Dünya ölkələrində, eyni zamanda Azərbaycanda tikinti materiallarının bahalaşması artıq bir neçə ildir davam edən ümumi iqtisadi tendensiyadır. Bu proses tikinti sektorunun maya dəyərinə birbaşa təsir etdiyindən, mənzil bazarında da qiymət dinamikasında özünü ciddi şəkildə büruzə verir.
Bakıda evlər ən çox bu ərazilərdə bahalaşır - ÜNVANLAR
FED.az xəbər verir ki, tikinti üzrə ekspert Anar Qurbanov bildirib ki, bahalaşmanın təsiri əsasən üç istiqamətdə özünü göstərir.
“İlk növbədə yeni tikilən binalarda qiymətlərin artmasında özünü göstərir. Belə ki, mənzil tikmək üçün istifadə olunan sement, polad, blok, boya və digər materialların qiyməti qalxdıqda, tikinti şirkətləri xərclərini ödəmək üçün mənzillərin satış qiymətini artırır. İkinci əsas faktor ondan ibarətdir ki, yeni tikililərdə qiymətlərin bahalaşması alıcıları köhnə mənzillərə yönəldir. Artan tələb köhnə mənzil bazarında da qiymətlərin yüksəlməsinə səbəb olur. Ən nəhayət, təmir xərclərinin bahalaşması yekunda satılan mənzillərin qiymətini bahalaşdırır”, - deyə Anar Qurbanov vurğulayıb.
Ekspert, həmçinin əlavə edib ki, Bakı şəhərində tikinti qiymətlərinin bahalaşmasına təkcə materialların qiymətinin artması yox, həm də bir çox makroiqtisadi amillər də təsir edir: “Dövlətimiz mənzil tikintisi proqramları çərçivəsində sosial və ucuz mənzil layihələri həyata keçirərək bazarda əlçatan mənzil təklifini artırır. Bu, gənclər və aşağıgəlirli ailələr üçün ipoteka, güzəştli kredit və kirayə mənzil imkanları yaradır ki, bunlar müsbət addımdır”. (Azərtac)









