İki neftçinin ölümü ilə nəticələnən hadisə ilə bağlı “Azneft”in vəzifəli şəxsi məsuliyyətə cəlb edilib.
FED.az xəbər verir ki, bu il avqust 24-də “Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) birinci mədən ərazisində neft yığımı məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən "Neftqaztikinti" trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Ağaməmmədov Şirvan Ataş oğlu və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Nərimanov Şamo Mətləb oğlu beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.
Aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb.
İş üzrə idarənin vəzifəli şəxslərindən olan və tikintidə təhlükəsizliyə cavabdeh şəxs sayılan Mirzəyev Samir Zəhimağa oğlu məsuliyyətə cəlb edilib və onun barəsində Cinayət Məcəlləsinin 222.4-cü maddəsi ilə ittiham verilib.
Samir Mirzəyev tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham edilir.
Təqsirləndirilən şəxs barəsində aparılan ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib. (Apa)