Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti şirkətlərinə müraciət edərək “Bir pəncərə” elektron sisteminin imkanlarından yararlanmağa çağırıb.
Eləcə də bax: Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti şirkətlərinə - MÜRACİƏT EDİB
FED.az xəbər verir ki, bu barədə komitənin açıqlamasında deyilir.
Açıqlamada xatırladılır ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Bir pəncərə” elektron müraciət sistemi var, bu sistem şəffaflığı və istifadədədə rahatlığı sayəsində tikintiyə və istismara icazənin alınması presedurunu əhəmiyyətli dərəcədə asanlaşdırıb, məmur-sahibkar ünsiyyətini minimuma endirərək iş adamlarının əlavə vaxt itkisinin qarşısını alıb.
Komitə iş adamlarına müraciət edərək bildirib ki, ölkədə tətbiq edilən koronavirus (COVID-19) karantini rejimi ilə əlaqədar olaraq komitənin www.birpencere.arxkom.gov.az internet səhifəsi vasitəsilə “Bir pəncərə” elektron müraciət sistemindən istifadə etsinlər.
«Komitə tərəfindən təmin edilmiş bu imkan sayəsində tikinti niyyəti olan hər bir iş adamı olduğu yeri tərk etmədən “Bir pəncərə” sisteminə internet vasitəsilə elektron qaydada müraciət edərək Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə icazəni 15 iş günü müddətində, istismarına icazəni isə 10 gün müddətində onlayn əldə edə bilər. Bu növ tikinti obyektləri üçün hər iki icazə pulsuzdur və sifarişçi tərəfindən hər hansı ödənişin edilməsi tələb olunmur».
Komitə bildirir ki, həmin sistem vasitəsilə təkcə ekspertiza tələb olunmayan deyil, ekspertizasının keçirilməsi tələb olunan tikinti obyektlərinin də istismarına icazə almaq mümkündür. İstənilən istifadəçi sistemdə şəxsi kabinetə daxil olmadan “kalkulyator” bölümündən tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı baxışın keçirilməsinə görə xidmət haqqını öyrənə bilər. Bunun üçün sistemdə göstərilən xəritədə zonalar üzrə seçim edilir, obyektin sahəsi qeyd olunur və əmsal müəyyənləşərək məbləğ çıxarılır. Tikinti sifarişçiləri tələb olunan sənədləri yükləyərək müraciəti tamamlayır və istismara icazə ilə bağlı bu müraciətə 20 gün müddətində baxılır.
Eyni zamanda, “Bir pəncərə” sistemi xidmətin göstərilməsi üçün tərəflər arasında müqavilənin elektron formada imzalanmasına və sifarişçinin onlayn ödəniş etməsinə də imkan verir. Bütün prosedur başa çatdırıldıqdan sonra icazə sənədi elektron formada təqdim olunur.