Böyük Britaniyanın neft-qaz şirkəti, dünyanın ən iri enerji nəhənglərindən biri BP (British Petroleum) 2021-ci ilin 2-ci rübünün və ilk yarısının maliyyə nəticələrini açıqlayıb.
Eləcə də bax: BP Azərbaycanda təsdiq olunmuş neft ehtiyatlarının həcmini - Açıqlayıb
FED.az şirkətin rəsmi təqdimatına istinadla xəbər verir ki, BP-nin gəlirləri 2-ci rübdə 36,47 milyard dollar, ilin birinci yarısında isə ümumilikdə 71,01 milyard dollar təşkil edib.
Ötən il koronavirus pandemiyasına görə neft qiymətlərinin düşməsindən ciddi ziyan çəkən BP bu il mənfəətə çıxa bilib. Belə ki, 2020-ci ilin ikinci rübündə zərər 17,52 milyard dollar, ilk 6 ayda isə 26,13 milyard dollar idisə, şirkət bu ilin ikinci rübündə 3,35 milyard dollar, ilin ilk yarısında cəmi 8,25 milyard dollar mənfəət əldə edib.
Mənfəətin 3,5 milyard dolları qaz və aşağı karbonlu enerji (günəş, külək) istehsalından, 3,8 milyard dolları neft hasilatı və əməliyyatlarından əldə edilib. BP hesabat dövründə xalis borcunu 8 milyard dollara yaxın azaldaraq, 40,92 milyard dollardan 32,70 milyard dollara endirib.
Adi səhmlərə görə səhmdarlara ödənəcək dividendin həcmi 4% artıb. BP ilin birinci yarısında yaranmış 2,4 milyard həcmində artıq nağd vəsait hesabına 3-cü rübdə səhmlərin geri alışı üçün 1,4 milyard dollar xərcləyəcək.
Enerji nəhəngi cari ildə kapital xərclərinin 13 milyard dollar, Meksika körfəzində 2010-cu ildə baş vermiş qəzaya görə ödənişlərin 1,5 milyard dollar, digər biznesləri və korporativ xərclərinin 1,2-1,4 milyard dollar olacağını proqnozlaşdırır.
BP həmçinin, qlobal neft tələbatının 2022-ci ilin ortasında pandemiyadan əvvəlki səviyyədə çatacağını, anbarlardakı neft ehtiyatlarının sürətlə azalacağını, təbii qaza olan tələbatın isə bu ilin sonunda pandemiyadan əvvəlki səviyyəyə çatacağını bildirib. BP-nin hesablamaları neftin bir barelə görə orta qiyməti 60 dollar götürülməklə aparılıb. (Marja)