Azərbaycanın əsrarəngiz təbiətində, iqlimində, qonaqpərvərliyində Masallı rayonunun məxsusi payı var. Münbit hava şəraiti bu rayonun kənd təsərrüfatı təmayüllü olmasıyla yanaşı, əlverişli turizm məkanına çevrilməsinə də imkan verir. Rayon Lənkəran ovalığı və qismən Talış dağlarında cəmlənib. Masallı rayonu Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonları ilə həmsərhəddir. Şərqdə Xəzər dənizi, Qərbdə isə Talış dağları, Burovar silsiləsi ilə həmsərhəddir. Mineral və geotermal mənbələri var. Ən böyük çayı Viləşdir. Meşələrin ümumi sahəsi 16,9 hektardır.
Qədim yaşayış məskəni
Hələ 15-20 min il əvvəl qədim insanların məskunlaşdığı Masallı rayonu bu gün də aktiv əmlak bazarı ilə ən yaxşı yaşayış məntəqələrindən biri olduğunu sübuta yetirir. Qədim adət-ənənərlərimizin qorunub saxlandığı bu rayonun bir sıra spesifik xüsusiyyətləri də var. Turizm bölgəsinə çevrilməsinə baxmayaraq yerli sakinlər torpaq alqi-satqısını daha çox öz aralarında, yəni kənd sakinləri arasında həyata keçirməyə üstünlük verirlər. Masallı sözünün coğrafi adının meydana gəlməsində də "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər.
Qədim tarixə, zəngin mədəniyyətə malik, intellektual səviyyəsi yüksək olan Masallıya maraq son zamanlar artmağa başlayıb. Paytaxt Bakı ilə arasındakı məsafənin elə də çox olmaması, yeni çəkilən avtomagistral rayona gediş-gəlişi artırıb. Daha çox məskunlaşma Masallı şəhərinin özündədir. 1 yanvar 2014-cü il tarixinə rayonun əhalisi 211,9 min (1 km²-ə 294 nəfər düşür) nəfərdir.
Evlərin qiyməti və icarə
Rayonun mərkəzində 2 doqquz mərtəbəli, 5 beş mərtəbəli, 10 dörd mərtəbəli yaşayış binası var. Sakinlərin əsas məşğulluq sahəsi bostançılıq, bağçılıq olduğundan hündürmərtəbəli binalara ehtiyac azdır. Bina evlərindəki mənzillərin qiyməti arasında fərq də o qədər böyük deyil. Orta təmirli birotaqlı mənzili 10-15 min manat arası almaq olar. 2 otaqlı mənzillərin qiyməti 15-25 min, 3 otaqlı mənzillərin qiyməti 25-30 min manat, 4 otaqlı mənzillərin bazardakı qiyməti isə 30-35 min manat arasında dəyişir. Avrotəmirli 4 otaqlı mənzilləri 40 min manatdan yuxarı təklif edənlər də var.
Rayonun mərkəzi küçəsi olan Heydər Əliyev prospekti boyunca yerləşən evlərin qiyməti digər ərazilərə nisbətən daha bahadır. Bina evlərində kirayə mənzillərə tələbat elə də çox deyil. Bununla yanaşı 1 otaqlı mənzilin aylıq kirayə haqqı 100 manatdır. Amma 4 otaqlı və özü də hər cür təchizatı və müasir standartlara uyğun təmirli mənzilləri aylıq 500 manata təklif edənlər də var. Günlük evlər burda da dəbdədir. Sutkalıq qiymətlər 60 manatdan başlayır.
Obyektlərin icarə qiymətləri fərqlidir
Rayonun mərkəzində qeyri-yaşayış obyektlərinin icarəsi də ətraf yerlərə nisbətən yüksəkdir. Qiymətlər obyektin sahəsindən və vəziyyətindən asılı olaraq 200 manatdan 2 min manatadək dəyişir. Məsələn, 30 kvadratmetrlik bir sahəni aylıq 200-250 manata icarəyə götürmək olar. Rayonda yeni açılan ASAN Xidmət də əmlakların qiymətinə təsir edib, xidmətin ətrafındakı əmlakların qiyməti və icarəsi digər yerlərlə müqayisədə bahadır.
Heydər Əliyev prospekti böyük bir ərazini əhatə edir. Seybətin kəndindən Olimpiya Kompleksinə qədər, həmçinin rayon bazarının ətrafı aktiv bazar coğrafiyası sayıla bilər. Amma buna baxmayaraq «yanar əllə» daha ucuz qiymətlə ev almaq mümkündür. Məsələn, H.Əliyev parkından 100 m məsafədə yerləşən 250 kvm sahədən ibarət olan 5 otaqlı fərdi ev cəmi 25 min manata satışa çıxarılıb. Ev orta təmirlidir, suyu, qazı, işığı daimidir, çıxarışı var və 15 ildir ki, heç kim yaşamır.
Pay torpağını 100 manata icarəyə götürmək olar
Masallı rayonunda 36 bələdiyyə fəaliyyət göstərir. Kəndlərdə bələdiyyə torpaqları ilə yanaşı əhalinin pay torpaqları da var. Zonalar üzrə təsərrüfat müxtəlifliyi burda yararlı torpaq sahələrinin çoxluğundan xəbər verir. Masallıda çiyələk tarlasından tutmuş tərəvəzlərə, sitrus meyvələrinə kimi becərmək imkanı var. Təzə Alvadi, Çaxırlı, İsgəndərli yaşayış məntəqələrində çiyələk tarlaları göz oxşayır. Burada tarlanın bir hektarını almaqla yanaşı icarə götürmək də mümkündür. Əlverişli icarə müqaviləsi üçün bir il ərzində bir hektara cəmi 100 manat pul ödəmək lazım olacaq. Satlıq qiymətə gəlincə isə burda torpağın 1 sotunun qiyməti cəmi 50 manat təşkil edir. Rayonun Qızılağac, Viləş, Hüseynhacılı, Öncəqala, Səmidxamlı, Həsənli kəndlərində isə taxilçılıq, meyvə-tərəvəz əkini daha populyardır. Qiymətlər çiyələk tarlalarının qiymətinə bərabərdir.
Son zamanlar rayonda sitrus meyvələrinin yetişdirilməsinə böyük diqqət ayrılıb. Bu sahə digərlərindən daha gəlirli hesab olunur. Kolatan kənd sakinlərinin bağçılığa maraqları hələlik bazara məhsul çıxarmaqla və satışdan əlverişli qazanc əldə etməklə məhdudlaşır. Yaxın zamanlarda bu cür rentabelli bağlara bazarda tələbin təklifi üstələyəcəyini proqnozlaşdıranlar da az deyil.
Rayonun mərkəzində pay torpaqlarının qiyməti daha yüksəkdir. Burada 1 sot topağı 2 min manata almaq mümkündür. Orta qiymət isə 1500 manat təşkil edir. Bu qiymət yalniz üstündə tikili olmayan pay torpaq sahələrinə aiddir. İçində fərdi evi olan normal sahəni 30 min manatdan başlayaraq 100 min manatadək təklif edirlər. Uzaq kəndlərdə, əsasən də aran zonalarında fərdi yaşayış evinin tikilməsi üçün pay torpaqlarının sotu 400-500 manata satılır. İstirahət zonalarında, əsasən də Masallı-Yardımlı yolunun üstündə, şəlaləyə yaxın ərazilərdə qiymətlər tam fərqlidir. 2 mindən tutmuş 5 min manatadək təkliflərlə rastlaşmaq olar.
Obyektin pulunu hissə-hissə ödəmək olar
Magisrtal yol kənarında yerləşən 8 mağazadan ibarət tam təmirli kommersiya obyekti 231 min manata satışa çıxarılıb. Daşınmaz əmlak rayonun Həzi Aslanov küçəsində yerləşir. Müştərilərə pulu hissə hissə ödəmək imkanı da verilir. Obyektin dükanlarının icarəsinin ümumi dəyəri isə 1000 manat təşkil edir.
Masallının Xəzər dənizi sahillərində sovet dövründən qalma fermalar mövcuddur. Bəzi quşçuluq fermalarının konstruksiyası yenilənsə də, onlara tələbat elə də çox deyil. Əvəzində Masallıda iaşə obyektlərinə maraq böyükdür. Dəniz sahilində yerləşməsə də, adı “Xəzər” olan istirahət mərkəzinin turizm movsümündə satışa çıxarılması bu sahə ilə məşğul olan sahibkarların diqqətini mütləq cəlb edəcək. 30 sot sahəsi, 2 min kv m ümumi tikilisi olan məkan 500 min manata satılır. Obyekt İskəndərli kəndində Həzi Aslanov küçəsində yerləşir.
Şəfalı «İstisu» ətrafında əsl əmlak bazarı
Masallı qədim qalaları, Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri, büllur bulaqları ilə bura gələnləri valeh edir. Respublikanın ən böyük və ən zəngin qoruqlarından olan Qızılağac Dövlət Təbiət Qoruğu əsasən Qızılağac körfəzi və "Pirman" adlanan sahələrdə yerləşir. Qoruqda adları "Qırmızı kitab"a düşən quşlar və vəhşi heyvanlar var. Termal suları isə xüsuslə məşhurdur. Masallının “İstisu” müalicəvi istirahət məkanına üz tutanların sayı ilbəil artır. Bu isə həmin ərazidə evlərin kirayə verilməsinə əlverişli şərait yaradır. Ərazidə yay aylarında tələbin təklifi üstələməsi qiymətlərin artımına ciddi təsir edir. Payız mövsümündə 2 mərtəbəli 4 otaqlı 100 kvm sahəsi olan ela təmirli villanı cəmi 80 manata kirayələmək mümkün idisə, yaz-yay mövsümündə bu rəqəm ikiqat artaraq 150 manatdan aşağı deyil.
İstirahət mərkəzlərindəki kotejlərdə isə adambaşına bir gecəni 25 manata qalmaq olar. Burda taxta kosntruksiyalı kotejlər üstünlük təşkil edir. Daha gözəl şərait təklif edən məkanlarda bir gecə bir nəfər üçün 65 manatdır. Qiymətindən asılı olmayaraq turizm mövsümündə bura gələnlər üçün başlıca məsləhət – gecələmək üçün yeri əvvəlcədən sifariş etməkdir. İstirahət mərkəzlərinin satışına Masallıda az təsadüf edilir. Bu, həmən topraqların Meşə Fonduna aid olmasından irəli gəlir. Ona görə də fəaliyyətdə olan istirahət məkanlarının demək olar ki, hamısı icarəyə götürülüb.