«Moody's» reytinq agentliyi Azərbaycanın reytinqini yeniləyib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 9 iyulda baxılaraq təsdiqlənən reytinqə əsasən ölkənin uzunmüddətli kredit reytinqi Baa3 səviyyəsində təsdiqlənib.
Reytinqlə bağlı açıqlamada «Moody's» agentliyi bildirir ki, bu reytinq Azərbaycanın güclü kreditor mövqeyinə (yəni lazım gələrsə kredit ayırmaq imkanı) əsaslanır. Öz növbəsində bu imkan Dövlət Neft Fondunun böyük ehtiyatları hesabınadır. Neft Fondu ölkə üçün güclü maliyyə buferi yaradır, hökumətin likvidlik (pul çatışmazlığı – FED.az) risklərini aradan qaldırır, eləcə də xarici risklərdən sığortalayır.
Agertlik budəfəki açıqlamasında Azərbaycanda ənənəvi olaraq «yaralı yer» olan dövlət idarəetməsinin effektivliyinin nisbətən yaxşılaşdığını bildirir. O cümlədən pul-kredit və makroiqtisadi siyasətin strukturunun yaxşılaşması maliyyə sisteminin sabitliyini şoklara qarşı davamlılığını artırıb. Büdcə ehtiyatlarının effektli istifadəsi isə kontrtsiklik xərclərin maliyyələşdirilməsinə imkan verir, eyni zamanda büdcə göstəricilərini pisləşmədən qoruyur.
Bununla yanaşı, Agentlik ənənəvi problemləri də yenidən təkrarlayıb: kredit imkanlarının güclü olması ilə yanaşı, iqtisadiyyata çoxdan bəri davam edən problemlər də mane olur.
Belə ki, institusional və idarəetmədəki problemlər iqtisadi rəqabətə mane olur, Ermənistanla gərgin - son vaxtlar yaxşılaşsa da – münasibətlər isə geosiyasi risklər yaradır. Agentlik qeyd edir ki, iqtisadiyyatda neftin payının yüksək olması ölkənin xarici şoklara davam gətirmək imkanını azaldır, hərçənd son vaxtlar iqtisadi şaxələnmə sürətlə davam edir.
Agentlik qeyd edir ki, 2026-cı ildə Azərbaycanın iqtisadi göstəriciləri o qədər də yüksək deyil: 1-ci rübdə ölkə iqtisadiyyatında 0,3% azalma baş verib, yalnız 5-ci ayın nəticələrinə görə, azalma sıfıra enib. Buna səbəb neft ehtiyatarının azalması səbəbindən, neft hasilatının da aşağı düşməsidir. Qeyri neft sektoru bu azalmanı yalnız bir hissəsini kompensasiya edə bilir.
İqtisadiyyatın əsas sahələrindən olan tikinti sektoru geriləyib, çünki işğaldan azad olunmuş ərazilərdəki yenidənqurma işləri zəifləyib.
Əvəzində İKT, turizm və emal sənayesində artım davam edir. Agentlik buö l ölkə üzrə 1,5% iqtisadi artım proqnzlaşdırır: «Gözləyirik ki, bütün 2026-cü il üzrə iqtisadi artım 1,5% səviyyəsində olacaq, qarşıdakı illərdə isə bu rəqəm 2,0-2,5% təşkil edəcək.
Agentlik qeyd edir ki, Azərbaycanda institusional mühitin keyfiyyəti də tədricən yaxşılaşmaqdadır, buna səbəb dövlət maliyyəsinin daha yaxşı idarə edilməsi, rəqəmsal idarəetmənin artırılması, bank sektorunun tənzimlənməsi və vergi nəzarətidir.
«Moody's»in qiymətləndirməsinə görə, Azərbaycanın dövlət maliyyəsi son illərdə daha dayanıqlı olub, hökumət neftdən asılılığı tədricən azaltmağa çalışır.
Belə ki, dövlət büdcəsində qeyri-neft gəlirlərinin artırılması və dövlət xərclərinin daha nəzarətli şəkildə idarə olunması nəticəsində büdcənin qeyri-neft hissəsində yaranan kəsir azalıb. Bu kəsir - qeyri-neft sektoruna xərclənən və o sahədən daxil olan vəsaitlərin fərqini göstərir.
Əslində bu prosesə Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə ayrılan vəsaitlərin azalması da təsir edib, yəni qənaət həm də bu azalmanın hesabınadır.
«Moody's» qeyd edir ki, iqtisadi baxımdan Azərbaycanın əsas üstünlüklərindən biri Dövlət Neft Fondunun (SOFAZ) böyük maliyyə ehtiyatlarıdır. 2025-ci ilin sonunda Fondun aktivləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 97%-nə çatıb.
Agentlik gözləyir ki, (böyük ehtimalla İnan müharibəsi səbəbindən – FED.az) 2026-cı ildə neft qiymətlərinin gözləniləndən yüksək olması Azərbaycana gözləniləndən daha artıq neft gəlirləri gətirəcək. Nəticədə Dövlət Neft Fondunun aktivləri daha da böyüyəcək. Bu isə hökumətə gələcəkdə yarana biləcək iqtisadi və maliyyə risklərini daha rahat qarşılamaq imkanı verəcək və dövlət büdcəsinin çevikliyini qoruyacaq.
«Moody's» ermənistanla münasibətlərə risk kimi baxsa da, hesab edir ki, regiondakı geosiyasi vəziyyət də əvvəlki illərlə müqayisədə daha əlverişli istiqamətdə dəyişir. Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin genişlənməsi, regional nəqliyyat dəhlizlərinin yaradılması bölgədə risklərin tədricən azalmasına səbəb olur. Agentlik qeyd edir ki, sülh sazişi hələ rəsmi şəkildə imzalanmasa da, ümumi tendensiya müsbətdir.
Moody's Azərbaycanın iqtisadi potensialını "ba1" səviyyəsində qiymətləndirir. Agentliyin fikrincə, ölkənin orta müddətli iqtisadi artım perspektivləri yaxşılaşır. Bununla yanaşı, iqtisadiyyat hələ də neft və qaz sektorundan əhəmiyyətli dərəcədə asılı olaraq qalır.
Dövlət idarəçiliyi və institutların fəaliyyəti "ba2" səviyyəsində qiymətləndirilib. Moody's bildirir ki, korrupsiya ilə mübarizə, qanunun aliliyi, şəffaflıq və dövlət orqanlarının hesabatlılığı sahələrində problemlər qalır. Bununla belə, pul-kredit və fiskal siyasətin idarə olunması son illər daha sabit və etibarlı olub.
Ən yüksək qiymətləndirilən istiqamət isə dövlətin maliyyə imkanlarıdır. «Moody's» bu göstəricini "Aaa" səviyyəsində qiymətləndirib. Agentlik xatırladır ki, Azərbaycanın maliyyə ehtiyatları dövlət borcundan daha böyükdür, yəni Dövlət Neft Fondunun ehtiyatları hökumətin bütün birbaşa borclarını və dövlət zəmanətli öhdəliklərini qarşılamağa imkan verir. Baxmayaraq ki, dövlət borcunun böyük hissəsi xarici valyutadadır.
Niyə reytinq daha yüksək deyil?
Qeyd edildiyi kpmi, «Moody's» Azərbaycanın uzunmüddətli emitent reytinqini Baa3 səviyyəsində qiymətləndirib. Amma bu göstərici agentliyin Azərbaycanın fundamental göstəriciləri əsasında hesabladığı və gözlənilən A3–Baa2 aralığındakı potensial yekun reytinqdən bir pillə aşağıdır.
Moody's bildirir ki, reytinqin potensial səviyyədən aşağı qalmasının əsas səbəbləri sırasında korrupsiyaya qarşı mübarizə sahəsində uzun illərdir mövcud olan problemlər, Azərbaycan-Ermənistan münasibətlərindən irəli gələn geosiyasi risklər, eləcə də dünya iqtisadiyyatının aşağı karbonlu modelə keçidi ilə bağlı uzunmüddətli risklər yer alır. Məhz bu amillər hazırda Azərbaycanın kredit reytinqinin daha yüksək səviyyəyə yüksəlməsini məhdudlaşdırır.
Bununla yanaşı, Moody's Azərbaycanın reytinqi üzrə "pozitiv" proqnozu saxlayıb. Agentliyin izahına görə, gələcəkdə müsbət tendensiyalar davam edərsə, Azərbaycanın kredit reytinqinin yüksələ bilər.















