Təxminən 70-ə yaxın dövlətin nümayəndələri gömrük rüsumlarının azaldılması ilə əlaqədar danışıqların başlaması üçün Birləşmiş Ştatlara müraciət edib. Müzakirələr iyun ayına qədər davam edə bilər.
Tramp: "Ölkələr tariflərin ləğvi üçün çox pul ödəməli olacaqlar"
FED.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə naziri Skot Bessent bəyanat verib.
“50, 60, bəlkə də, az qala 70 ölkə danışıqların başlaması təklifi ilə Tramp administrasiyasına müraciət edib. Ona görə aprel, may və yəqin ki, iyun ayları çox “zəngin” keçəcək”, - deyə Bessent qeyd edib.
Maliyyə nazirliyinin rəhbəri fürsətdən istifadə edərək xarici dövlətlərin rəhbərlərinə də müraciət edib. Bessent onları soyuqqanlı qalmağa, vəziyyəti gərginləşdirməməyə və idxal rüsumları üzrə konkret təkliflərlə bağlı Vaşinqton administrasiyasına müraciət etməyə səsləyib.
Onun sözlərinə görə, Tramp müəyyən məqamda danışıqlara başlamağa hazır olacaq.
Xatırladaq ki, 2 aprel tarixində ABŞ Prezidenti Donald Tramp yeni gömrük rüsumları sistemini təsdiqləyib. Əsas rüsum dərəcəsi bütün idxal olunan məhsullar üçün 10% təşkil edir, ayrı-ayrı ölkələr üçün isə bu göstərici daha yüksək olacaq: Məsələn, Çin üçün 34%, Vyetnam üçün 46%, Avropa İttifaqı üçün isə 20%. (Trend)