Tovuzda dövlət hərraclarında ucuz qiymətə avtomobillər və mülk alıb-satmaq adı ilə 120 min manatlıq dələduzluq edən şəxs həbs olunub.
Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti
FED.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Cəsur E. ittiham olunduğu əməli törətməkdə təqsirli bilinib və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Onun barəsində öncədən seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Cəsur E. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərraclarda ucuz qiymətə avtomobillər və mülk alıb-satmaq adı ilə vətəndaşların etibarından sui-istifadə etməkdə təqsirləndirilib.
İttihama görə o, özünü dövlət hərraclarında təcrübəli şəxs kimi qələmə verərək, bazar dəyərindən dəfələrlə ucuz "Hyundai Sonata", "Lada Niva", "VAZ 2107", "Priora" və digər maşınları alacağını vəd edib.
O, həmçinin Şəmkir rayonunda yerləşən "Çinar" soyuducu zavodunun özəlləşdirilməsində pay sahibi etmək adı ilə zərərçəkmişin birindən külli miqdarda pul alıb.
Digər zərərçəkəndən isə 14 min manat dəyərində “Chevrolet Cruze” markalı avtomobilini lizinqlə satmaq adı ilə götürərək, özünün başqa bir şəxsə olan 11 min manat şəxsi borcunun əvəzinə verib. O, 7 nəfərə ümumilikdə 120 min manatdan artıq ziyan vurub.
Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.
İttiham edilən şəxs dəymiş ziyanın 63 min manatını ödəyib.
Təqsirləndirilən şəxs bundan öncə oğurluq əməlində təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 2026-cı ilin əvvəlində “Amnistiya aktı” ilə cəzadan azad edilib. (Apa)












