Kirayə mənzillərə müraciət başlayır: şərtlər necədi, hansı sənədlər lazımdır və kimlər müraciət edə biləcək?
“Gələn ayın ikinci yarısından kirayə mənzillərə müraciət başalayacaq”.
FED.az xəbər verir ki, bu haqda iqtisadçı Vüqar Bayramov İpoteka və Kredit Zəmanət Fonduna istinadən məlumat verib.
V.Bayramov qeyd edib ki, mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib də ola biləcəklər:
“Mənzili kirayə edən vətəndaşmızın aylıq ödənişləri evin xərcindən çıxılacaq. Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə sahib olar. Və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər”.
Ekspert deyib ki, kirayə mənzillər ilə bağlı ən vacib 30 sualı cavablandırıb.
1. Hansı sənədlər tələb olunur? Müraciət edən şəxs elektron və Asan imzaya malik olmaqla öznnə elektron kabinet yaratmalıdır. Kabinet yaradan zaman o özü ilə bağlı məlumatları elektron daxil edə biləcək. Bunu müraciət başlayan zaman ASAN xidmətə müraciət etməklə qısa zaman həll etmək olar. Bu prosesi keçən və müsbət cavab alan vətəndaş fonda şəxsiyyət vəsiqəsinin surəti (onunla birgə kirayə götürüləcək yaşayış sahəsində yaşayacaq ailə üzvləri varsa, həmçinin onların şəxsiyyət vəsiqələrinin surətləri) və gəlirlərini təsdiq edən sənədləri təqdim etməlidir. Qaydalara əsasən, rəsmi əmək müqaviləsi olmayan, amma fərdi sahibkarlıqla məşğul olan vətəndaşlar da evlərə müraciət edə biləcək. Bu zaman onlar Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surətini və Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməlidirlər. Fond müraciətə müsbət cavab verdikdən sonra sonuncu mərhələ müqavilənin bağlanmasıdır.
2. Kirayə evlərə necə müraciət etmək olar? Kirayə evlərə ASAN xidmət və ya elektron ipoteka portalı vasitəsi ilə müraciət etmək mümkün olacaq.
3. Kimlər kirayə mənzilə sahib ola bilər? Mənzilə sahib olanların Azərbaycan vətəndaşı olması şərtdir. Kirayə mənzil üçün müraciət edənin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır. Məhkumluğu olmaması da şərtlər siyahısındadır.
4. Kirayə evə müraciət üçün ailəli olmaq şərtdirmi? Fondun elan etdiyi şərtlərdə ailəli olmaq şərt kimi qeyd olunmur. Bu isə o deməkdir ki, ailəli olmayan vətəndaşlarımız da müraciət edə biləcəklər.
5. Hansı hallarda ev kirayəçidən geri alına bilər? Bu hallarda mənzilin geri alınması nəzərdə tutulur: aylıq ödənişlər 60 gün və daha çox müddətdə ödənilmədikdə; kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə; yaşayış sahəsi məhv olduqda və ya zədələnmə nəticəsində yaşayış sahəsi öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə (bu hal baş verdikdə əldə olunan sığorta ödənişi kirayə müqaviləsi üzrə alış qiymətinin kirayəçi tərəfindən ödənilmiş hissəsi ilə alış qiymətinin ödənilməli olan qalıq məbləğinin nisbətinə müvafiq olaraq Fond ilə kirayəçi arasında bölüşdürülür); Kirayəçi yaşayış sahəsini üçüncü şəxsin qeyri-hüquqi istifadəsinə verdikdə, həmçinin kirayə müqaviləsi üzrə üzərinə götürdüyü digər vəzifələri icra etmədikdə.
6. Mənzillər harada olacaq? Bizdə olan məlumata görə, mənzillər daha çox Bakının mərkəz ətrafı rayonlarındadır. İlkin məlumata görə, Qara Qarayev, Neftçilər, Əhəmədli metrosu ətrafında daha çox mənzil təklif olunacaq.
7. Yaşayış sahəsinin qiyməti necə müəyyənləşəcək? Mənzilin xərci müqavilə müddətindəki ayların sayına bölünərək aylıq ödəniş məbləği müəyyənləşəcək. Məsələn, mənzilin xərci 120 min manat və müqavilə müddəti 25 ildirsə o zaman 120 000 manat / ( 25 il X 12 ay) = 400 manat kimi müəyyənləşəcək.
8. Kirayə hansı müddətə bağlana bilər? Kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir.
9. Kirayəçi mənzilə ən tezi hansı müddətdən sonra sahib ola bilər? Müqavilə bağlandıqdan ən azı 3 il müddətdən sonra kirayəçi mənzilə sahib olmaq hüqqunq malikdir. 3 ildən sonra isə növbəti 22 il müddətində istənilən zaman evin xərcini ödəməklə çıxarış (kupça) ala bilər.
10. İlkin ödəniş tələb olunurmu? İlkin ödəniş nəzərdə tutulmayıb. Amma kirayə mənzilə sahib olmaq istəyən şəxs kirayə müqaviləsi bağlanıldıqdan sonra aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Yəni 1 illik kirayə haqqı öncədən ödənilməlidir.
11. Kirayəçi mənzili rəsmi olaraq başqa şəxsə ötürə bilərmi? Qaydalar görə, kirayəçiyə belə hüquq verir. Fondun yazılı razılığı ilə kirayəçinin kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilər. Sadəcə kirayəçi bunu kirayə müqaviləsi bağlanan gündən 3 ildən sonra edə bilər. Məsələn, kirayə müqaviləsi bağlanandan 3 il sonra kirayəçi ödəniş etməkdə çətinlik çəkirsə və ya evlə bağlı planları dəyişirsə o zaman fondun razılığı ilə müqaviləni başqasının adına keçirə bilər. Mənzilə mülkiyyət hüququ kirayəyəverəndən başqa şəxsə keçdikdə, kirayənin qüvvədə qalması baş verir. Bu hal kirayə müqaviləsində də qeyd olunacaq.
12. Kirayəçi dünyasını dəyişəndə müqavilə şərtləri necə icra olunur? Kirayəçi vəfat etdikdə, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin kirayəçinin vərəsələrinə keçir.
13. Fond hansı mənzilləri təklif edəcək? Fond öz vəsaiti hesabına aldığı və ya onun mülkiyyətinə keçən mənzilləri kirayə kimi təklif edə bilər. Mənzillər tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş olmalıdır.
14. Kirayə mənzillər ilə bağlı məlumatı haradan əldə etmək mümkün olacaq? Fond satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrinə dair məlumatları (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı və s.) rəsmi internet saytında və “Elektron ipoteka və kredit zəmanət” sistemində yerləşdiriləcək.
15. Kirayə mənzilə sahib olmaq üçün necə müraicət etmək mümkün olacaq? Təsdiq olunmuş qaydalara görə, müraciətlər elektron sistemlə həyata keçiriləcək. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınıb baxılacaq. Fond beş iş günü müddətində kirayə müqaviləsinin bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul edəcək, 10 iş günü müddətində isə kirayə müqaviləsinin rəsmiləşdirilməsi yekunlaşacaq. Bundan sonra üç iş günü müddətində kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən Fondun hesabına ödəməli olacaq. Bu məbləğ Fondun hesabına ödəndiyi andan kirayə müqaviləsi qüvvəyə minəcək.
16. Fondun razılıq verdiyi müqaviləyə nə zaman xitam verilə bilər? Fond razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 10 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilmirsə o zaman müqaviləyə xitam verilir.
17. Kirayə müqaviləsinin bağlanılmasından imtina edilmiş şəxs yenidən müraciət edə bilərmi? Kirayə müqaviləsi bağlamaqdan imtina edilən şəxs yenidən müraciət etmək hüququna malikdir.
18. Aylıq ödənişin məbləği necə hesablanacaq? Fond aylıq ödəniş məbləğini fondun satın aldığı qiymət, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı digər xərclər, bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyəri, kirayə müqaviləsi üzrə mümkün ola biləcək zərərlərin qarşılanması məqsədilə yaradılan ehtiyatlar üzrə ayırmalar və yaşayış sahəsini Fondun saxlaması, sığortalaması və idarə etməsi ilə bağlı bütün xərcləri əsasən hesablanacaq.
19. Ödənilmiş aylıq ödənişlər geri qaytarıla bilərmi? Qaydalara əsasən, fonda ödənilmiş aylıq ödənişlər Fondun gəliri hesab olunur və geri qaytarılmır.
20. Aylıq ödənişlər sabit rəqəm olacaqmı? 12 aylıq ilkin ödənişdən sonra kirayə müqaviləsi üzrə aylıq ödəniş hər ay bərabər hissələrlə ödəniləcək.
22. Kirayə mənzildə yaranan xərcləri kim ödəyir? Kirayəçinin istifadəsinə verildikdən sonra yaşayış sahəsinin təmir səviyyəsinin yaxşılaşdırılması və əlavə təmirlə bağlı xərclər kirayəçinin vəsaiti hesabına həyata keçirilir. Yaşayış sahəsində yenidənqurma və ya yenidənplanlaşdırma, habelə əsaslı təmir işləri yalnız Fondun yazılı razılığı ilə həyata keçirilə bilər. Kommunal xərcləri və digər məcburi ödənişləri də kirayəçi ödəyir.
23. Sığort hadisəsi baş verəndə vəsait necə bölüşdürülür? Sığorta ödənişi kirayəçi ödədiyi vəsait ilə ödənilməmiş qalıq məbləğinin nisbətinə uyğun olaraq Fond ilə kirayəçi arasında bölüşdürülür.
23. 3 ildən sonra vətəndaş mənzilin bütün xərcini ödəsə güzəşt olacaqmı? Əgər kiayəçi kirayə müqaviləsi bağlandıqdan 3 il sonra alış qiymətinin qalıq hissəsini birdəfəyə bağlamaq istəsə, o zaman Fond tərəfindən qalıq məbləğin müəyyən hissəsi güzəşt edilir. Güzəştlər barədə məlumat müqavilədə əks olunacaq.
24. Kirayəçi həmin evdə qeydiyyata düşə bilərmi? Satmaq öhdəliyi ilə kirayə müqaviləsində nəzərdə tutulur ki, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri (ər-arvad, ata-ana, övladlar) Fondun yazılı razılığı ilə kirayə ünvanı üzrə pasport qeydiyyatına düşə bilərlər.
25. Müqavilə müddətində maksimum yaş müddəti neçədir? Son ödəniş tarixinə yaş 63 yaşdan çox olmamalıdır, yəni müqavilə öhdəliyinə həmin yaşadək xitam verilməlidir. Bu isə o deməkdir ki, müraciət anına yaş 60-dan yuxarı olmamalıdır.
26. Hansı binalarda mənzillər təklif olunacaq? 2013-cü ilin yanvarın 1-dən sonra inşa edilən və dövlət qeydiyyatında olan binalarda olan mənzillər təklif olunacaq.
27. Ödəniş hansı valyutada olacaq? Ödəniş manatla olacaq.
28. Xaricdə və xüsusən də Rusiyada yaşayan azərbaycanlıların öz ailələrinə göndərdikləri pul gəlir mənbəyi kimi göstərilə bilərmi? İstənilən rəsmi gəlir nəzərə alınacaq. Əgər Rusiya yaşayan vətəndaşımı öz ailəsinə bankla aylıq pul göndərirsə o da gəlir kimi qəbul olunacaq.
29. Rayonlarda qeydiyyatda olan vətəndaşlar Bakıda kirayə evə müraciət edə bilərlərmi? Rayonda yaşayan vətəndaşımız da paytaxtda kirayə evə müraciət edə biləcək.
30. Gəlirini rəsmi sənədlə təsddiq edə biıməyənlər müraciət edə biləcəklərmi? Şərtlərə görə müraciətə baxıldığı zaman yalnız vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada qeydiyyata alınmış şəxsi biznesinizdən gələn gəlirlər təhlil ediləcək. Bu isə o deməkdir ki, gəlirin rəsmi olması vacibdir.