İyulun 15-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 2023-cü ilin birinci yarısı ərzində cinayətkarlığa qarşı mübarizə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Azərbaycanın sənaye zonalarında – NÖVBƏTİ BÖYÜK LAYİHƏ – TAİLAND ŞİRKƏTİLƏ İMZALANMA
FED.az xəbər verir ki, müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov bildirib ki, 2023-cü ilin birinci yarısında Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8 min 552 cinayət hadisəsi qeydə alınıb və onların 88,5 faizinin açılması təmin olunub. Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində törədilən 24 qəsdən adam öldürmə və 11 qəsdən adam öldürməyə cəhd cinayətlərinin, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilib.
İclasda bildirilib ki, son yarım ildə Bakıda özünü öldürmə həddinə çatdırma, qəsdən sağlamlığa ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, qaçaqmalçılıq, xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlərin sayı azalıb. Əvəzində iqtisadi sahədə, o cümlədən korrupsiya, qulluq mənafeyi və mülkiyyət əleyhinə olan cinayətlərin sayında artım müşahidə olunub.
Qeyd edilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 122 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 83 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 3 milyon 139 min 311 manat məbləğində maddi ziyanın 1 milyon 659 min 584 manatının və ya 52,9 faizinin ödənilməsi təmin olunub.
Hesabat dövründə xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad edilib.