Ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov Azərbaycanda elektron məhkəmə sisteminin necə işləyəcəyini açıqlayıb.
Eləcə də bax: Banklar kimlərə kredit vermir? – BANKİRLƏ MÜSAHİBƏ
– Hüquq və məhkəmə sistemində yeni texnologiyaların, o cümlədən rəqəmsal texnologiyaların tətbiqi nə qədər vacibdir?
– İlk baxışdan inandırıcı görünməsə də, mütəxəssislərin proqnozuna görə, 2030-cu ildə hüquqşünasların, o cümlədən hakimlərin funksiyalarının 80-85 faizini robotlaşmış texnologiyalar əvəz edəcək.
Eləcə də bax: Bankda işə düzəlmək asandırmı? – BANKİRLƏ MÜSAHİBƏ
Bruklin Hüquq Məktəbinin dekanı Nik Allard gələcəkdə insanla robot arasındakı fərqlərin itəcəyi fikrini irəli sürərək deyib: “Ola bilər hətta sizin idarəetmə pultunuzun ölçüsü kiçilsin və üzərinizə tikilsin, insanlar isə bəzi süni bədən hissələrinə sahib olsun. Bu yeni dünya ayrı-ayrılıqda insanlar və maşınlardan yox, hubotlardan (red.- ingilis dilindəki human və robot sözlərindən) ibarət olacaq”. Yəni, daha çox Albert Eynşteynə aid edilən iqtibasa görə, bir vaxt texnologiya insanların ünsiyyət imkanlarını üstələyəcək.
Son illər dünyanın bir çox ölkələrində məhkəmə, prokurorluq, vəkillik, ilkin təhqiqat və digər hüquq-mühafizə orqanlarının fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı böyük işlər görülür. Məsələn, bu gün İsveç və bir çox başqa ölkələrdə daşınmaz əmlak sahəsində bütün sövdələşmələr blokçeyn texnologiyaları vasitəsilə həyata keçirilir. Sinqapur isə ədalət mühakiməsi sistemində texnologiyalardan geniş istifadə etməklə, elektron məhkəmə sistemini mərhələli şəkildə inkişaf etdirir və uzun müddətdir ki, bu hədəfə doğru gedir. Artıq inzibati xətalarla bağlı işlərə hakimin iştirakı olmadan baxılır.
–Azərbaycanda məhkəmə fəaliyyətinin elektronlaşdırılması ilə bağlı hansı tədbirlər görülür?
–2014-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron məhkəmə” informasiya sistemi yaradılıb.
“Elektron hökumət”in tərkib hissəsi olan “Elektron məhkəmə” informasiya sistemi məhkəmə hakimiyyətinin və ədalət mühakiməsinin işini asanlaşdıran sistemdir və o, vətəndaşın məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir.
Bu sistemin tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin səmərəliliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir.
“Elektron məhkəmə”nin mühüm komponentlərindən biri fiziki və hüquqi şəxslərə məhkəmə sistemi barədə, o cümlədən ölkənin interaktiv xəritəsi şəklində müfəssəl məlumatlar təqdim edən vahid məhkəmə portalıdır. Vətəndaşlar bu portal vasitəsilə məhkəmələrin strukturu, növü, yurisdiksiyası, ünvanı və onlarla əlaqə yaratmaq üsulları – poçt və elektron ünvanları, telefon nömrələri, eləcə də hakimlərin təhsili və hüquq təcrübəsi barədə məlumatlar əldə edə bilirlər.
Onu da deyim ki, sənədlərin hazırlanması və məhkəməyə təqdim edilməsi prosesini asanlaşdırmaq üçün portal vətəndaşları dövlət rüsumunun məbləği, iddia, şikayət, etiraz və xahiş ərizələrinin nümunələri ilə tanış edir. Bütünlüklə “Elektron məhkəmə” sisteminə inteqrasiya olunan portal məhkəmə işlərinin vəziyyəti, o cümlədən onların, məhkəmə iclaslarının, bütün kateqoriyalardan olan işlər üzrə çıxarılmış qərarların sayı və s. haqqında məlumatları real vaxt rejimində təqdim edir.
Eyni zamanda, portaldan əlavə hər bir məhkəmə üçün müfəssəl məlumatları əks etdirən ayrıca veb-saytlar yaradılıb.
Həmçinin elektron məhkəmə sisteminin Naxçıvan Muxtar Respublikası daxil olmaqla ölkə üzrə tətbiqi istiqamətində əməli işlər görülüb və bu gün sistem respublika məhkəmələrinin və icra qurumlarının ümumən yarıdan çoxunu əhatə edir. Bu sahədə ölkəmizdə bütövlükdə görüləsi işlərin əksər hissəsi artıq icra olunub. Bu sistemin yaxın gələcəkdə qərb və Şirvan regionlarını da əhatə edəcəyi nəzərdə tutulur.
–“Elektron məhkəmə” informasiya sisteminin işə düşməsi məhkəmə fəaliyyətində şəffaflığı artırırmı?
– Əlbəttə, elektron məhkəmə sisteminin tətbiqi həm də şəffaflığa xidmət edir.
Hər hansı bir şəxs barədə məlumatın dərc edilməsi konfidensiallıq baxımından həssas məsələ olduğundan şəffaflığın təmin edilməsi heç də asan olmayıb və biz kompromis yanaşma formalaşdıraraq vahid məhkəmə portalı çərçivəsində “Məhkəmə prosesi iştirakçısının şəxsi kabineti”ni yaratmışıq.
Bununla da proses iştirakçıları elektron imza ilə təsdiqlənmiş elektron iddia ərizəsi və digər sənədlər vermək, məhkəmə işinin materialları ilə ətraflı tanış olmaq imkanı əldə ediblər. Bu kabinet vasitəsilə onlar təyin olunmuş proseslər barədə uzaqdan, yəni SMS, elektron məktub və digər üsullarla xəbər tuta, məhkəmə qərarlarını isə elektron formatda hakimin elektron imzası ilə əldə edə bilirlər.
“Şəxsi kabinet”in matrisası proses iştirakçıları üçün məhkəmələrlə elektron formatda əlaqə yaratmaq, məsələn, məhkəmə araşdırmasının başqa vaxta keçirilməsi zərurəti və s. ilə bağlı məhkəməyə elektron məktubla müraciət etmək imkanı yaradır. Bundan başqa, “Şəxsi kabinet” bütün məhkəmə instansiyaları üzrə ilkin məhkəmə, apellyasiya və kassasiya baxışları barədə vətəndaşlara iştirakçısı olduğu məhkəmə prosesini izləməyə, icra icraatının gedişi ilə tanış olmağa şərait yaradır, onlara qarşı qaldırılmış bütün məhkəmə iddiaları barədə elektron məktub vasitəsilə xəbər tutmaq imkanı verir və s.
Bir məqamı da xüsusi qeyd etmək istərdim. Məhkəməyə “Şəxsi kabinet”dən müraciət edildikdə əvvəllər ödənilməsi yalnız iş saatlarında və bank vasitəsilə mümkün olan məhkəmə rüsumunun ödənişi barədə məsələ ortaya çıxır. Bu problemin həlli üçün Ədliyyə Nazirliyi Mərkəzi Bankla birlikdə “Məhkəmə rüsumlarının elektron ödəniş sistemi”ni yaradıb.
Hazırda bu sistem vasitəsilə fiziki və hüquqi şəxslər iddia ərizəsi elektron şəkildə daxil olduqda, bilavasitə bank kartlarının köməyi ilə “Şəxsi kabinet”də onlayn məhkəmə rüsumunu ödəmək imkanına malikdirlər. Həmçinin bu ödənişi “Dövlət rüsumlarının ödənilməsi üçün dövlət portalı”nda, eləcə də məhkəmə binalarında quraşdırılmış nağd ödəniş terminalları vasitəsilə həyata keçirmək mümkündür. Məhkəmə rüsumunun elektron ödənilməsindən sonra bütün məlumatlar həmin sistemlə eyni vaxta yaradılmış “Məhkəmə rüsumlarının vahid reyestri”ndə cəmləşir ki, bu da ödəmələr üçün lazım olan maliyyə hesabatlarını həyata keçirməyə, eləcə də məhkəmə rüsumlarının ödənilməsinə dair məhkəməyə təqdim olunmuş məlumatların doğruluğunu yoxlamağa imkan verir.
Beləliklə, sistem və reyestr dərhal məhkəmə sistemi üçün vacib olan bir neçə məsələni həll edir: məhkəməyə müraciəti asanlaşdırır; iddiaçıların qərəzli davranış hallarının, o cümlədən məhkəmə rüsumunun ödənilməsi barədə eyni qəbzin digər işlərlə bağlı istifadəsinin qarşısını alır; məhkəmə rüsumlarının ödənişləri üzrə daha ətraflı maliyyə hesabatlarının və məhkəmələrin səmərəliliyinin qiymətləndirilməsini təmin edir və s.
– Azər müəllim, əvvəldə qeyd etdiyiniz kimi, dünya praktikasında tətbiq olunan blokçeyn texnologiyasından məhkəmə fəaliyyətində də istifadə etmək mümkündürmü?
– Bəli. Ədalət mühakiməsinin aparılması prosesinin rəqəmsallaşdırılması dövrün tələbi olmaqla blokçeyn texnologiyasına əsaslanır. Blokçeyn məlumatların saxlanması vasitəsi və yaxud tranzaksiyaların, müqavilələrin, sövdələşmələrin rəqəmsal reyestridir. Bu texnologiyanın tarixi 2009-cu ildə ilk kriptovalyuta olan Bitcoinin yaranması ilə başlayır. Blokçeyndə verilmiş kreditlər, əmlak hüququ, yol hərəkəti qaydalarının pozulması, nikahla bağlı, daha doğrusu, demək olar ki, hər şey haqqında məlumatları saxlamaq mümkündür.
Bu texnologiya sistemə saxta blok əlavə etməyə və ya mövcud bloku sistemdən çıxarmağa imkan vermir, yəni, sənədlər giriş imkanları məhdud olmaqla daim nəzarətdə saxlanılır və yalnız istifadəçisi tərəfindən icazə verildiyi təqdirdə, həmin informasiya ilə tanış olmaq mümkündür. Sistem əldə olunan bütün yeni sənədləri, istintaq hərəkətlərinin protokollarını, məhkəmə hökmünü və ya tibbi qeydləri xronoloji ardıcıllıqla, dəqiq şəkildə işə “tikməyə” imkan verir. Məhz bunun sayəsində heç nə itmir və bütün məlumatlar ovuc içindəymiş kimi görünür.
Məsələn, rusiyalı tədqiqatçılar cinayət işlərinin vahid informasiya portalında rəsmiləşdirilməsinin elektron texnologiyasını yaradıblar. Bütün istintaq məlumatları məhz bu informasiya portalına yerləşdirilir. Bunun sayəsində prosessual status (təqsirləndirilən şəxs, zərərçəkmiş, iddiaçı və s.) müəyyənləşən andan etibarən proses iştirakçıları sistemə daxil olmaq imkanı əldə edirlər. Elektron cinayət işinin əsas səhifəsində, işi aparan orqan və konkret vəzifəli şəxs də daxil olmaqla, iş haqqında ümumi məlumat yerləşdirilir, müddət və hansı maddələr üzrə cinayət işinin qaldırıldığı (ittiham irəli sürüldüyü) barədə qeyd aparılır.
Eyni zamanda, yaxın perspektivdə ərizələrin daxil olmasından başlayaraq cəzaların təyin edilməsinə qədər, əksər proseslərin rəqəmsallaşdırılması nəzərdə tutulur. Hazırda kağızdan geniş istifadə edilməsi materialların saxtalaşdırılması və dəyişdirilməsi, prosessual prosedurların vaxtında yerinə yetirilməməsi, cinayət işinin itirilməsi risklərini daşıyır və bütövlükdə cinayət prosesi qapalı aparılır. Yeni “E-cinayət işi” proqramının işlənib-hazırlanması bu problemləri aradan qaldıracaqdır. Artıq Qazaxıstanda bu sahədə müəyyən təcrübə əldə edilib. Fikrimcə, belə bir proqramın tətbiqi cinayət prosesinin araşdırılmasında nizam-intizamın və dəqiqliyin, düzgünlüyün təmin olunmasında, dəlil-sübutların toplanması və prosessual sənədlərin tərtib edilməsi prosedurunun sadələşdirilməsində əhəmiyyətli ola bilər.
Başqa ölkələrdə də oxşar layihələr işlənib-hazırlanır, “rəqəmsal ədalət məhkəməsi”nin ayrı-ayrı elementləri daha çox inkişaf etmiş dövlətlərlə yanaşı, artıq Gürcüstanda, Baltikyanı ölkələrdə, Səudiyyə Ərəbistanında və s. tətbiq olunmaqdadır.
– Bir neçə ildir ki, ölkəmizdə də “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunmaqdadır. Bu sistem məhkəmə fəaliyyətinin səmərəliliyinə necə təsir göstərir?
– Bildirməliyəm ki, ¬Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı və mülki sənəd dövriyyəsinin sürətlə artması, eyni zamanda, ədalət mühakiməsinə çıxışın xeyli asanlaşması məhkəmələrdə baxılan işlərin sayının kəskin çoxalmasına gətirib çıxarıb. Bir vaxtlar - 2016-cı ildə məhkəmələrdə baxılan mülki xarakterli işlərin sayı 470 mini ötmüşdü ki, bu da yeni məhkəmə sisteminə qədərki dövrlə - 1999-cu illə müqayisədə 21 dəfə çox idi. Görülmüş tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində növbəti ildə bu növ işlərin sayının 80 min azaldılmasına nail olunsa da, bu göstəricinin özü də olduqca yüksəkdir.
Sözsüz ki, iş sayının əhəmiyyətli dərəcədə artması məhkəmələrin hədsiz yüklənməsinə səbəb olur və ədalət mühakiməsinin keyfiyyətlə yerinə yetirilməsinə mənfi təsir göstərir.
Bunun üçün sloveniyalı ekspertlərlə birgə “Elektron məhkəmə” bazasında əmr icraatı işləri üçün avtomatlaşdırılmış məhkəmə baxışı sistemi işlənib hazırlanıb və 2017-ci ilin martından etibarən uğurla tətbiq edilir.
- Bu sistem necə işləyir?
- Qısaca izah edim ki, əmr icraatı qaydasında baxılan işlərə daha çox mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlər aiddir və hazırda onlar mülki xarakterli işlərin təxminən üçdə birini təşkil edir. Sistemin mahiyyəti isə ondan ibarətdir ki, öz sistemlərini “Elektron məhkəmə” sisteminə uyğunlaşdıran iri iddiaçılar əmr icraatı işləri üzrə məhkəmələrə elektron ərizələr göndərmək imkanı əldə edirlər və bu ərizələrin çoxluğuna baxmayaraq, elə həmin gün, yaxud ən geci ertəsi gün elektron məhkəmə qərarını alırlar. Məsələn, məhkəmə xidmətlərindən yararlanan iri istifadəçilərdən biri bu yaxınlarda bir dəqiqə ərzində Bakının rayon məhkəməsinə borcun ödənilməməsi barədə 300 elektron iddia ərizəsi verib və 15 dəqiqə ərzində onların hamısına dair məhkəmə qərarları alıb.
Bu işlərə məhkəmədə bir hakim tərəfindən baxılır. Beləliklə, əmr icraatı işlərinə baxan digər hakimlər ağır yükdən tamamilə azad olurlar. Həmin işlər üzrə çıxarılan bütün qərarlar icra orqanlarına da elektron formatda göndərilir. Bu isə qərarları avtomatlaşdırılmış qaydada icra etməyə və məhkəmə icraçılarını səhih informasiya ilə təmin etməyə imkan verir.
İndiki vəziyyət belədir ki, bütün ölkə üzrə bu kateqoriyadan olan işlərə baxılmasının öhdəsindən cəmi 4 hakim və 30 məhkəmə işçisi gələ bilər, halbuki elektron sistemin tətbiqinədək bu prosesə 270-dən artıq hakim və 320-dən çox məhkəmə işçisi cəlb olunurdu.
Eyni zamanda, məlumat üçün bildirim ki, əmr icraatı məsələlərini notariusların eyni tipli icra qeydi ilə həll etmək daha asan və daha səmərəli bilindiyindən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən bu funksiyanı növbəti ildən müvafiq elektron sistem vasitəsilə notariuslar həyata keçirəcəklər.
Bütün bunlar, gözlənildiyi kimi, maliyyə xərclərinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır.
- Azərbaycanda rəqəmsal texnologiyalar cinayət-mühakimə icraatında da fəal tətbiq edilir.
- Bəli Azərbaycanda Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə daxil olmuş yeni cəza növü – azadlığın məhdudlaşdırılması cəzasına, məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş şəxslər üzərində nəzarətin gücləndirilməsi, habelə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslər üçün elektron qolbaq tətbiq olunur ki, bu da probasiya xidmətinin əməkdaşlarına həmin şəxslər üzərində gecə-gündüz distant nəzarəti həyata keçirməyə imkan verir.
Bu mobil elektron qurğunun cinayət ədliyyəsi fəaliyyətində tətbiqi məhkəmələrə cəmiyyətdən təcridlə bağlı olmayan alternativ cəza tədbirlərini geniş tətbiq etmək, cinayət prosesinin məhkəməyə qədərki mərhələlərində prosessual məcburiyyət tədbirlərini xeyli azaltmaq məqsədi daşıyır.