"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin icraçı direktoru Abas Miskərlinin adından saxta "Telegram" kanalı yaradılıb.
Bu barədə FED.az-a ASA-dan məlumat verilib.
Bildirilib ki, sözügedən "Telegram" kanalı ilə Assosiasiyanın hər hansı əlaqəsi və yaxud əməkdaşlığı yoxdur.
"Hazırda həmin saxta kanal vasitəsilə İcraçı direktorun adından həqiqəti əks etdirməyən və ictimaiyyəti yanlış istiqamətləndirə biləcək müxtəlif məlumatlar paylaşılır. İctimaiyyətin və media nümayəndələrinin diqqətinə çatdırırıq ki, qeyd olunan "Telegram" kanalında yayılan məlumatlara istinad edilməməsi və bu məlumatların rəsmi mövqe kimi qəbul olunmaması xahiş olunur", – məlumatda qeyd edilib.
ASA vurğulayıb ki, A.Miskərli və Assosiasiyanın fəaliyyəti ilə bağlı rəsmi və etibarlı məlumatlar yalnız qurumun rəsmi kommunikasiya kanalları vasitəsilə yayımlanır.
Həmçinin saxta hesab və kanalların yaradılması, eləcə də onlar vasitəsilə ictimaiyyətə yanlış məlumatların ötürülməsi ilə bağlı zəruri tədbirlərin görülməsi istiqamətində müvafiq işlərin aparıldığı bildirilib.
Assosiasiya media nümayəndələrini və ictimaiyyəti yalnız rəsmi mənbələrdən yayılan məlumatlara istinad etməyə çağırıb.
















