Dünyanın biznes və əmlak mərkəzlərindən olan Dubayın əmlak bazarı ikinci baharını yaşayır. Bütün dünyada alıcılar və sadəcə burada yaşamaq istəyənlər Dubaya axışır. Hər gün əhali 1000 nəfər artır, əmirliyin tikinti sektoru isə bu axını qarşılaya bilmir.
FED.az xəbər verir ki, «ValuStrat» konsaltinq şirkətinin məlumatına görə, Dubayın daşınmaz əmlak bazarı mənzillərə indiyədək görünməyən tələbatla üzləşib. Əhalinin sürətli artımı əmirlikdə tikinti sektorunun sürətini qabaqlayır və əlçatan mənzil qıtlığı yaranır.
Belə ki, 2025-ci ilin martın sonuna Dubay əhalisinin sayı 3,92 milyon nəfərə yüksəlib. Bu 1-ci rübdə əhalinin 90 min nəfər, və ya gündə 1000 nəfər artması deməkdir. Müqayisə üçün bildirək ki, bütün 2024-ci ildə Dubayın əhalisi 170 min nəfər artmışdı, gündə 500 nəfər. Əhalinin belə sürətlə artımı tikinti sepktoruna böyük təzyiq yaradır və ev qıtlığına səbəb olur.
«ValuStrat» şirkətinin idarəçi direktoru Xayder Tuayma bildirir ki, alıcılar və icarəçilər onlara lazım olan mənzilləri getdikcə daha çətinliklə tapırlar. Bazar elit seqmentə tərəf inkişaf edir və əlçatan mənzillər sürətlə azalır.
FED.az xəbər verir ki,«ValuStrat»ın araşdırmalarına görə, Dubayın daşınmaz əmlak bazarı bütün əmlak növlərində qiymət artımı nümayiş etdirir. Burada son bir ildə mənzillər 21,4%, villalar isə ümumiyyətlə 30% bahalaşıb. İcarə haqları da sürətlə artır, mənzillər üçün 10%, villalarda isə 5%.
Bahalaşmanın səbəbi tələb və təklif arasındakı böyük fərqdir. Belə ki, son illər Dubayda tikinti sektoru zəifləmiş, istifadəyə verilən mənzillərin sayı azalmışdı. 2024-cü ildə Dubayda 27 min mənzil istifadəyə verilmişdi. Bu son 6 ildə ən aşağı göstəricidir. Halbuki əhali bundan qat-qat artıq sürətlə çoxalır.
Bir tərəfdən də dövlət ölkəyə gələn insanların sayını artırmaq üçün yeni proqramlara başlayır. Bura pensiyaçılar üçün vizalar və məsafədən işləyənlərə dəvət kimi addımlar aiddir.
2025-ci ildə isə Dubayda 62 minə yaxın əmlak istifadəyə veriləcək. Bunların 70%-i mənzillər, 30% isə villa və taunhauslardır.
FED.az xəbər verir ki, hazırda Dubayda 141 min mənzilin və 30 minə yaxın villanın tikintisi davam edir. Onların əksəriyyəti artıq 2029-cu ildə başa çatacaq. Əsas layihələr «Jumeirah Village Circle» (12%), «Business Bay» (7%) və «Jumeirah Lakes Towers» (5%) ərazilərində həyata keçirilir.
Bununla yanaşı, analitiklər bildirir ki, son aylar Dubayda satışlar yenidən azalmağa başlayıb. Buraya əmlakın həm bir başa həm də ipoteka ilə satışı aiddir. Xayder Tuayma bildirir ki, gələcəkdə bu addım, qiymətlərə də təsir edə bilər.