Son vaxtlar mediada kredit təşkilatlarının borcluların yaxınlarına zəng etmələri ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Qeyd edilir ki, şəxs ödənişi gecikdirdiyi halda onun kreditlə əlaqəsi olmayan yaxınlarına telefonla zəng edilərək bu barədə məlumat verilir.
Bank ölən şəxsin borcunu vərəsədən tələb edə bilərmi?
Maraqlıdır, bəs bu əməlin qanuni əsası var?
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mülki Məcəlləyə görə, bank hesabı və bank əmanəti, hesab əməliyyatları və müştəri, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank qarant verir. Bank sirrini təşkil edən məlumatlar müştərinin özünə və nümayəndəsinə verilir.
“Banklar haqqında” qanunda isə bildirilir ki, müştəri haqqında məlumatlar üçüncü şəxslərə müştərinin yazılı razılığı ilə verilir. Belə ki, müştərinin yazılı razılığı ayrıca sənəd formasında tərtib edilir. Həmin razılıqda bank sirrini təşkil edən məlumatların verilməsi nəzərdə tutulan şəxslər, verilən məlumatların dairəsi və digərləri aydın şəkildə göstərilməlidir.
Qanunvericiliyə görə, hətta bankların mövcud və keçmiş inzibatçıları, digər əməkdaşları, səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan, habelə digər şəxslər əldə etdikləri bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açıqlanmasına görə mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Mülki Məcəllədə qeyd edilir ki, bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.
Yeri gəlmişkən, bir müddət əvvəl Nərimanov Rayon Məhkəməsi bank sirrinin pozulması ilə bağlı iddianı təmin edib. Belə ki, işlə bağlı materiallara görə, bank tərəfindən müştərinin gecikmiş kredit borcu ilə bağlı məlumatlar onun razılığı olmadan qohumlarına ötürülüb. Məhkəmə hesab edib ki, şəxsin bankda gecikmiş kreditinin olması bank sirri olmaqla yanaşı, həm də onun şəxsi həyatına aid məlumatdır və bu məlumatlar müştərinin razılığı olmadan üçüncü şəxslərə açıqlana bilməz. Qətnaməyə əsasən, bank müştərinin hüquqlarını pozduğuna görə ona mənəvi zərərin əvəzi kimi kompensasiya ödəməlidir.
Bununla belə, qanunvericilikdə müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatların bank tərəfindən digər şəxslərə verilməsi halları da nəzərdə tutulub. Bu şəxslərə aşağıdakılar aiddir:
- Nəzarət funksiyalarının həyata keçirilməsi ilə bağlı – Mərkəzi Banka;
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada – vergi orqanlarına;
- Vergi Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları zamanı;
- İcra sənədinin məcburi icraya yönəldilməsi ilə əlaqədar bank saxlancında əmlakın və bank hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə – icra məmurlarına;
- Məhkəmənin icraatında olan işlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında – məhkəmələrə;
- Qanunvericiliklə müəyyən edilmiş digər şəxslərə.













