Bu ilin yanvar ayında Azərbaycanın idxal əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb. Ümumi idxal 750 milyon dollardan çox və ya 36,6% azalaraq 1 milyard 302,2 milyon ABŞ dolları təşkil edib. Azalmanın əsas səbəbi dövlət sektoru tərəfindən idxalın 7,7 dəfə kiçilməsi olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Sektorlar üzrə təhlil göstərir ki, ən kəskin dəyişiklik dövlət sektorunun idxalında qeydə alınıb. Belə ki, bu sektorun idxalı 743,4 milyon dollar (7,7 dəfə) azalaraq 853,6 milyon dollardan cəmi 110,2 milyon dollara enib. Bunun əksinə olaraq, özəl sektorun idxalında cüzi artım yaşanıb: 30,6 milyon dollar (+3,0%) artımla idxal 1 milyard 63,3 milyon dollara çatıb. Fiziki şəxslərin idxalı isə 37,4 milyon dollar (-22,5%) azalaraq 128,8 milyon dollar olub.
İdxalın coğrafiyasına nəzər saldıqda, bütün əsas istiqamətlər üzrə azalma müşahidə olunur. MDB ölkələrindən idxal 169,7 milyon dollar (-38,9%), Aİ ölkələrindən idxal 28,5 milyon dollar (-13,4%), digər ölkələrdən idxal isə 552 milyon dollar (-39,3%) azalıb.
Ümumi azalma fonunda yüksək texnologiyalar məhsullarının idxalında artım qeydə alınıb. Bu kateqoriya üzrə idxal 18,6 milyon dollar (+18,3%) artaraq 120,2 milyon dollara çatıb.
Digər göstəricilərə gəlincə, idxal olunan malların çeşid sayı cüzi (-1,3%) azalaraq 5 052 ədəd olub. Humanitar yüklərin həcmində isə 589 min dollar (-16,8%) azalma baş verib.










