Diqqət: Bu material FED.az-ın məhsuludur və onun başqa saytlarda dərc edilməsi qadağandır.
Koronavirus pandemiyasının yaratdığı əsas problemlərdən biri də karantin tədbirləri və hərəkə məhdudiyyət qoyulmasıdır. Xüsusilə yay aylarında hərəkətin qadağan edilməsi ənənəvi yay istirahətini faktiki olaraq mümkünsüz edir.
Tələbə yataqxanası tikmək neçəyədir? – HESABLAMA, MƏBLƏĞ
FED.az ƏMLAK BAZARI xəbər verir ki, binalarda yaşayanlarla müqayisədə həyət evi sahibləri daha üstün durumdadırlar. Burada həyətdə daha yaxşı vaxt keçirmək miümkündür. Amma hətta həyət evlərində də elə bir unikal istirahət və əyləncə məkanı var ki, çoxları bundan xəbərsizdir və ya bu barədə heç fikirləşməyib.
Tikinti işi üçün lisenziyalar - KİMLƏRƏ LAZIMDIR - NECƏ ALINIR?
Burada çay süfrəsi açmaq, gözəl vaxt keçirmək, hətta dənizə getmədən də günəş vannası qəbul etmək mümkündür. Söhbət mənzilin ətrafında və ya evin damında istirahət sahələrinin - terrasların yaradılmasından gedir.
Terras nədir?
Terras - binaya bitişik məhəccərlə hüdudlanmış açıq meydança və ya aşağı mərtəbənin damında yerləşdirilmiş meydançadır. Başqa bir yanaşmaya görə, terras – böyük eyvan deməkdir. İstənilən halda terras bütün ailənin sevimli yeridir: burada uşaqlar həvəslə oynayır, stol-stul qoyub nahar etmək, çay süfrəsi açmaq və ya sadəcə istirahət etmək mümkündür.
Bakıdan 1 saatlıqda əmlak bazarı – SALYANDA DAŞINMAZ ƏMLAK
7 möcüzədən biri
Terrasların tarixi bir neçə min əvvələ gedib çıxır. Dünyanın 7 möcüzəsindən sayılan Samiramidanın asma bağlarını da terrasların nümunələrindən biri saymaq olar. İndiki terraslar da asma bağların müasir formasıdır.
Terrasların vətəni Aralıq dənizi ölkələri sayılır. İsti iqlim, dənizə və dağlara açılan əla mənzərələr – bütün bunlar açıq hissələri olan evlərin tikintisinə imkan yaradıb. Kipr, Malta, Yunanıstan, İspaniya, İtaliya, Fransa və başqa ölkələrdə iri terraslı evləri hələ bir neçə əsr əvvəl tikməyə başlayıblar.
Nəticədə bu ərazilərdə yaşayanların böyük hissəsi evdəki vaxtının çoxunu evdə yox, qat-qat faydalı olan açıq havada keçirir. Vaxt keçdikcə terraslar nisbətən soyuq ərazilərdə də tikilməyə başladı – amma onların nə gözəlliyi, nə də praktikliyi azalmayıb.
Terraslar təkcə isti ölkələr üçün deyil
İsti ölkələrdən fərqli olaraq şimalda terraslar o qədər də dəbdə deyil. Amma burda da ondan istifadəni asanlaşdıran üsullar tapılıb. Üstü bağlı və ya şüşə ilə əhatələnən terraslar Qərb ölkələrində geniş yayılıb. Nyu-York, London və başqa iri şəhərlər terraslarla zəngindir. Elə Bakıda da yeni tikilən elit komplekslərin əksəriyyətində bu və ya digər formada terras nəzərdə tutulub. Terraslar hətta soyuq Skandinaviyada da populyardır. Məsələn, sərt iqliminə baxmayaraq Norveçdə terraslar geniş yayılıb. Onların əksəriyyətindən meşə və dağlara gözəl mənzərə açılır.
Damda kabab qonaqlığı
Terraslar evin və ya binanın damında da yerləşə bilər. Bu zaman ev sahibləri mənzilin sahəsindən başqa, istirahət üçün əlavə geniş sahə əldə edə bilərlər. Bu faktiki olaraq evin sahəsinin xeyli genişlənməsidir. Terrasların sahəsi və forması ilə bağlı hər hansı qayda yoxdur –onlar bir neçə kvadratmetrdən 200-300 kvadratmetrədək böyüklükdə ola bilərlər - necə rahatdır elə də yaratmaq olar.
Terrasın üstünlükləri təkcə romantika ilə bitmir – əlbəttə, eyvanda oturub dənizi, şəhərin gözəlliklərini və ya küçələri yuxarıdan seyr etmək əladır. Amma iri sahənin digər faydaları da mövcuddur. Terraslarda çoxlu maraqlı ideyaları reallaşdırmaq mümkündür. Məsələn, bura kiçik bağça düzəltmək üçün əla yerdir. Dibçəkdə yetişən ağac və güllər bura gözəllik gətirər. Stol-stul yerləşdirib nahar etmək, çay içmək, kabab çəkmək, sadəcə kitab oxumaq və ya təklikdə qalmaq şəhər həyatında əksər hallarda mümkün olmayan rahatlıqlardır.
Terrasda trenajor yerləşdirib idmanla məşğul olmaq, tennis və ya bilyard stolları da qoymaq olar. Yayda isə terrasda yığılıb açılan hovuz qoymaq, lap dəniz sahilində olduğu kimi gün çətirinin altında günəş vannası qəbul etmək mümkündür. Nə qədər qəribə görünsə də, terrasda qışda da faydalanmaq olar – burada qurulan və al-əlvan işıqlarla bəzədilmiş bayram yolkasını nəinki qonşular, az qala şəhərin yarısı görəcək.
Yaşıl hasar
Əgər ev sahibi özünü kənar gözlərdən gizlətmək və əsl rahatlıq yaratmaq istəyirsə, bitkilərdən sıx divar yaratmalıdır. Adətən terraslar perqollarla – sarmaşıq bitkilərin inkişafı üçün istifadə olunan çərçivələrlə hasarlanır. Yayda belə hasarlar sərinlik gətirir, küləyin qarşısını alır və istirahət edənləri yad gözdən qoruyur.
Qeyd etmək lazımdır ki, terras heç olmasa qismən şüşələnibsə, məhəccərə və ya taxta hasara malikdirsə, bu sahəni kiçik göstərəcək. Buna görə də kiçik terrasları hasarlamaq məsləhət deyil. Mütəxəssislər kiçik terrasların perimetri boyunca dibçəklər düzməyi məsləhət görür.
Terraslara giriş çıxışın rahatlığı da mühüm şərtdir. Ən yaxşı variant terrasa qonaq otağı və ya mətbəxdən çıxışın olmasıdır.
Eləcə də terrasın iki tərəfinin evin divarları ilə əhatələnməsi də onun pis havaya və küləyə davamlığını artırır və kənar gözlərdən qoruyar,
Terras hara baxmalıdır
Terras yaradanda hökmən evin istiqamətini nəzərə almaq lazımdır – terras günəşli olmalıdır. Buna görə də ən yaxşı istiqamət cənub-şərq, cənub və ya cənub-qərb sayılır. Günəş şüaları həm evin sakinləri, həm də bitkilər üçün yaxşıdır. İsti yay günlərində günəşdən qorunmaq çətin deyil, bitkilər və ya çətir bunun öhdəsindən asanlıqla gələr. Əsas odur, soyuq olmasın. Hərçənd terrası daha yaxşı mənzərə olan tərəfə də quraşdırmaq olar.
Terras yaradanda bura düşən yağış sularının, eləcə də güllərin sulanması üçn istifadə olunan suyun axıb getməsini də düşünmək lazımdır. Bunun üçün terrasın əsas döşəməsini araları olan lövhələrdən qurmaq lazımdır.
Material və mebellər
Terras istirahət üçün yaradıldığına görə, buradakı bütün əşyalar və mebellər rahat olmalıdır. Stol-stul və skamyalar geniş və rahat olmalı, eyni zamanda yüngül olmalıdır ki, onun yerini asanlıqla dəyişmək mümkün olsun.
Çalışmaq lazımdır ki, terrasdakı mebellər açılıb-yığılan olsunlar, bununla yerə də qənaət etmək olar. Şezlonqlar isə təkərli olsa yaxşıdır ki, onun yerini asanlıqla dəyişmək mümkün olsun.
Terraslar açıq olduğuna görə, onun tikintisində və təmirində istifadə olunan bütün materiallar temperatura, rütubətə və günəş şüalarına davamlı olmalıdırlar.
Açıq terrasların öz qayğıları var. Onları daim təmiz saxlamaq – yayda toz-torpağı, payızda yarpaqları, qışda isə qarı təmizləmək lazımdır. Əks halda terras göz oxşamaqdan çox mənzərəni korlayan yerə çevriləcək. Bundan başqa, yağış və qar terrası istənilən kimi təchiz etməyə mane olur. Taxta əşyalar, kreslo qar-yağışın altında korlana bilər. Deməli yaya qədər onları haradasa saxlamaq lazım gələcək.
Sərfəli kvadratmetrlər
Eyvan və terraslar istənilən kurort evinin mühüm elementidir. Yaxşı terras sahibinə rahatlıq gətirməklə yanaşı, evin qiymətini də xeyli artıra bilər. Bu mənada terras təkcə rahatlıq yox, həm də sərfəli investisiyadır. Terraslı mənzil digərlərindən azı 20-30% bahadır.
Azərbaycanda terraslar geniş yayılmayıb
Böyük üstünlüklərinə, o cümlədən iqtisadi səmərəsinə baxmayaraq terraslar Azərbaycanda o qədər də geniş yayılmayıb. Baxmayaraq ki, ölkənin mülayim və günəşli iqlimi buna tamamilə imkan verir. Mütəxəssislər bunun səbəbini ölkədə müasir memarlıq mədəniyyətinin o qədər də inkişaf etməməsi ilə izah edirlər. Doğrudur, Azərbaycanın cənub bölgələrində yay vaxtı həyətdə istirahət yerləri qurulur. Amma, bunlar əvvəla, müvəqqətidir, ikincisi də, onlardan yalnız üzərində yemək və yatmaq üçün istifadə olunur. Gözlənilir ki, Azərbaycanda yeni tikinti layihələrinin və texnologiyalarının tətbiqi ilə fərdi evlərdə terraslara da maraq artacaq.