Türkiyə ilə Azərbaycan arasında “İcazə” blanklarının elektron şəkildə mübadiləsinə və verilməsinə imkan verən “E-Permit” sisteminin yaradılması və inteqrasiya işləri uğurla yekunlaşıb.
FED.az xəbər verir ki, layihənin icrası çərçivəsində ölkələrimiz arasında ikitərəfli yükdaşımalarda elektron icazənin tətbiqinə başlanılıb və ilk sınaq daşınmaları yerinə yetirilib. Elektron icazənin tətbiqi ilə dekabrın 16-da Türkiyə daşıyıcı şirkətinə məxsus ilk yük avtomobili Azərbaycana çatıb. Elektron “İcazə” blankı alan, Azərbaycandan yola düşən ilk yük avtomobili isə dekabrın 18-də Türkiyə ərazisinə daxil olub.
İcazələrin elektronlaşdırılması gömrük prosedurlarını əsaslı dərəcədə sadələşdirir. Əldə olunan inteqrasiya ilə Türkiyə tərəfindən verilən Elektron İcazə blankları və icazənin verildiyi yük nəqliyyat vasitələri haqqında məlumatlar real vaxt rejimində AYNA-nın informasiya sistemi vasitəsilə Dövlət Gömrük Komitəsinin VAİS sisteminə ötürülür. Dövlət sərhədindən buraxılış məntəqəsinə yaxınlaşan yük nəqliyyat vasitələrinin icazə blankının qeydiyyatı ilə bağlı əlavə vaxt itkisinə yol verilmədən ölkə ərazisinə girişi təmin edilir.