Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov avqustun 25-də Ağsuda vətəndaşların müraciətlərini dinləyib.
Komitədən FED.az-a bildirilib ki, şəhərin Uşaq Gənclər İnkişaf Mərkəzində keçirilən qəbulda Ağsu rayonu ilə yanaşı, Şamaxı və Qobustandan olan vətəndaşların da fərdi qaydada müraciətlərinə baxılıb.
ƏMDK-nın müvafiq struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbulda səslənən müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən fərdi həyət evi, bələdiyyələr tərəfindən müxtəlif məqsədlərlə ayrılmış torpaqlar, vaxtilə verilmiş pay torpaqlarının sənədləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar olub. Eyni zamanda, torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı müraciətlər də ünvanlanıb.
Qəbul zamanı bütün müraciətlər və qaldırılan məsələlər komitə sədri tərəfindən diqqətlə dinlənilib. Bir neçə vətəndaşın müraciətləri elə yerindəcə həll edilib. Digər müraciətlərdə əks olunan məsələlərin araşdırılaraq həll olunması barədə müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib. Komitənin fəaliyyət sahələrinə aid olmayan məsələlərə dair müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndəriləcəyi barədə vətəndaşlara məlumat verilib.
K.Həsənov daşınmaz əmlakla bağlı göstərilən bütün xidmətlərdə əlçatanlıq, şəffaflıq və məmnunluq prinsiplərinin təmin olunması üçün geniş formatda işlərin aparıldığını bildirib. Qeyd edib ki, vətəndaş-məmur ünsiyyəti olmadan, optimal formada elektron müstəvidə daşınmaz əmlaka dair çıxarışların verilməsi vaxt itkisini minimuma endirir, vətəndaşların rahatlığını təmin edir. Bu layihə təqdim olunmağa başladığı vaxtdan etibarən 5 minə yaxın vətəndaş elektron çıxarışla təmin edilib.
Qeyd edilib ki, komitə fəaliyyət istiqamətləri üzrə yaranan sualların tez bir zamanda cavablandırılması kimi məsələlərə xüsusi diqqətlə yanaşır. Bu məqsədlə komitənin “193” vahid “Çağrı mərkəzi” vətəndaş müraciətlərinin çevik cavablandırılmasını, operativ araşdırılmasını və bu işlərin daha rasional aparılmasını təmin edir. Eyni zamanda, komitənin sosial şəbəkələrindəki rəsmi səhifələri də yaranan sualların tez bir zamanda cavablandırılması üçün əhəmiyyətli vasitədir.
Bildirilib ki, komitə tərəfindən ölkənin müxtəlif şəhər və rayonlarında “Kütləvi çıxarış” və “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi kampaniyalar reallaşdırılır. Bu sosial əhəmiyyətli layihələr nəticəsində vətəndaşlara olduqları məkanda operativ formada daşınmaz əmlakla bağlı qeydiyyat xidmətləri göstərilir.
Ağsunun torpaqların elektron kadastr sistemi işlərinin yekunlaşdığı rayonlardan biri olduğunu diqqətə çatdıran komitə sədri bu sistemin gələcəkdə bütün ölkə və müvafiq bölgə üçün əhəmiyyətindən danışıb. Bildirilib ki, elektron kadastr sisteminin tətbiqi rayonda torpaqların elmi əsaslarla idarə olunmasına, onların daha səmərəli istifadəsinə şərait yaradacaq.
Qəbul çərçivəsində komitə sədri fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun, çevikliyin, əlçatanlığın, şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə ƏMDK-nın ərazi idarələrinin, tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib. Bildirib ki, əhalinin müraciətləri operativ həll olunmalı, qanunvericilik çərçivəsində vətəndaş maraqları təmin olunmalıdır. Sonda vətəndaşlar razılıqlarını ifadə ediblər.