“RecExpo III” sərgisində 14 ölkədən 150-dən çox tikinti və investisiya layihəsi təqdim ediləcək.
FED.az xəbər verir ki, bu barədə “RecExpo III” – Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə bağlı noyabrın 27-də keçirilən mətbuat konfransında Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) şöbə müdiri Qulu Xəlilov məlumat verib.
O bildirib ki, noyabrın 28-dən 30-dək Bakı Ekspo Mərkəzində təşkil olunacaq sərgini ƏMDK, “Elan Expo” və “Atılım Fuarcılık”ın birgə keçirəcək. Sərgidə 14 ölkədən - Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Birləşmiş Krallıq, Portuqaliya, Fransa, İspaniya, Polşa, İtaliya, Rusiya, Andorra və Gürcüstandan 70-ə yaxın şirkət iştirak edəcək.
Sərgi çərçivəsində “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda Almaniya, Yunanıstan, Türkiyə, BƏƏ, Belarus, Birləşmiş Krallıq, Polşa, Macarıstan, Portuqaliya, İspaniya və digər ölkələrdən, eləcə də xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirliklərindən, beynəlxalq təşkilatlardan, yerli və xarici biznes qurumlarından, bələdiyyələr və mərkəzi icra hakimiyyəti orqanlarından 100-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur.
Qeyd olunub ki, sərgiyə ziyarətçilərin daşınması üçün xüsusi avtobuslar ayrılıb. Avtobuslar sərgi keçirilən müddətdə səhər saat 10-dan etibarən hər saatdan bir metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığından (“Mcdonalds”la üzbəüz) Bakı Ekspo Mərkəzinə və əks istiqamətdə sərnişinlərin pulsuz daşınmasını həyata keçirəcək.