Əsas məqsədimiz türk dövlətləri arasında köçürmələrdə azadlığın əldə olunması, ucuz və sürətli maliyyə tranzaksiyalarının icra olunma imkanının həyata keçirilməsidir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "Azərbaycan Fintex Assosiasiyası"nın ("AzFina") İdarə Heyətinin sədri Edqar Abdullayev Bakıda keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, türk dilli dövlətlər ani ödəniş sistemləri üzərindən bir-biri ilə danışa bilsə, bu o deməkdir ki, beynəlxalq ödənişlər zamanı türk dilli dövlətlər arasındakı ödənişlər daha ucuz, daha çevik və ən əsası daha təhlükəsiz həyata keçirilmiş olacaq.
"2024-cü ildə türk dilli dövlətlərin əməkdaşlıq platformasında mərkəzi bankların əməkdaşlığının təməli quruldu. Eyni zamanda da "Türkfin" adı altında biz Azərbaycan Fintech Assosiasiyası, Türkiyənin Ödəniş Təşkilatı TÖDEB ilə birlikdə digər türk dilli dövlətləri də toplayaraq "Türkfin" yaratdıq. Və bu əsas məqsədimiz ortaq bir platformanın yaradılması və bu platforma üzərindən ödəniş imkanlarının, eyni zamanda requlyator çərçivələrinin xüsusi tənzimlənmə rejimindəki məhsulların rəqəmsal kimliyin yaradılması və bu ödəniş xidmətlərini imkanını verən lisenziyaların qarşılıqlı, ən azından ilk başlanğıcda türk dilli dövlətlər tərəfindən tanınmasını məqsəd qoymuşuq özümüzə.
Bundan sonrakı növbəti mərhələ bizim arzumuz və məqsədimiz odur ki, məsələn, Azərbaycanda Mərkəzi Bank tərəfindən lisenziya almış elektron pul təşkilatının son istifadəçisi gedib Türkiyədə və yaxud Özbəkistanda eyni hesabla artıq ödəniş xidmətlərində iştirak eləyə bilsin. Digər ən böyük bizim üçün uğurlu bir nailiyyət, ümumi maliyyə ekosistemi üçün uğurlu bir nailiyyət ola bilər ki, ani ödəniş sistemləri inteqrasiyası və bu, ən azından başlanğıcda Türkiyə və Azərbaycan və daha sonra Mərkəzi Asiyadakı türk dilli ölkələrin orta ödəniş ekosistemi üzərindən bir-birinə ödəniş tranzaksiyalarının icra eləməsində iştirak eləyə bilmək imkanı ola bilər", - deyə o, əlavə edib.














