2026-cı il üzrə dövlət büdcəsində paytaxt ərazisində söküntü və köçürülmə məqsədləri üçün vəsaitin nəzərdə tutulmaması Bakı şəhərində yerləşən köhnə yaşayış fondunun bazar dəyərinə mənfi təsir göstərə biləcək amillərdən biri kimi qiymətləndirilə bilər.
Xüsusilə Xruşov, Alman və oxşar layihəli binalar əvvəlki dövrlərdə əsasən söküntü və yenidənqurma proqramları çərçivəsində bazarda maraq doğururdu. Bu binalara olan tələbin mühüm hissəsi onların gələcəkdə sökülərək yeni layihələrlə əvəzlənəcəyi gözləntiləri ilə formalaşırdı.
Müvafiq büdcə vəsaitinin ayrılmaması sözügedən gözləntilərin zəifləməsinə və bazar iştirakçılarının davranışının dəyişməsinə səbəb ola bilər. Nəticədə bu kateqoriyaya aid binaların investisiya cəlbediciliyi azalmaqla yanaşı, qiymət artımı potensialı da məhdudlaşa bilər. Bu isə həm alqı-satqı aktivliyinin azalması, həm də qiymətlər üzərində aşağı yönlü təzyiqlərin formalaşması ilə nəticələnə bilər.
Ümumilikdə, söküntü və köçürülmə proqramlarının maliyyələşdirilməsində fasilələrin yaranması köhnə layihəli binaların bazar dəyərinin formalaşmasında mühüm rol oynayan əsas amillərdən birinin zəifləməsi deməkdir. Bu vəziyyət Bakı şəhərində köhnə yaşayış fonduna münasibətdə daha ehtiyatlı və rasional qiymətləndirmə mərhələsinin başlanmasına səbəb ola bilər.
Qrafikdən göründüyü kimi Arxitektur layihəli binalar ən yüksək sahə qiymətinə malikdir. Qrafikə əsasən, bu tip binalarda 1 kv.m-in qiyməti təxminən 3 900–4 000 manat səviyyəsindədir.
Yeni tikili binalar ikinci ən bahalı seqmentdir. Burada sahə qiymətləri təxminən 2 500 manat civarındadır. Eksperimental layihəli binalarda qiymətlər 2 200–2 300 manat intervalındadır. Bu tip binalar yeni tikililərlə müqayisədə bir qədər ucuz olsa da, köhnə layihələrlə müqayisədə daha yüksək qiymətə malikdir.
Leninqrad və Kiyev layihəli binalar ən aşağı sahə qiymətlərinə sahibdir. Hər iki layihə üzrə qiymətlər 2 100–2 200 manat ətrafındadır. Bu, həmin binaların əsasən sovet dövrünə aid olması, texniki köhnəlmə və planlaşdırma baxımından müasir tələblərə tam cavab verməməsi ilə əlaqələndirilə bilər.











