Azərbaycanda avtomobillər üçün test-sınaq xidmətləri göstərən “Imotors” MMC-nin ölkədə ilk dəfə “Limitless Drive” layihəsinə başlayıb. Layihənin əsas məqsədi avtomobilin real şəraitdə uzunmüddətli dözümlülüyünü və etibarlılığını sınaqdan keçirməkdir.
Bu il Azərbaycana 500-dən çox elektromobil idxal edilib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, təqdimat mərasimində “Imotors” MMC-nin direktoru Əli Əhədov layihə barədə ətraflı məlumat verib. O, bildirib ki, layihənin ideyası “Le Mans” yarışlarından ilhamlanıb: “Le Mans” yarışlarında avtomobillər 24 saat ərzində fasiləsiz idarə olunur. Günün müxtəlif saatlarında sürücülər dəyişir, lakin avtomobil dəyişdirilmir. Nəticədə finişə çatan avtomobil dözümlülüyünü nümayiş etdirir. “Limitless Drive” layihəsində isə məqsəd sürət yarışı keçirmək deyil, avtomobili real istismar şəraitində uzunmüddətli dözümlülük testindən keçirməkdir".
Direktor bildirib ki, test üçün "JAECOO J8" modeli seçilib və layihənin devizi “30 gün ərzində 30 min kilometr”dir:
"Bu müddət ərzində avtomobil mümkün qədər fasiləsiz idarə olunacaq. Təbii ki, yürüş zamanı yanacaq doldurulması, mühərrik yağının dəyişdirilməsi və digər zəruri texniki xidmətlər həyata keçiriləcək. Bu proseslər mümkün qədər sürətli şəkildə pit-stop formatında təşkil olunacaq.
Avtomobil pit-stopa daxil olduqda yağ dəyişdiriləcək, yanacaq və digər zəruri resurslar əlavə olunacaq, ehtiyac yarandıqda sürücü dəyişdiriləcək və avtomobil yenidən yola çıxacaq".
Daha sonra “Limitless Drive” layihəsinin rəhbəri Kənan Əli layihənin gedişatı ilə bağlı media nümayəndələrinə məlumat verib. O, bildirib ki, layihə bu gün saat 15:00-da start götürəcək:
"Avtomobil ilk olaraq «Ulduz» metro stansiyasının yaxınlığında yerləşən “Autodoc” servisindən hərəkətə başlayacaq və sentyabrın 10-dək fasiləsiz şəkildə yolda olacaq. Avtomobilin hərəkəti zamanı müxtəlif şəhərlərdə pit-stop nöqtələrindən istifadə ediləcək. Bu məntəqələrdə avtomobilin texniki baxışı, yanacaq doldurulması və digər zəruri xidmətlər həyata keçiriləcək».
Onun sözlərinə görə, layihə müddətində avtomobillə bağlı müxtəlif viktorinalar da təşkil olunacaq və layihəni aktiv şəkildə izləyən iştirakçılara sponsorlar tərəfindən müxtəlif hədiyyələr təqdim ediləcək.
“Limitless Drive” layihəsi 7/24 formatında yayımlanacaq. Avtomobilin hərəkətini həm GPS sistemi, həm də “YouTube” platforması üzərindən canlı izləmək mümkün olacaq. Layihə çərçivəsində baş verən bütün prosesləri canlı şəkildə izləmək mümkün olacaq və proseslər şəffaf şəkildə həyata keçiriləcək", - deyə Kənan Əli əlavə edib.












