Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə nəfərə qarşı dələduzluq edən qadına hökm oxunub.
Eləcə də bax: Azərbaycanda bir neçə vəzifəli şəxs rüşvətə görə - HƏBS EDİLİB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Ağdam sakini Elnarə Həsənova Cinayət Məcəlləsinin 178 (dələduzluq), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 312-ci (Rüşvət vermə) maddələri ilə təqsirli bilinərək ona 6 il müddətinə həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, Elnarə Həsənova Mingəçevirdə yaşayıb, daha sonra isə Bakıya köçərək paytaxtda restoran işlədib. O, 2020-ci ilin may ayında ona müraciət edən şəxsdən nəvəsi A.Rəşidlini Kürdəmir ASAN Xidmət Mərkəzinə işə düzəldəcəyini bildirərək 7 min manat alıb. Həmin ilin sentyabrında isə Elnarə Bakıda işlətdiyi restoranda ofisiant işləyən şəxsin İrandan Azərbaycana narkotik keçirərkən tutulan qardaşı Elşən Nəzərovun həbsdən azad etdirəcəyi vədi ilə onun ailəsindən 34 min manat pul alıb. Həmin vaxt özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən qadın qarşı tərəfə yüksək vəzifəli şəxslər arasında tanışlarının olduğunu bildirib və E.Nəzərovun üzərindəki maddələri götürdərək onu həbsdən buraxdıracağını bildirib.
Lakin o, xeyli miqdarda pul aldığı şəxslərə verdiyi vədə əməl etməyib. Hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Elnarə Nəzərova Kürdəmir sakinindən aldığı 7 min manatı geri qaytarıb. Digər şəxsdən aldığı pulların böyük hissəsini isə xərclədiyi üçün qaytara bilməyib.