Koronavirus pandemiyası fonunda 2020-ci ildə dünyada birbaşa xarici investisiyaların həcmi 42% azalaraq 859 mlrd. ABŞ dolları təşkil edib.
Eləcə də bax: Neft Fondunun Avrasiya ölkələrinə investisiyaları - Azalıb
FED.az xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında deyilir.
Qeyd olunur ki, 2019-cu ildə birbaşa xarici investisiyanın həcmi 1,5 trln. dollara çatıb. Beləliklə, 2005-ci ildən bəri ilk dəfə xarici investisiyalar 1 trln. dollardan az olub.
"Sonuncu dəfə analoji azalma ötən əsrin 90-cı illərində qeydə alınıb", - hesabatda bildirilir.
UNCTAD-ın mütəxəssisləri vəziyyətin 2021-ci ildə yaxşılığa doğru dəyişəcəyini, lakin COVID-19 təhlükəsinin aradan qaldırılması perspektivləri ilə bağlı qeyri-müəyyənlik üzündən xarici investisiyaların həcminin aşağı qalacağını proqnozlaşdırırlar.
Birbaşa investisiyalardakı ən böyük azalma (69% – 229 mlrd. dollaradək) inkişaf etmiş ölkələrdə qeydə alınıb.
Məruzədə Avropa ölkələrindəki investisiyaların əhəmiyyətli dərəcədə azaldığı da qeyd olunur. Belə ki, Avropa regionunda birbaşa xarici investisiya axını 67% azalaraq 4 mlrd. dollara düşüb. (Apa)