ABŞ Prezidenti Donald Tramp administrasiyası məcburi əməyin qarşısının alınması sahəsində kifayət qədər tədbir görülmədiyi iddiası ilə 60 ticarət tərəfdaşından idxal olunan mallara yeni gömrük rüsumları tətbiq edib.
FED.az xəbər verir ki, yeni rüsumlar 10% və 12,5% səviyyəsində müəyyənləşdirilib və Avropa İttifaqı, Çin, Yaponiya, Cənubi Koreya, Tayvan və digər ölkələri əhatə edir. Qərar ABŞ-də 150 gün qüvvədə olmuş müvəqqəti 10 faizlik qlobal tarif rejiminin başa çatdığı vaxtdan etibarən qüvvəyə minib.
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir bildirib ki, Vaşinqton məcburi əməklə istehsal olunan məhsulların idxalına qarşı qadağanı uzun illərdir ciddi şəkildə tətbiq edir və digər ticarət tərəfdaşlarının da eyni yanaşmanı sərgiləməsinin vaxtı çatıb. Onun sözlərinə görə, yeni tədbirlər həm insan hüquqlarının qorunmasına, həm də beynəlxalq ticarətdə rəqabət şəraitinin bərpasına xidmət edir.
Yeni rüsumlar ABŞ Ticarət Aktının 1974-cü il tarixli 301-ci maddəsi əsasında tətbiq olunur və ölkəyə idxal olunan məhsulların təxminən 99,4%-ni əhatə edir. Bununla yanaşı, neft və qaz, gübrə, eləcə də bəzi ərzaq məhsulları bu tədbirlərdən istisna edilib.
ABŞ 10%-lik rüsumu Argentina, Banqladeş, Böyük Britaniya, Kamboca, Kanada, Ekvador, Salvador, Qvatemala, Honduras, Hindistan, İndoneziya, İordaniya, Malayziya, Meksika, Pakistan, Şri-Lanka, Trinidad və Tobaqodan idxal olunan mallara tətbiq edib.
Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya, Tayvan və İsveçrə üçün əvvəlki tariflərlə birlikdə ümumi rüsum dərəcəsi 10% və ya 12,5% təşkil edəcək. Qalan 38 ölkə, o cümlədən Vyetnam və Çin üçün isə 12,5%-lik tarif müəyyənləşdirilib.
Avropa Komissiyası ABŞ-nin qərarının əvvəlki tarif öhdəliklərinə uyğun olduğunu bildirərək bunun tərəflər arasında əlavə tarif güzəştləri üzrə danışıqlar üçün müsbət impuls yaratdığını qeyd edib.
Böyük Britaniya hökuməti isə yeni tədbirlərin ölkə ixracatçılarına mənfi təsir göstərməyəcəyini açıqlayıb. London Vaşinqtonla əldə olunmuş razılaşmanın qüvvədə qaldığını və bəzi məhsullar üzrə tariflərin sıfıra endirildiyini vurğulayıb.
ABŞ administrasiyası, həmçinin Çinlə 2025-ci ilin noyabrında əldə olunmuş ticarət razılaşmasına uyğun olaraq Çin mallarına tətbiq edilən ümumi tarif səviyyəsini yenidən 20%-ə çatdırmağı planlaşdırdığını, lakin bu həddi aşmayacağını bildirib.














