Banklar problemli müştəriləri necə tanıyır və onlara kredit verirlərmi? Müştəri nə vaxt problemli sayılır və onun krediti qaytarması üçün bank hansı addımları atır? Ailə üzvlərindən biri krediti qaytarmayıbsa, bank digər ailə üzvünə kredit verirmi. FED.az Azərbaycan Beynəlxalq Bankının (ABB) Pərakəndə bizns departamentinin direktor müavini Mübariz Qurbanovun müsahibəsini təqdim edir.
- Mübariz müəllim, bizə maraqlıdır ki, Azərbaycanın bank sektoruna kredit üçün müraciət edənlərin hansı hissəsi kredit götürə bilir?
- Məlumat üçün bildirim ki, ABB-da kredit üçün müraciət edənlərin yarıdan çoxu müsbət cavab alır. Bunun da səbəbi ilk növbədə ondan ibarətdir ki, insanlar dah ehtiyatlı borclanmaya başlayıblar. Vətəndaşlarımız banklarda olan kreditqaydaları haqqında məlumatlıdırlar. Təbii ki, bankımızın elan etdiyi şərtlər və qaydalar, eləcə də prosedurlar insanlar üçün əlçatan olduğu üçün müraciətlərin müsbət cavablandırılması faizi yüksəkdir.
- Bəs kreditdən imtina alanlar kimlərdir? Banklar kimə kredit verməkdən çəkinir?
- Bankların hər birində presedur qaydalar var. Bu prosedur qaydalar Azərbaycan Mərkəzi Bankının və Maliyyə Bazarlarına Nəzarət Palatasının tərəfindən müəyyən olunmuş təlimat və qaydalara uyğun olaraq hazırlanmışdır. Kreditdən imtina alanlar daha çox müraciət edənlərin potensial borcalanın kredit tarixçəsində pis keyfiyyətli kreditlərin olması səbəbindən, eləcə də bəzi hallarda vətəndaşların ödəniş qabiliyyətindən daha yuxarı məbləğdə kredit göürmək istəməsindən irəli gəlir.
- Bəs banklar nədən bilirlər ki, bu müştəri alacağı krediti qaytarmayacaq? Yalnız gəlirlərinə görə?
- Ümumiyyətlə banklarda brcalanın kredit üçün uyğunluğunun təhlili, onun ödəniş qabiliyyətinin təhlili, o cümlədən məsuliyyətliliyinin təhlili üzərində aparılır. Vətəndaşların ödəniş qabiliyyətinin olması onun heç də ödəniş edəcəyini bildirmir. Bu səbəbdən də müraciətçinin yaşam tərzi, onun kredit tarixçəsi, onun məsuliyyətliliyi müəyyənləşdirmək üçün müəyyən çarpaz suallar verilir və bunun əsasında təhlil aparılaraq kredit üçün uyğunluq müəyyənləşdirilir.
- Bu suallardan bir neçəsini misal göstərə bilərikmi? Mən müştəriyəm, siz bankirsiniz. Mənim hazırda ödədiyim kreditlərim də var, mənə hansı sualları verəcəksiniz kredit üçün müraciət etdiyim təqdirdə?
- Bu suallar daha çox ilk növbədə borcalanın fərdi məlumatlarını əhatə edir. İş tarixçəsi, ailə üzvləri haqqında məlumatlar, yaşayış tərzi və s. Əgər bu məlumatlara düzgün cavab alınırsa o zaman bu suallar çarpaz olaraq yoxlanılır. Çünki bank kreditin verilməsi haqqında qərarı yalnız müştərinin verdiyi fərdi məlumatlar asasında deyil, həm də rəsmi təsdiqlənməli məlumatlar əsasında qəbul etməlidir. Məlumatlar çarpaz yoxlanılır və üst-üstə düşüdüyü halda, eləcə də borcalanın kredit tarixçəsi müsbət olduğu halda , vaxtilə götürdüyü kreditlərin geri ödənməsində problem olmadıqda kreditə müsbət cavab verilir.
- İctimaiyyətdə bankirlərlə və bankla bağlı belə bir münasibət var ki, ödəniş azacıq gecikən kimi banklar yaxın adamlara zəng edib ödənişi tələb edirlər. Hətta 2 gün gecikmə zamanı da israrçı zənglər olur. Bu halda müştərilər nə qədər haqlıdır?
- Ödənişi gecikdirən müştərilərə məlumat xarakterli zənglərin olması təbiidir. Bəzi hallarda müştərilərin yaxınlarına və qohumlarına zənglər olur. Əslində banklar kredit verəcəyi müştəri ilə əlaqəni daha sıx saxlaya bilmək üçün bir neçə əlaqə nömrəsi, xüsusən də ev telefonunun nömrəsini istəyir. Çünki bəzi hallarda müştərilər ya bilərəkdən, ya da bilməyərəkdən əlaqələrdən yayınırlar. Bu halda əlaqə vasitələrinin çox olması müştərilərlə ünsiyyət qurulmasında əsas köməkçi vasitələrdir. Amma yaxınlarıa və qohumlara zənglə bağlı bildirmək istərdim ki, müştərilər gecikmə etmədikdə, əlaqədən yayınmadıqda bu vasitədən istifadə edilmir.
- Ödəniş nə qədər yubanmalıdır ki, kredit problemli sayılsın, qohumlara və yaxınlara zəng olunsun?
- Ümumiyyətlə qanunvericiliyin tələblərinə görə borcalanla razılaşdırılmış ödəniş cədvəlində göstərilmiş tarixdə göstərilmiş məbləğin ödənməməsi artıq gecikdirilmiş kredit borcu deməkdir. Bu müddət bir gündə olsa kredit gecikdirilmiş hesab edilir.
- Tutaq ki bu gün ayın 27-sidir, gün ərzində banka getməyə fürsətim olmayıb və krediti axşam evə gedərkən online sistemlə ödəmişəm. Bu da gecikdirilmiş kredit hesab olunur?
- Bankın iş saatlarından sonra ödənilmiş kredit gecikmiş hesab olunur. Əgər iş saatlarından kənar ödənibsə bu növbəti iş gününə sayılır. Kredit bankın iş saatlarında ödənməlidir ki gecikmə hesab olunmasın.
- Mübariz müəllim, problemli müştərilər - kreditdən yayınan, vaxtında ödəməyən müştərilər hansı üsullarla yayınırlar?
- Qeyd edim ki, bütün müştərilər belə deyil və problem yarandığı zaman əlaqədən yayınmırlar. Amma qeyd etdiyimiz problemli müştərilərimiz var ki, kommunikasiyadan yayınırlar, mobil telefonu söndürürlər, zənglərə cavab vermirlər.
- Belə olan halda bank nə edir?
- Belə olduqda rəsmi ünvanlara bildiriş məktubları göndərilir.
- Qohumlara zəng nə vaxt edilir?
- Qohumlara zəng kredit sifarişləri zamanı borcalanın özünün, dostunun, qohumlarının əlaqə nömrəsini qoyur, bu kimi hallarda qohumlara zəng olunması da istisna deyil.
- Tutaq ki, müştəri gəlib sizdən kredit istəyir, siz bildirirsiniz ki, bəli sizə kredit düşür. Bu halda müştəri deyir ki, yox mən nömrə verə bilmərəm. Bu halda nə etmək olur?
- Bu artəq kreditin təhlilindən asılıdır. Borcalanlar olur ki, onların kredit reytinqi yüksəkdir, kredit tarixçəsi etibarlıdır. Bu zaman həm etibarlılıq, həm məsuliyyətlilik baxımından, həm də ödəniş qabiliyyəti baxımından bankın tələblərinə tam cavab verir. Bu kimi halda əlaqə mobil telefon və ya ev nömrələri istənilmir. Yalnız borcalanın öz nömrəsi ilə kifayətlənir bank.
- Müştərinin qara siyahıya düşməsi, daha dəqiq desək kredit reyesterinə problemli müştəri adı ilə düşməsi ona gələcəkdə hansı problemləri yaradır?
- O müştərinin gələcəkdə kredit götürmələrində problem yaranır. Çünki hər bir bank kredit tələb edildikdə borcalanın kredit ödəmək qabiliyyətini onun mövcud kredit tarixçəsi əsasında öyrənir. Əgər həmin tarixçədə pis keyfiyyətli kreditlər müəyyən olunursa bu borcalana kredit verməkdən imtina üçün əsas səbəblərdən biridir. Kreditlərinin ödənməsində problem yaradan borcalan həm gələcəkdə özünün, həm də özü ilə bir ünvanda yaşayan yaxınlarının və ailə üzvlərinin kredit götürməsinə problem yaratmış olur.
- Hətta ailə üzvlərinə də?
- Bəli bu gün banklarda olan sistemlər vasitəsi iə həm ailə üzvlərinə, həm də ünvanlar üzrə problemli kreditlərin müəyyənləşdirilməsinə köməklik göstərir.
- Bu maraqlı nüansdır, ilk dəfədir eşidirəm. Tutaq ki kimsə yaxınlaşıb bankdan kredit götürüb, amma vaxtında ödənişlərini etməyib və prblemli müştəri kimi qeydə alınıb. Bir neçə aydan sonra onun həyat yoldaşı, oğlu və ya yaxın həmin ünvanda yaşaya-yaşaya başqa bir bankdan kredit götürmək üçün müraciət edir. Birinci şəxsin kreditini yaxşı ödəməməsi ailə üzvlərinin kredit götürməsinə təsir edir?
- Əgər həmin şəxs kredit almaq üçün digər banka müraciət edibsə ola bilər ki, müəyyənləşdirilməsində çətinlik yaransın. Əgər eyni banka müraciət edibsə bankın daxili sistemində təbii ki, müəyyən ediləcək.
- Bu halda imtina verilir konkret?
- Xeyr, bu artıq situasiyadan, həmin müştərinin təhlilindən asılıdır. Ola bilər ki, problem böyük məbləğli kreditdə baş verib, borcalan tərəfindən müəyyən məsuliyyətsizlik olub, bankı aldatma halı olub və s. Bu hallar təbii ki, imtina üçün əsas sayıla bilər.
- Bir də zaminlər məsələsi var. Tutq ki, bir şəxs başqasına zamin durub, o da kredit götürüb. İndi krediti götürən şəxs qaytarmır. Belə olan halda zamninin də adı qara siyahıya düşür? Əgər düşürsə gələcəkdə banklarla arasında problem yaranır?
- Ümumiyyətlə bildirim ki, hal-hazırda Azərbaycan kredit bürosundan borcu olanların kredit tarixçəsinə aid çıxarışda borcalanlafrın zamin durduğu kreditlər üzrə də məlumatlar öz əksini tapır. Bu öhdəliklər hər bir şəxs üçün borc işinin müəyyənləşdirilməsində istifadə olunur. Buna “DTİ” əmsalı deyilir, borc yükünün müəyyənləşdirilməsi əmsalı. Həmin əmsalın hesablanmasında şəxsin özünün götürdüyü kreditlər üzrə aylıq ödənişlərlə bərabər zamin durduğu kreditlər üzrə də aylıq ödənişlər də onun borc yükü kimi nəzərə alınır.
- Deməli zamin durduğumuz borclar da bizim öz borcumuz sayılır?
- Tamamilə doğrudur.
- Tutaq ki, mənim banka 2000 borcum var, bir neçə tanışıma da zamin dayanmışamsa və o borclar da üst-üstə 50 min manatdırsa belə çıxır ki, bank sisteminə mənim 50 000 öhdəliyim var.
- Tamamilə doğrudur. Siz kredit üçün müraciət etdikdə sizin aylıq borc yükünüz müəyyənləşdirildikdə zamin durduğunuz kreditlər üzrə aylıq ödənişlər nəzərə alınır. Çünki əgər borcalan özü bu kredit məbləğini ödəməsə siz bu kreditlərin ödənməsi üçün məsul şəxs sayılırsınız.
- Məsələnin başqa bir tərəfi də var. Tutaq ki mənim banka borcum yoxdur, amma başqa-başqa insanlara zaminliyim var. Özüm üçün kredit almaq istəyəndə başqalarına zamin durmağımı nəzərə alaraq bank imtina edə bilər kredit verməkdən. Deyə bilrə ki, sənin borcun çoxdur. Elədir?
- Bəli, doğrudur.
- Bəlkə də əksəriyyət bunu bilmir, amma bilməlidirlər ki, gələcəkdə zamin durduqları kreditlərin yükü onların öz yükü kimi sayılacaq və ola bilər ki, buna görə imtina verilsin.
- Çox düzgün qeyd etdiniz. Vətəndaşlarımız zamin duran zaman hansı məbləğdə kredit üçün zamin durduqlarını, eləcə də zamin durduqları vətəndaşın borcu hansı məqsədlə götürdüyünü mütləq öyrənməli və həmin şəxsin ödəniş qabiliyyətinə bələd olmalıdırlar.
- Tutaq ki, hansısa müştəri bankdan kredit götürüb, yaxşı ödəyə bilməyib, ləngidib. Bilirsiniz ki, hazırda bu cür problemlər çoxdur. 10 il bundan əvvəlki hal ilə müqayisədə əhalinin kreditə münasibəti fərqlidir. Əvvəllər insanlar heç nəyə baxmadan kredit götürürdülər, amma indi ehtiyyatlıdırlar. Bu insan da indi düşüb qara siyahıya. Gəlib deyir ki, səhv etmişəm, gənc olmuşam, ödəməmişəm, yenidən kredit istəyir... Onun axırı necə olur?
- Qeyd edim ki, bu məsələ hazırda banklarda ən aktual məsələlərdən biridir. Borcalanın kredit tarixçəsi araşdırılanda adətən diqqət olunur ki, borcalanın eyni vaxtda bir neçə krediti olubsa və bu kreditlərin hamısında gecikmə olub yoxsa birincə gecikmə baş verib, digərlərində baş verməyib. Kreditlərin problemlə ödənməsi eyni zaman kəsiyində baş verirsə bu borcalanın həyatında müvəqqəti maliyyə prbleminin olmasının göstəricisidir. Bu tip hallarda borcalana sınaq kreditlər verilir, bu da kiçik həcmli kreditlər olur. Bu onun kredit tarixçəsinin sağlamlaşdırılması üçün yaradılan şəraitdir. Əgər müraciətçinin bütün kreditlərində problem varsa bu artıq borcalanın nəinki ödəniş qabiliyyətli olmaması, həm də ödəniş məsuliyyətinin olmamasının göstəricisidir. Odur ki, bu cür müştərilərin kredit müraciətinə birbaşa imtina verilir. Amma borcalanın 3 krediti olub, və bunun birində gecikmə olubsa digər iki kreditini normal ödəyibsə bu müştərilərə fərdi qaydada yanaşılır.
- Müştəri indiyədək heç vaxt kredit götürməyibsə bu banka əsas verirmi ki, ondan şübhələnsin? Yəni bu insan indiyədək kredit üçün müraciət etməyib, bu şübhəlidirmi?
- Şübhəli məqam olsa da bu o demək deyil ki, vətəndaşın kreditinin olmaması pis şeydir. Onun aylıq gəlirlərinə baxılır. Ola bilər ki, yüksək əməkhaqqı olan işdə çalışır, aylıq gəlirləri yüksəkdir. Amma bu onun kreditini vaxtında ödəyəcəyi demək deyil. O istədiyi məbləği müəyyən təyinatlar üçün öz şəxsi vəsaitindən xərcləyir.
- Əgər vətəndaş krediti ödəyə bilmirsə, banka müraciət edirsə ki, mən artıq çətinlik çəkirəm ödəniş edə bilmirəm, bank ona kömək edə bilir? Özü gəlib doğrusunu dediyi üçün bank ona ayrıcalıq tanıya bilir?
- Bu cür hallar da olur. Bu kimi halda müştərilərə problemin ilk növbədə səbəbi bank və müştəri ilə birlikdə araşdırılaraq çıxış yolları müəyyənləşdirməyə çalışılır. Bu tip hallarda kredit restrukturizasiya olunur. Bu kredit üzrə yeni şərtlərin müəyyənləşdirilməsi və yeni ödəniş cədvəlinin təyin olunması deməkdir. Olur ki, vətəndaşda müvəqqəti problem yaranır, müvəqqəti maliyyə çətinliyi yaranır, bu səbəbdən banklar kreditin restrukturizasiyasından istifadə edərək müştərinin kredit tarixçəsinin sağlam qalması üçün çalışırlar. Əgər yaxşı müştəridirsə bank öz etibarlı müştərilərini itirmək istəməz və bunun üçün ona həll yolları yaradır.
Banklar kimlərə kredit vermir? – BANKİRLƏ MÜSAHİBƏ
12:24
5 Sen 2018