Cari ilin sonunadək Azərbaycanda elektron ticarətin həcminin 90 milyard manata çatacağı gözlənilir.
Onlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır?
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində Epoint şirkətinin direktoru Zeynal Kərimzadə deyib.
Onun sözlərinə görə, proqnoz bazarın hazırkı inkişaf dinamikasına əsaslanır.
"2025-ci ildə elektron ticarətin həcmi 86 milyard manat təşkil etmişdisə, 2026-cı ilin yekununda bu göstəricinin 90 milyard manata çatacağı gözlənilir. Pandemiyadan sonra elektron ticarət bazarında nəzərəçarpacaq artım müşahidə olunub və bu prosesdə fintex şirkətlərinin inkişafı mühüm rol oynayıb.
Dövlət Vergi Xidmətinin məlumatına görə, Azərbaycanda 882 min aktiv vergiödəyicisi var ki, onlardan 822 mini kiçik və orta sahibkarlıq (KOB) subyektləridir", - deyə o bildirib.
Onun sözlərinə görə, hazırda sahibkarlar arasında rəqəmsallaşma səviyyəsi 1 faizdən aşağıdır.
"Bu isə fintex şirkətləri üçün böyük imkanlar yaradır. Çünki perspektivdə həmin sahibkarlar rəqəmsal xidmətlərə keçəcəklər. Bazarın əhəmiyyətli hissəsi hələ də kartdan-karta köçürmələr, nağd ödənişlər və elektron pul kisələri vasitəsilə həyata keçirilən qeyri-rəsmi hesablaşmaların payına düşür", - deyə Z.Kərimzadə bildirib.
O ümid etdiyini bildirib ki, yaxın illərdə, hətta aylarda bu cür əməliyyatların getdikcə daha böyük hissəsi rəsmi rəqəmsal seqmentə keçəcək və bu da fintex bazarının inkişafı üçün yeni imkanlar yaradacaq.
Epoint şirkətinin direktoru əlavə edib ki, elektron ticarətin həcmi ilə əməliyyatların sayı üzrə artım dinamikası fərqlənir və bu da bazarın mövcud inkişaf meyillərini əks etdirir. (Trend)















