Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmət 2024-cü il üzrə yarım illik hesabatını açıqlayır
Əsas məqsədi çətinliklə üzləşmiş azyaşlılara sosial xidmət, psixoloji və hüquqi yardım etmək olan “Uşaq Qaynar Xətti” 2024-cü ilin yanvar-iyun aylarında 851 müraciət qəbul edib. Müraciətlər hüquqi dəstək (335), psixoloji problemlər (195), sosial məsələlər (120), təhsil (68), səhiyyə (18) və digər (115) mövzuları əhatə edib.
Xidmətə müraciət edənlərin 719-nu böyüklər, 77-ni azyaşlılar, 55-ni anonimlər təşkil edib. Daxil olan müraciətlərdən 393-ü ilkin, 458-si isə təkrar olaraq qeydə alınıb.
“Uşaq Qaynar Xətti”nin hədəf qrupu 18 yaşına çatmamış uşaqları və onların problemi ilə əlaqədar şəxsləri əhatə edir. Xidmət müraciətləri araşdırır, aidiyyəti qurumlara yönləndirilməsini təmin edir, 7/24 rejimində gündəlik mövzulardan tutmuş zorakılıq və qısnama (bulling) kimi ciddi məsələlərə dəstək verir, mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir. Qeyd edək ki, yarandığı 2010-cu ildən bu dövrədək xidmətə 72.800-dən çox müraciət daxil olub.
“Uşaq Qaynar Xətti” fəaliyyətini 116111 qısa nömrəsi, 4 mobil xətt (+994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80), elektron poçt ([email protected]), “Facebook” və “Instagram” sosial şəbəkələri və “uşaqqaynarxetti” mobil tətbiqi üzərindən həyata keçirir.