Azərbaycan hökuməti Monteneqro şirkətlərini Azərbaycana yatırım etməyə dəvət edib.
FED.az xəbər verir ki, bu məsələ dekabrın 20-də maliyyə naziri, Azərbaycan və Monteneqro Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Sahil Babayevin Azərbaycanda səfərdə olan Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviçin rəhbərik etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə edilib.
Görüşdə bildirilib ki, 2026-cı ilin martında iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək. Həmin iclasda ticarətin şaxələndirilməsi, qeyri-neft sektoruna investisiyalar, yaşıl enerji, turizm, infrastruktur və kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlığa dair geniş məsələlər müzakirə ediləcək.
Görüşdə ticarət və investisiya məsələləri də müzakirə olunub, maliyyə naziri Monteneqro şirkətlərini Azərbaycanda sənaye zonaları və digər prioritet sahələrdə investisiya imkanlarından yararlanmağa dəvət edib.
Monteneqro tərəfi də iqtisadi, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu bildirib.











