Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaqların üst münbit qatının qanunsuz daşınması və bununla da torpaqların korlanmasının qarşısının almaq üçün tədbirləri davam etdirir. FED.az xəbər verir ki, oktyabrın 10-da Qaradağ rayonunda keçirilib.
“Meyvəli bazar” adlı kənd təsərrüfatı məhsullarının satış mərkəzinin yaxınlığında, 5 hektara yaxın torpaq sahəsində kvarc qumunun kərpic və sement istehsalında istifadə olunması məqsədilə ağır texnika vasitəsilə daşınması faktı aşkar olunub.
Məlum olub ki, torpaqlar dövlət nömrə nişanı 32 T 053 olan Ekskvator, 99 XV 053 nömrəli Ford, 99 483, 90 ON 054, 10 JZ 463 və 90 JZ 144 nömrəli Şaqman markalı avtomobillərlə daşınır. Torpaq daşınmasının qarşısı müfəttişlər tərəfindən görülmüş zəruri tədbirlər nəticəsində alınıb, texnika ərazidə saxlanılıb.
Belə qanunsuzluqların qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsində cərimələr, Cinayət Məcəlləsində isə azadlıqdan məhrum etmə cəzası müəyyən olunub. Torpaqların münbit qatını korlayan fiziki şəxsləri 600 manatdan 1000 manatadək, vəzifəli şəxsləri 2000 manatdan 3000 manatadək, hüquqi şəxsləri isə 6000 manatdan 8000 manatadək cərimə gözləyir.
Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu istiqamətdə işləri gücləndirilmiş rejimdə davam etdirəcək. Bakı və regionlarda torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları ilə bağlı torpaq müfəttişləri tərəfindən mütəmadi monitorinqlər və torpaq reydləri aparılacaq. Həmçinin komitə bu sahədə qanuna zidd hərəkətlərin azaldılması və qarşısının alınması məqsədilə maarifləndirici təbliğat işlərini də genişləndirəcək.
“Meyvəli bazar”ın yanında reyd keçirilib
18:21
10 Okt 2018