməsinə səbəb oldu. Hökumət kompleks şəkildə islahatlar həmləsi və sıx maliyyə nizam-intizamı tətbiq etməzsə, bu problemlərin öhdəsindən gəlmək çox çətin olacaq.