Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2023-cü ilin birinci yarımili üzrə maliyyə hesabatlarını açıqlayıb.
FED.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarımilində SOCAR-ın gəlirləri 42 milyard 181 milyon manat, satışın maya dəyəri isə 37 milyard 538 milyon manatdır.
Beləliklə, şirkətin cəmi mənfəəti 4 milyon 643 min manat olub.
Dövlət şirkətinin ümumi inzibati xərcləri 928 milyon manat, paylaşdırma xərcləri 1 milyard 163 milyon manat, sosial xərcləri 124 milyon manat, maliyyə xərcləri 771 milyon manat təşkil edib.
İlk yarım ildə əməliyyat mənfəətindən ümumilikdə 2 milyard 584 milyon manat əldə olunub.
Dövlət Neft Şirkəti I yarımili 476 milyon manatlıq mənfəət vergisi ödənişindən sonra milyard 414 milyon manat xalis mənfəətlə başa vurub.
Şirkət ilk yarım ildə 70 milyard 351 milyon manat cəmi akitvlərə malik olub. Bunun da, 8 milyard 291 milyon manatını nağd pul vəsaitləri, 636 milyon manatını depozitlər təşkil edib.
Depozitlər son bir il ərzində 108 milyon manat, başqa sözlə 20,5% artıb.
Hesabat dövründə şirkətin öhdəlikləri 23% azalaraq 36 milyard 722 milyon manat təşkil edib.
Cəmi kapital isə 294 milyon manat, yəni 0,9% artaraq 33 milyard 629 milyon manata yüksəlib.
Nizamnamə kapitalında dəyişiklik olmayıb, 4 milyard 760 milyon manat olaraq qalıb.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 884 milyon manat (5,9%) artaraq 15 milyard 970 milyon manat olub.