ABŞ və Çin arasında ticarət gərginliyinin azaldılması istiqamətində yeni ümidlər yaranıb.
Tramp varlılar üçün vergiləri - 40 %-Ə QALDIRMAQ İSTƏYİR
FED.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə "Çin üçün 80% tarif düzgündür" yazaraq tariflərin azaldılmasına dair istək siqnalı verib. Bu açıqlama iki ölkə rəsmilərinin İsveçrədə keçirəcəyi danışıqlardan əvvəl gəlib. Trampın prezidentliyə qayıtdıqdan sonra tətbiq etdiyi 145%-lik Çin mallarına tariflərə cavab olaraq Pekin də bəzi Amerika məhsullarına 125%-lik rüsum qoymuşdu.
Çinin Aprel ayına aid yeni ixrac göstəricilərinə görə, ABŞ-a ixrac keçən illə müqayisədə 20%-dən çox azalsa da, ümumi ixrac gözləniləndən yüksək – 8.1% artım göstərib. Çin Xarici İşlər nazirinin müavini Hua Çunying, Pekinin ABŞ-la ticarət məsələlərini idarə etməyə "tam inamı" olduğunu bildirib. Danışıqlara ABŞ Maliyyə naziri Skott Bessent və Çinin vitse-premyeri He Lifeng rəhbərlik edəcək. Mütəxəssislər isə tərəflərin razılığa gəlməsi üçün prezidentlərin birbaşa iştirakı lazım olduğunu bildirirlər.
Hazırkı vəziyyətdə həm Vaşinqton, həm də Pekin iqtisadi təzyiqlərlə üzləşdiyi üçün analitiklər iki ölkə arasında "əməliyyat səviyyəsində gərginliyin azaldılması"nın mümkün olduğunu deyirlər. Amma keçmiş ABŞ ticarət danışıqları rəsmisi Stiven Olson qeyd edib ki, sistemli problemlər tez bir zamanda həll olunmayacaq. ABŞ-ın İMF-də Çinə cavabdeh olan keçmiş rəhbəri Esvar Prasad isə tariflərin qismən azaldılmasının belə iki ölkə arasında böyük fərqləri aradan qaldırmayacağını bildirib.