Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən apellyasiya şikayəti verib.
FED.az xəbər verir ki, V.Səfərli müxtəlif epizodlar üzrə ona qarşı ittihamların əssasız olduğunu, bəzi hallarda qeyri rəsmi aktlara əsaslandığını, yalnız ittiham tərəfinə dəstək üçün istifadə edildiyini bildirib. Keçmiş fond sədri bildirib ki, indiyədək nəzarətedici dövlət qurumlarından iradların olmaması da onun qanunsuz addımlar atmadığını göstərir.
Apellyasiya şikayətində bildirilib ki, KİVDF-nin qeyd olunan ünvanda icarə haqqı müqabilində sözügedən binada icarəçi kimi fəaliyyət göstərib.
Bildirilib ki, Fondla icarəyə verən arasında bağlanmış rəsmi müqavilələr mövcuddur, həmin müqavilələr üzrə ödəniş sənədləri də cinayət işinin materiallarına əlavə edilib:
“Ancaq məhkəmə istintaqı zamanı V.Səfərli tərəfindən ödənilmiş icarə haqqı üzrə hər hansı məbləğin mənimsənilməsi, talanması, nağdlaşdırılaraq geri alınması ilə bağlı heç bir hal aşkar edilməyib, icarə sahəsinin yerləşdiyi binada dövlət hesabına maliyələşən digər qurumlar, QHT fondu və digər fondlar fəaliyyət göstərib, bina əlverişli məkanda, nəşriyyata və redaksiyalara yaxın mövqedə yerləşib.
Fondun fəaliyyət göstərdiyi ünvan üzrə ödənilmiş icarə haqqının dövlət tərəfindən müəyyən edilmiş standartdan artıq olmasına dair dövlət orqanlarının heç vaxt irad bildirməməsi, ödənilmiş icarə haqqından V.Səfərlinin hər hansı maraqlarının təmin edilməsinin aşkara çıxarılmaması, icarə obyektində yerləşmənin müvafiq qaydada razılaşdırılması, Fondun həmin sahədə fəaliyyət göstərməsinə səlahiyyətli şəxslər və orqanlar, xüsusilə də Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən heç bir irad bildirilməməsi kimi hallar V.Səfərlinin hər hansı təqsirinin olmamasına dəlalət edir.
Eyni zamanda, icarə haqqının bazar qiymətlərindən artıq olub-olmamasının müəyyən edilməsi üçün mütləq ekspertiza təyin edilməli, həmin binada dövlət büdcəsi hesabına maliyyələşən digər təşkilat və qrumların hansı məbləğdə icarə haqqı ödəməsi araşdırılmalı idi.
Məlum edirəm ki, həmin binada yerləşən dövlət hesabına maliyyələşən digər qurumlar daha baha qiymətə fəaliyyət göstəriblər və hazırdada anoloji qiymətlərlə fəaliyyət göstərməkdədirlər. Bu hal məhkəmə iclasında şahid qismində dindirilmiş “Azərmətbuatyayımı" ASC-nin nümayəndəsinin ifadəsi ilə də öz əksini tapıb.
Hadisənin mexanizimindən görünür ki, müqavilə əsasında pul vəsaiti Fonda ayrılmış və eyni qaydada da “icarə haqqı” təyinatı ilə Həsənli Şamxal Əli oğlunun hesabına transfer edilib. Belə olan halda həmin pul vəsaitlərinin ayrıldığı və çatdığı yer bəllidir. Göründüyü kimi, icarə haqqı üzrə hər hansı məbləğdə pulun V.Səfərliyə qaytarılmaması və yaxud bu epizod üzrə V.Səfərlinin hər hansı formada bəhrələnməməsi onun qeyd edilən epizod üzrə CM-nin 179-cu maddəsi ilə məsuliyyətini istisna edir.
Azərbaycanın mətbuat işçiləri üçün inşa edilmiş binaların tikintisi zamanı yol verilmiş qanuna zidd əməllər nəticəsində dövlətə məxsus 16 928 086,44 manat məbləğində pul vəsaitinin talanması epizodu üzrə müdafiə tərəfi olaraq qeyd edirik ki, həmin epizod üzrə də digər epizodlar kimi məhkəmə ibtidai istintaq zamanı əldə olunmuş hüquqi əsası olmayan audit aktını əsas götürməklə yalnız və yalnız ittiham tərəfinin mövqeyini təsdiq edərək maddi və prosessual hüquq normalarını, tələblərini pozub.
Məhkəmə digər epizodda olduğu kimi, bu epizod üzrə də məhkəmə istintaqı zamanı araşdırılmış və əldə olunmuş sübutları görməzdən gələrək ittiham tərəfinin mövqeyini təsdiq etməklə düzgün olmayan nəticəyə gəlib.
Məhkəmə istintaqı zamanı həmin epizod üzrə V.Səfərlinin əməlində talama cinayətinin tərkibini yaradan heç bir fakt aşkar edilməyib, cinayət işi üzrə dindirilmiş şahidlər və yaxud iş üzrə digər təqsirləndirilən şəxslər V.Səfərlinin tikinti üçün ayrılmış vəsaitdən hər hansı məbləğdə pulu talamasına dair ifadə verməyiblər.
Hökmdə konkret olaraq kim və kimlər tərəfindən Vüqar Səfərliyə hansısa məbləğdə dövlət büdcəsinə aid olan pulun verilməsi faktına istinad olunmayıb. Həmçinin qeyd edilməlidir ki, tikinti üzrə ziyanın V.Səfərli tərəfindən deyil, Ədalət Vəliyev tərəfindən ödənilməsi də V.Səfərlinin mövqeyinin əsaslı olmasına dəlalət edir.
Belə ki, Ədalət Vəliyev “Portos” MMC-də vəzifəyə münasibətdə formal bir şəxs olmasını bildirsə də 36 000 000 manat dəyərində olan əmlakı ziyanın əvəzini ödəmək üçün təqdim edib. Həmçinin iş materiallarından aydın görsenir ki, “Portos” MMC Əli Həsənovun oğlu Şamxal Həsənova məxsus olub, tikintinin əvvəldən axıra qədər aparılmasında bütün göstərişlər Əli Həsənov tərəfindən verilib (şahid ifadələrinə əsasən), Vüqar Səfərli belə Ə.Həsənovun göstərişlərini mübahisələndirmək iqtidarında olmayıb. Əgər bu epizod üzrə kimlərsə tərəfindən pul vəsaitləri mənimsənilibsə belə, onların əməlinə görə V.Səfərli cəzalandırılaraq məsuliyyət daşımamalıdır.
Beləliklə, həmin epizod üzrə ittihamın əsasları uydurmadır və işin faktiki halları ilə ziddiyət təşkil etməklə əsassız olub təqsirləndirilən şəxs V.Səfərlinin hüquqularını kobud şəkildə pozur”.
V.Səfərlinin müdafiəçiləri Əli Həsənov və onun oğlu Şamxal Həsənlinin məhkəməyə çağırılıb dindirilməsini tələb edirlər.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.