Paytaxt Bakıdan cəmi 1 saatlıq məsafədə yerləşən Salyan rayonunu ölkənin cənub və şərqinə gedən yolun demək olar ki, düz üstündədir. Əmlak Məsələləri Dövlət Xidmətinin «AzNav» mobil əlavəsi göstərir ki, Yasamaldan Salyana getmək üçün 132 kilometr qət etməlisən.
Eləcə də bax: Bakıda bağ evlərinin icarə qiymətləri artacaq - PROQNOZ
FED.az Salyanın daşınmaz əmlak bazarındakı vəziyyətlə bağlı araşdırmanı təqdim edir. Rayon Bakıya o qədər yaxındır ki, uzaq yola çıxanlar Salyanı nə vaxt keçdiyini hiss etmirlər. İndi bu yaxınlıq öz təsirini rayon iqtisadiyyatında və daşınmaz əmlak bazarında da göstərməyə başlayıb.
Karvan yollarının üstündə yerləşən tarix
Tarixi mənbələr göstərir ki, 1295-1304-cü illərdə Elxani hökmdarı, islamı qəbul etdikdən sonra Mahmud adını almış Sultan Məhəmməd Qazan xan 1295-ci ildə Kür çayının mənsəbində, indiki Salyanın yerləşdiyi ərazidə şəhər salııb və bura Qazan xanın şərəfinə Mahmudabad adlandırılıb. Zaman-zaman Muğan və Hüştəsfi adını alan şəhər sonradan Salyan kimi tanındı. Salyan elə yaranan gündən mühüm nəqliyyat yollarının üzərində yerləşir. Buradan Ərdəbilə, Təbrizə, Dərbəndə və başqa şəhərlərə balıq, kürü, Babazənən dağı yaxınlığından çıxarılan neft və duz ixrac olunurdu. Və bu karvanlar istər-istəməz Kür çayını keçməliydilər. O da məlumdur ki, həmin vaxtlarda Salyan ərazisində Kür çayı üzərindən heç bir körpü olmayib və çayı keçmək yalnız və yalnız “sal”, “bərə” vasitəsiylə mümkün olub. Böyük ehtimalla Salyan adı da salın, bərənin sahilə yan aldığı yer mənasında Salyan olub. Salyan şəhərində, Kür çayının sahilində hamının tanıdığı “Köhnə bərə ağzi” deyilən məhəllə bu gün də mövcuddur.
Ümumiyətlə, 1946-ci ildə birinci Salyan körpüsü istifadəyə verilənə qədər Salyanda Kür çayının üzərindən keçid yalnız sal və bərə vasitəsiylə mövcud olub.
Salyan rayonu - RƏSMİ STATİSTİKA
Hazırda Salyan rayonunun tərkibinə 1 şəhər, 2 qəsəbə, 48 kənd daxildir. 137,7 min nəfər əhalisi olan rayonda sıxlığa görə 1 kv.km-ə 86 nəfər düşür. Rayonun ərazisi isə 1,60 min kv.km-dir. Havanın temperaturu mülayim olaraq qiymətləndirlir. Orta temperatur qışda 8,5 °C, yayda isə 33,5 °C-dir.
Əmlak bazarında həftədə 3-5 əmlak satılır
Daşınmaz əmlak bazarının ekspertləri Salyan rayonunun daşınmaz əmlak bazarını o qədər də passiv saymırlar – həftədə təqribən 3-5 əməliyyat. Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi məlumatları da bu qənaəti təsdiqləyir. Dövlət Reyestrinin məlumatına görə, 2019-cu ildə Salyan rayonunda daşınmaz əmlakla ümumilikdə 2 426 əməliyyat aparılıb. Bunun 456-sı yenicə sənədləşdirilən əmlaklar, 1970-i isə alqı satqı və bağışlanmadır.
Rayonda hazırda ən çox tələbat 2-3 otaqlı mənzillərədir. Qiymət ərazidən asılı olaraq dəyişir, mərkəzi küçələrdəki mənzillər hər yerdə olduğu kimi bahadır. Ən çox alınan mənzillər isə 1-ci mərtəbədədir, onları alıb obyektə çevirirlər, buna görə də qiyməti yüksəkdir.
Salyanın «plastmass qəsəbəsi»
Salyan rayonunda 50-60 ədəd beşmərtəbəli yaşayış binası var. Plastik kütlə emalı zavodunun yerləşdiyi yerləşdiyi Əlövsət Quliyev küsəsi rayonda «Plastmass qəsəbə» adı ilə məşhurdur. «Qəsəbə» tamamilə 5 mərtəbəli binalardan ibarətdir və ən çox satılan da buradakı 2-3 otaqlı mənzillərdir. Mənzillərin qiyməti təmirdən asılı olaraq 15-30 min manat arasında dəyişir. 4 otaqlı mənzilləri də burda bəzi hallarda 30 min manata almaq mümkündür. Təmiri yeni və müasir olduqca isə 4 otaqlı mənzillərin qiymətində artım da olur. Bu binalarda mərtəbə amili də rol oynayır. 2,3 və 4-cü mərtəbələrə daha çox üstünlük verilir. 2019-cu ildə Salyanda 34 mənzil sənədləşdirilib, 125 mənzil alınıb satılıb.
Mərkəzdə fərdi evlər təqribən 50 min manatdır
Şəhərin mərkəzində isə Xəlil Rza Ulutürk, Yusif Qasımov, Azərbaycan və Məhərrəm Dadaşov küçələrində fərdi evlərin qiymətləri maksimum həddədir. Torpağın 1 sotu bu ərazilərdə 5-6 min manat arasıdır. 3 sot torpaq üzərində 100 kv metrlik sahədə bir evi 50 min manatdan aşağı qiymətə tapmaq mümkün deyil. Rəsmi məlumata görə, 2019-da Salyanda 177 fərdi ev sənədləşdirilib, 204-ü isə alınıb-satılıb.
Hazırda üstündə 700 kvm restoran tikilən 7 sot torpağı maklerlər 6-7 il əvvəl cəmi 6 min dollara satıblar. İndi isə torpağın qiyməti 200 min manatdan aşağı deyil. Mərkəzi küçələrdəki beşmərtəbəli binaların birinci mərtəbəsindəki mənzillərin qiyməti isə Bakıdan geri qalmır – 1-ci mərtəbədə kommersiya obyektinə çevrilə bilən 3 otaqlı mənzillər 110-120 min manatdır.
Kirayə bazarında qiymət 80 manatdan başlayır
Salyanda mənzillərin kirayə qiymətləri 2-3 otaqlılar üçün maksimum 250-300 manatdır. 1 otaqlı evləri isə 80 manata da tapmaq olar. Həmçinin Kür daşqınlarından sonra dövlətin inşa etdiyi minə yaxın evdə 1-2 otaqlı mənzilləri aylıq 80-100 manata kirayə götürmək olur. Rayonun mərkəzinə doğru gəlincə qiymətlər də artır. Rayonda həyata keçirilən böyük layihələrin icrası zamanı kirayə evlər axtaran şəxslərin sayı və kirayə qiymətləri artır. Məsələn, Ələt-Astara yolu tikiləndə burada çalışanların Salyanda bir neçə aylığa qalması daşınmaz əmlak bazarını canlandırmışdı. Yol idarəsinin 70 faiz işçisi əhali ilə kirayə müqaviləsi bağlayıb Salyan şəhərində qalırdı. O dövrlərdə evlərin kirayə haqlarında artım müşahidə olunub. 100 manata verilən ev 150 manata təklif edilirdi.
Normal obyekti 50 min manata tapmaq olar
Salyanda müxtəlif çeşidli kommersiya obyektlərinə rast gəlmək və cibə uyğun olanı almaq olar. Ötən il Salyanda 50-yə yaxın obyektlə əməliyyat aparılıb ki, bunların əksəriyyəti – 43-ü qeyri yaşayış binası, yəni ayrıca tikilmiş obyektlərdir.
Obyektlərin qiymət 10 min manatdan başlayır, normal obyektlərdə ortalama 50-80 min manat arasındadır. Ən bahalı kommersiya obyekti rayonun mərkəzində, Xəlil Rza Ulutürk və Təbriz Xəlilbəyli küçələrinin kəsişməsində yerləşən 4 mərtəbəli tcarət mərkəzidir. Obyektin təkcə tikintisi 3 milyon manata başa gəlib. Ümumi sahəsi 100 kvm, sonuncu mərtəbəsi mansard, zirzəmisində sauna-hamam kompleksi, digər mərtəbələrində isə kafe və dükanlar yerləşir. Mütəxəssislər bildirir ki, satışa çıxarılsa bu obyekti 5 milyon manata təklif etmək olar.
Kommersiya obyektlərinin icarə qiymətləri də yerindən asılıdır və aylıq 100 manatdan başlayır, əlverişli ərazilərdə 500 manata çatır.
Ələt-Astara magistral yolu kənd evlərini bahalaşdırıb
Yeni istifadəyə verilmiş Ələt-Astara magistral yolunun Salyan rayonunun kəndlərindən keçməsi bu ərazilərdə evlərin qiymətini yüksəldib. Burda insanların həyat şəraiti də digər yerlərlə müqayisədə yüksəkdir. Ən ucqar kənd sayılan Abadkənddə 10 min manata ev tapmaq qeyri mümkündür. 12 sot həyətyanı sahəsi olan orta vəziyyətdə, 5 daş hündürlüyündə tkilmiş 100 kvm sahədən ibarət kənd evini 12-15 min manatdan başlayan qiymətə təklif edilir. Şəhərə bitişık ən yaxın kənd olan Arbatanda isə 8 sot içində 2 mərtəbəli evi 40 min manata tapmaq olar. Salyanda torpağa olan tələbatın yüksək olduğunu rəsmi təqəmlər də təsdiqləyir - 2019-cu ildə Salyanda 1821 torpaq sahəsi ilə əməliyyat aparılıb ki, bu da rayonda daşınmaz əmlakla olan bütün əməliyyatların 75%-i deməkdir. 2019-cu ildə Salyanda daşınmaz əmlakla olan bütün əməliyyatların 75%-i torpaq sahələrinin payına düşüb.
Satışda əkin sahəsi tapmaq çətindir
Salyan kənd təsərrüfatı rayonu olduğu üçün bu sahəyə yararlı torpaqların qiyməti də yüksəkdir. Doğrudan da, Salyanın kəndlərində icarəyə torpaq, yaxud həyətyanı sahə tapmaq müşkül məsələyə çevrilib. Torpaqıarın əksəriyyətindən, 70 faizindən əhalinin özü istifadə edir. İstifadə olunmayan torpaq sahələri isə bir qayda olaraq yaxın qonşu və ya qohuma icarəyə verilir. İcarə qiyməti 1 hektar torpaq üçün illik 800-1000 manat arasında dəyişir. Salyan özünün “Xələc üzümü” ilə də məşhurdur. Amma bu rayonda üzümçülüyə maraq elə də çox deyil, səbəbi çəkilən əziyyətin əvəzini ala bilməməkdir.
Salyanın Bakıya – ölkənin əsas baxarına yaxınlığından biznes də uğurla istifadə etməkdədir. Hazırda rayonda ən əlverişli biznes məşğuliyyəti tərəvəzçilik – istixanaların salınmasıdır. Pomidor, xiyar, qarpız və digər bostan bitkiləri və yüksək məhsuldarlıq bu biznesi gəlirli edir. Əslində istixanalar Şəmkir bölgəsində geniş yayılıb, amma hazırda Salyanda da istixanaların sayı sürətlə artmaqdadır.
Biznes üçün tapıntı: «Bakıya cəmi 2 saata çatmaq olur»
«Salyandan çıxan avtomobil ən geci 2 saata Bakının istənidən nöqtəsinə çata bilir. Həm buna, həm də torpağının keyfiyyətinə görə bu rayon biznes üçün əlverişli yerlərdən biridir və buranı seçmişik». Bir qədər əvvəl Salyanda kənd təsərrüfatı biznesinə başlayan iş adamlarından biri Salyanın biznes cəlbediciliyi ilə bağlı fikirlərini «Daşınmaz Əmlak»a bölüşərkən belə bildirib.
Salyanda axır vaxtlar heyvandarlıq təsərrüfatlarının təşkili ciddi şəkil alıb. Fermalar boş torpaqlarda salınır və ya hazır alınır. Satışa çıxarılan ferma adətən torpaq sahəsi və yaradılan şəraitə görə dəyərləndirilir. Torpağın sahəsi və şəraitindən asılı olaraq, qiyməti 30 mindən başlayır. Mal-qara ilə birgə satışa çıxarılan və 50 min manata təklif edilən fermalar isə əlavə olaraq 20-25 min manata da xərc tələb etmək vəziyyətində olub.
İnfrastruktur Bakıdakı kimidir
Salyan Bakıya yaxınlığın digər üstünlüyünü infrastruktur təminatında hiss edir. Rayonun infrastrukturu burada həmm əmlak almaq, həm də biznes qurmaq üçün əlverişlidir. Elektrik enerjisi təminatı davamlıdır, son 10 il ərzində enerjinin nadir hallarda, qəza və digər səbəbdən kəsilməsi qeydə alınıb. Rayon başdan başa qazlaşdırılıb. Su təchizatındakı çatışmazlıqlar da aradan qaldırılmaq üzrədir. Su-kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı ölkə prezidentinin sərəncamı ilə rayon üçün əlavə vəsait də ayrılıb.