Azərbaycanın diplomatik korpusunda bir sıra kadr dəyişiklikləri həyata keçirilib. Prezident İlham Əliyev üç səfirin geri çağırılması və yeni təyinatla bağlı sərəncamlar imzalayıb.
FED.az xəbər verir ki, Nərgiz Akif qızı Qurbanova Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Digər sərəncamla Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib.
Prezidentin növbəti sərəncamı ilə Fuad İsgəndərov Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Beləliklə, o, İsveçrə və Lixtenşteyndəki diplomatik fəaliyyətini başa vuraraq Azərbaycanın Polşadakı diplomatik nümayəndəliyinə rəhbərlik edəcək.
Məmməd Bahəddin oğlu Əhmədzadə isə Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatdakı daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Sərəncamlar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndinə əsasən imzalanıb.












