İndiyə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 6,3 milyard ABŞ dolları, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1,2 milyard ABŞ dolları investisiya qoyub.
Eləcə də bax: "Avropa şirkətləri 9 ildə Azərbaycana 20 milyard dollardan çox investisiya qoyub"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Udmurtiyanın ixrac və investisiya potensialının təqdimatına həsr edilmiş tədbirdə bildirib.
"Rusiya ölkəmizə investisiya qoyuluşunun 5 milyard dolları neft, 1,3 milyard dolları isə qeyri-neft sektoruna yönəldilib. Azərbaycanın qonşu ölkəyə investisiya qoyuluşu isə demək olar ki, tamamilə qeyri-neft sektorunun payına düşüb", - deyə o, qeyd edib.
Nazir müavini həmçinin deyib ki, Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir: "2021-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard ABŞ dolları olub. Bunun 2,1 milyard dolları Rusiyadan idxalımızın, 0,921 milyard dolları isə bu ölkəyə ixracımızın dəyəridir. Ötən il Rusiya ilə ticarət xarici ticarət dövriyyəmizdə 8,83% paya malik olub. O cümlədən qonşu ölkənin idxalımızda payı 17,72%, ixracımızda payı isə 4,15% təşkil edib. 2020-ci illə müqayisədə Rusiya ilə ticarət 12,1%, bu ölkəyə ixrac 29,8%, bu ölkədən idxal isə 5,7% artıb".
"Rusiya şirkətləri indiyə qədər 273,9 milyon ABŞ dolları dəyərində 68 layihədə podratçı qismində iştirak edib. Ölkəmiz Rusiyanın müxtəlif regionları ilə ticarət-iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir və biz bu tendensiyanı hər iki ölkənin dövlət başçılarının dəstəkləməsindən məmnunuq. Fürsətdən istifadə edərək, bu gün buraya toplaşan biznes ictimaiyyətinin nümayəndələrini fəal olmağa, ticarət və investisiya əməkdaşlığı üçün yeni imkanlar yaratmağa çağırıram", - deyə N.Səfərov əlavə edib. (Report)