Azərbaycanda qeyri-neft-qaz ixracı artıb.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı 2026-cı ilin iyul ayı üzrə İxrac İcmalında bildirilib.
Məlumata əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft-qaz ixracı (qeyri-monetar qızıl nəzərə alınmadan) ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artaraq 1,9 milyard ABŞ dolları təşkil edib.
İcmala görə, cari ilin iyun ayında qeyri-neft-qaz ixracı (qeyri-monetar qızıl nəzərə alınmadan) illik müqayisədə 18,2 faiz artaraq 381,9 milyon ABŞ dollarına çatıb. Bildirilir ki, ərzaq məhsullarının ixracı 19,4 faiz artaraq 175,3 milyon ABŞ dolları, qeyri-ərzaq məhsullarının ixracı (qeyri-monetar qızıl nəzərə alınmadan) isə 17,3 faiz artaraq 206,5 milyon ABŞ dolları olub.
"Yanvar-iyun aylarında şəkər ixracı 3,4 dəfə, pambıq ipliyi ixracı 2,1 dəfə, bitki və heyvan mənşəli piylər və yağların ixracı 50 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 40,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 30,1 faiz, pambıq lifinin ixracı 26,3 faiz, meyvə-tərəvəz ixracı 18,9 faiz, çay ixracı 19,4 faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı isə 2,9 faiz artıb.
Hesabat dövründə kənd təsərrüfatı məhsullarının ixracı 23,9 faiz artaraq 563,9 milyon ABŞ dolları, aqrar-sənaye kompleksi məhsullarının ixracı isə 35,3 faiz artaraq 195,9 milyon ABŞ dolları təşkil edib. Kənd təsərrüfatı və aqrar-sənaye kompleksi məhsullarının ümumi ixracı 759,8 milyon ABŞ dollarına çatıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 26,6 faiz çoxdur", – deyə məlumatda qeyd olunub.
Vurğulanır ki, yanvar-iyun aylarında qeyri-neft-qaz ixracının (qeyri-monetar qızıl nəzərə alınmadan) əsas məhsulları sırasında birinci yeri 202,2 milyon ABŞ dolları həcmində ixracla qızıl, ikinci yeri 163,8 milyon ABŞ dolları ilə pomidor, üçüncü yeri isə 135,9 milyon ABŞ dolları ilə mis filizləri və konsentratları tutub.
"İyun ayında ixrac olunan qeyri-neft-qaz məhsulları arasında lider 44 milyon ABŞ dolları ilə pomidor olub. Sonrakı yerlərdə 34,5 milyon ABŞ dolları ilə qızıl və 29,4 milyon ABŞ dolları ilə çiyələk qərarlaşıb.
Yanvar-iyun aylarında qeyri-neft-qaz ixracının (qeyri-monetar qızıl nəzərə alınmadan) əsas istiqamətləri Rusiya (596,1 milyon ABŞ dolları), Türkiyə (350,7 milyon ABŞ dolları), Gürcüstan (279,8 milyon ABŞ dolları), İsveçrə (213,9 milyon ABŞ dolları) və Ukrayna (73,4 milyon ABŞ dolları) olub.
İyun ayında isə qeyri-neft-qaz ixracı Rusiyaya 162,4 milyon ABŞ dolları, Gürcüstana 50 milyon ABŞ dolları, Türkiyəyə 44,6 milyon ABŞ dolları, İsveçrəyə 35,2 milyon ABŞ dolları, ABŞ-yə isə 14,4 milyon ABŞ dolları həcmində həyata keçirilib", – deyə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bildirib.















