Azərbaycan Dövlət Neft Şirkəti 2023-cü ilin ilk 6 ayında öz gəlirlərinin fəaliyyət göstərdiyi ölkələr üzrə mənbəyini açıqlayıb.
SOCAR yarım ildə 42 milyard manat - GƏLİR ƏLDƏ EDİB - HESABAT AÇIQLANDI
FED.az SOCAR-ın 6 aylıq hesabatına istinadən xəbər verir ki, hesabat dövründə şirkətin gəlirlərinin böyük hissəsi İsveçrədəki əməliyyatlardan formalaşıb.
Belə ki, hesabata əsasən SOCAR 2023-cü ilin 6 ayında ümumilikdə 42 milyard 181 milyon manat gəlir əldə edib.
Bu məbləğin 30 milyard 833 milyon manatı və ya ümumi gəlirlərin 73%-i İsveçrədəki əməliyyatlardan formalaşıb. Qeyd edək ki, bu ölkədə SOCAR-ın əməliyyatları satış və paylaşdırma ilə bağlıdır.
SOCAR-ın ən çoc gəlir əldə etdiyi 2-ci ölkə Azərbaycandır – 4 milyard 296 milyon manat və ya bütün gəlirlərin 10%-i.
SOCAR Azərbaycanda bu gəlirləri neft-qaz hasilatı, emalı, satış və paylaşdırmasından əldə edir.
Türkiyədə isə SOCAR 6 ay ərzində 3 milyard 739 milyon manat və ya bütün gəlirlərin 9%-ni əldə edib. Şirkət qardaş ölkəldə əsasən iki mənbədən gəlir əldə edib – neft-qaz emalı və satış-paylaşdırma.
Birləşmiş Ərəb Əmirliklərindəki əməliyyatlar isə SOCAR-a 1 milyard 361 milyon (ümumi gəlirlərin 3%-i) gəlir gətirib – bunlar bütünlüklə satış və paylaşdırma sahəsindən əldə edilib.
Gürcüstandan 900 milyon manat, digər ölkələrdən isə ümumilikdə 1 milyard manat gəlir əldə edilib.
Başqa sözlə, SOCAR-ın Azərbaycan şirkəti olmasına və bütünlüklə dövlətə məxsus olmasına baxmayaraq, onun gəlirlərinin 90%-i ölkədən kənarda formalaşır. Bu da SOCAR-ın gəlir mənbələrini kifayət qədər şaxələndirməsinin göstəricisidir.