«Fitch» «AFB Bank»ın reytinqini təsdiqlədi - Yüksək artım iştahı, güclü kapital buferi – ƏTRAFLI
Ötən həftə «Fitch Ratings» reytinq agentliyi «AFB Bank» ASC-nin reytinqini “B” səviyyəsində təsdiqləyib. Reytinqlə bağlı proqnoz «Sabit»dir.
Fitch Ratings AFB Bankın “B” reytinqini “Stabil” proqnozla təsdiqləyib
«Fitch Ratings» AFB Bank ASC-nin (AFB) uzunmüddətli emitent defolt reytinqlərini (LT IDR) “B” səviyyəsində, “Stabil” proqnozla təsdiqləyib. Fitch, həmçinin AFB-nin Həyat Qabiliyyəti Reytinqini (VR) “b” səviyyəsində təsdiqləyib.
AFB-nin “B” reytinqi nəyə əsaslanır?
Agentliyin reytinq barədə açıqlamasında bildirilir ki, AFB-nin “B” səviyyəsində uzunmüddətli emitent defolt reytinqləri (LT IDR) bankın daxili kredit profilindən irəli gəlir. Bu profil bankın “b” səviyyəsində Həyat Qabiliyyəti Reytinqində (VR) əks olunur.
VR bankın məhdud yerli bazar mövqeyini, kapitallaşma və gəlirlilik üzərində təzyiq yaradan balansın sürətli böyüməsini, biznesdəki konsentrasiyaları, nisbətən zəif, amma yaxşılaşmaqda olan kredit portfelinin keyfiyyətini, eləcə də qənaətbəxş likvidlik ehtiyatlarını əks etdirir.
Azərbaycan bank sektorunda əməliyyat mühiti yaxşılaşıb
«Fitch» agentliyi AFB Bankın reytinqindən danışarkən əvvəlcə bank sektorundakı vəziyyəti və əməliyyat mühitini xatırladır.
Açıqlamada bildirilir ki, Azərbaycanın bank sektoru üzrə əməliyyat mühitinin vəziyyəti “bb-/Stabil” səviyyəsindən “bb/Stabil” səviyyəsinə yüksəldib (yəni «bb-»dən «bb»yə yüksəldilib).
Agentlik qeyd edir ki, bu dəyişiklik Mərkəzi Bankın daha sərt tənzimləyici nəzarəti və riskəsaslı nəzarət çərçivəsinin tətbiqində əldə olunan əlavə irəliləyişi əks etdirir. «Fitch»in fikrincə, bu amillər bank sektorunun iqtisadi tsikldəki təzyiqlərə davamlılığını gücləndirməlidir.
Qiymətləndirmədə həmçinin Azərbaycanın möhkəm suveren kredit profili və makroiqtisadi sabitliyə verdiyi dəstək nəzərə alınıb. Bu amillər əməliyyat mühiti üzrə qiymətləndirmə ilə ölkənin suveren reytinqi (BBB-/Stabil) arasındakı fərqin azalmasına səbəb olub.
Fitch 2026–2027-ci illərdə Azərbaycan iqtisadiyyatının özünəməxsus tsiklik xarakterinə baxmayaraq, bank sektorunun maliyyə profilinin sağlam olaraq qalacağını gözləyir.
AFB Bank-ın bank sektorundakı mövqeyi
Agentlik qeyd edir ki, «AFB Bank» kiçik bankdır - 2026-cı ilin ilk yarısının sonunda bankın ümumilikdə bank sektorunun aktivlərində və depozitlərində təxminən 1% paya malikdir.
Hesabatda deyilir ki, AFB Bankın ümumi kredit portfelinin 39%-i pərakəndə kreditlər təşkil edi.r Bu kreditlər ipoteka və təminatsız nağd kreditlər arasında bölünüb.
Bundan sonra kredit portfelinin digər 39%-ni korporativ kreditlər, 22%-i isə KOB kreditləri təşkil edir.
Bildirilir ki, bankın korporativ bazardakı mövqeyi məhdud sayda şirkətlər qrupunda cəmləşib. Bu isə biznes modelində yüksək konsentrasiyalara gətirib çıxarır.
Agentlik xatırladır ki, AFB-nin sahibi tanınmış yerli iş adamıdır və bank daha geniş biznes diversifikasiyası və böyümə hesabına fəaliyyət göstəricilərini yaxşılaşdırmağı hədəfləyir.
Yüksək artım iştahı; risklərin konsentrasiyası
AFB-nin kredit portfelini analiz edən «Fitch» bildirir ki, burada ayrı-ayrı borcalanlar üzrə hələ də yüksək olan kredit konsentrasiyası var. Belə ki, Fitch-in hesablamalarına görə, 2026-cı ilin ilk yarısının sonunda bankın ümumi kreditlərin 39%-i onun 25 ən böyük müştərisinin payına düşüb. Bu kreditlərin təxminən 48%-i qismən nağd təminatla təmin olunub.
Agentlik bildirir ki, AFB-nin kreit portfelindəki artım davam edir - kredit portfelinin artımı 2026-cı ilin ilk yarısında əhəmiyyətli dərəcədə sürətlənərək 35%-ə çatıb. Müqayisə üçün, bu göstərici 2025-ci ildə 58%, 2024-cü ildə isə cəmi 2% olmuşdu.
Kreditlərin artımı əsasən bankın genişlənmə strategiyasına uyğun olaraq pərakəndə və KOB kreditləşməsi hesabına baş verib.
Problemli kreditlər azalmaqdadır
«Fitch» agentliyi öz açıqlamasında AFB-dakı daha bir müsbət məqamı qeyd edir, bu ppoblemli kreditlərin azalmasıdır. Bildirildirki, problemli kreditlərin ümumi kreditlərdə payı 2024-cü ilin sonunda 14,4% olduğu halda, 2025-ci ilin sonunda 7,3%-ə düşüb. Söhbət 3-cü mərhələdə (Stage 3) olan və kredit baxımından problemli kimi alınmış və ya yaradılmış kreditlərdən gedir.
Bu yaxşılaşmanın səbəbi əvvəlki dövrlərdən qalan kreditlər üzrə böyük həcmdə geri ödənişlər, eləcə də orta səviyyəli kreditlərin silinmələri və kredit portfelinin sürətli böyüməsidir.
Problemliliyinə görə 2-ci mərhələdə (Stage 2) olan kreditlərin payı isə aşağı olaraq qalıb və 2025-ci ilin sonunda ümumi kreditlərin 2%-indən az olub.
3-cü mərhələ kreditləri üzrə spesifik ehtiyatlarla təminat səviyyəsi 2025-ci ilin sonunda 66% olmaqla qənaətbəxş olub.
«Fitch» qarşıdakı dövrdə problemli kreditlərin bir qədər də azalacağını və 2025-ci ilin sonundakı 7,3%-dən 2026-cı ilin sonunda 4%-ə enəcəyini gözləyir. Bu səviyyədə 2027-ci ildə də qalacaq.
Agentlik hesab edir k, buna səbəb gözlənilən əlavə kredit qaytarılmaları, kreditlərin silinməsi və kredit portfelinin artımının davam etməsidir.
Bankın genişlənməsi gəlirlərə təsir edib
«Fitch» öz açıqlamasında bankın gəlirlilik səviyyəsinə ətraflı toxunub. Burada deyilir ki, əməliyyat mənfəəti 2024-cü ildə risklə ölçülmüş aktivlərin (RWA) 2,9%-i olduğu halda, 2025-ci ildə 0,9%-ə düşüb.
Bunun əsas səbəbi biznesin genişləndirilməsi ilə bağlı əməliyyat xərclərinin artması və bu xərclərin hələ gəlirlərin artımı ilə tam kompensasiya olunmamasıdır.
Bu vəziyyət xərc/gəlir nisbətinin 2024-cü ildəki 70%-dən 2025-ci ildə 98%-ə yüksəlməsində də özünü göstərib.
Nəticədə bankın xalis mənfəəti əvvəlki dövrlərdən qalan kreditlərin qaytarılması ilə bağlı olaraq ehtiyatların azaldılması hesabına dəstəklənib.
Fitch yüksək olan əməliyyat xərcləri səbəbindən 2026-cı ildə də gəlirliliyin təzyiq altında qalacağını gözləyir. Eyni zamanda qeyd edilir ki, gələcək dövrdə bankın miqyasının yaratdığı üstünlüklər tədricən özünü göstərəcək.
Kapital buferi qənaətbəxş olaraq qalacaq
AFB-nin Fitch Core Capital (FCC) göstəricisi 2024-cü ilin sonunda 36% olduğu halda, 2025-ci ilin sonunda 23,3% olub. Buna risklə ölçülmüş aktivlərin (RWA) sürətli artımı və müntəzəm dividend ödənişləri səbəb olub.
Eyni zamanda bildirilir ki, 1-ci dərəcəli kapital əmsalı (Tier 1) 2025-ci ilin sonunda 21,9% olduğu halda, 2026-cı ilin ilk yarısının sonunda 16% təşkil edib və buna baxmayaraq, güclü səviyyədə qalıb.
Fitch proqnozlaşdırır ki, AFB-nin kapital buferi 2027-ci ilin sonuna qədər hələ də qənaətbəxş hesab olunan 13,5–14% səviyyəsinə düşəcək.
Depozitlər hesabına maliyyələşmə, qənaətbəxş likvidlik buferi
2026-cı ilin ilk yarısının sonunda müştəri depozitləri bank öhdəliklərinin 76%-ni təşkil edib.
Topdansatış maliyyələşməsinin payı isə əhəmiyyətli olmaqla 14% təşkil edib.
Sonuncu əsasən dövlət inkişaf institutlarından cəlb edilmiş aşağı xərcli, uzunmüddətli maliyyələşmədən ibarət olub.
Depozitlər 2025-ci ildə 72%, 2026-cı ilin ilk yarısında isə əlavə olaraq 56% artıb.
Bu göstəricilər sektor üzrə orta artım tempini üstələyib və bankın genişlənmə strategiyasını əks etdirir.
Bankın likvidlik buferi 2026-cı ilin ilk yarısının sonunda qənaətbəxş olub və müştəri depozitlərinin təxminən 25%-ni əhatə edib.













