Ötən gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında "Elektroenergetika haqqında" Qanuna dəyişikliklə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov sabit tarif elementinin tətbiq olunmasını təklif edib.
Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək
O bildirib ki, sabit tarif elementinin tətbiqində əsas məqsəd əlavə tarif elementi yaratmaqla maliyyə yükünü artırmaq deyil, bu, özlüyündə metodoloji yanaşmalara zidd olar:
"Təchizat subyektlərinə tariflər vasitəsilə daxilolmalar həmin təchizat xidməti ilə bağlı yolverilən tarif xərcləri səviyyəsində məhdudlaşdırılıb. Hər hansı əlavə tarif elementlərinin tətbiqi hər hansı formada qadağan deyil və tarif xərclərini artıra bilməz. Sabit tarifin tətbiqində əsas məqsəd tarif elementlərinin təchizat xərclərinin sabit və dəyişkən xərclər baxımından strukturlaşdırılması, o cümlədən xərclərin istehlak tariflərinə ədalətli şəkildə ötürülməsinin təmin olunmasıdır. Fərz edək ki, iki abonentimiz var, birinin bir, digərinin iki mənzili var, istehlak səviyyəsi eynidir. Bu məsələyə istehlak tarifi istiqamətindən baxdıqda bir və iki mənzili olan abonent eyni ödənişləri edir. Üç mənzilin infrastruktur xərcləri iki abonent arasında bölüşdürülür. Bu mövzuda bölgünün daha ədalətli şəkildə təmin olunmasını sabit tarif elementinin tətbiqində görürük. Sahə üzrə xərclər hətta istehlak olmasa belə, həmin abonentin xərclərinə aid ediləcək".
FED.az xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ümumilikdə götürdükdə, tarif strukturunun sabit və dəyişən xərclərə münasibətdə bir-birindən ayrılması metodologiyası dünya təcrübəsində özünü doğrultmuş, mütərəqqi və eyni zamanda, ədalətli tarifləndirmə baxımından mühüm təcrübə hesab edilir:
"Hesab edirəm ki, bu təcrübənin Azərbaycanda da düzgün şəkildə və şəffaf formada tətbiqi müsbət nəticələr doğura bilər. Burada əsas məsələ dövlət müəssisələri kimi ictimaiyyət qarşısında hesabatlı olan qurumların prosesi tam şəffaf şəkildə aparmasıdır. Bu isə maliyyə hesabatlarının ayrılması, müvafiq hesablamaların və monitorinqlərin aparılması, ictimai nəzarətin təşkili ilə bağlı məlumatların paylaşılması və ümumilikdə şəffaf mühitin formalaşdırılması ilə mümkündür".
O qeyd edib ki, iqtisadi aspektdən yanaşdıqda hazırda Azərbaycan vətəndaşlarının elektrik enerjisi və ya qaz istehlakı qarşılığında ödədikləri tariflər təkcə həmin enerji resurslarının maya dəyərini deyil, eyni zamanda, infrastrukturun qurulması və saxlanması xərclərini də ehtiva edir:
"Faktiki olaraq, bu gün istehlakçılar həm də enerji infrastrukturunun yaradılması və yenidən qurulması xərclərini ödəyirlər.
Təbii ki, Azərbaycanda enerji infrastrukturunun əhəmiyyətli hissəsi dövlət büdcəsi hesabına qurulub, subsidiyalaşdırılıb. Lakin fakt real olaraq ondan ibarətdir ki, bu xərclər mərhələli şəkildə cəmiyyətin üzərinə ötürülür. Bu baş verirsə, təbii olaraq, infrastruktura çıxışı olan hər bir şəxs, mülkiyyət sahibi və istehlakçı bu və ya digər şəkildə həmin xərclərə töhfə verməlidir.
Bu baxımdan, sabit xərclər - yəni infrastrukturun təmiri, bərpası, saxlanması, yenidən qurulması və yeni infrastrukturun yaradılması ilə bağlı xərclər bütün istehlakçılar arasında ədalətli şəkildə bölüşdürülərsə, bu, daha ədalətli bir tarif sisteminin və ümumilikdə mühitin formalaşmasına səbəb ola bilər.
Bu yanaşmanın şəffaf şəkildə tətbiqi, eyni zamanda, enerjinin birbaşa sərfiyyatı üzrə yaranan xərclərin dəqiq hesablanması, nəticədə isə istehlakçının yalnız sərf etdiyi enerjiyə görə ödəniş etməsi, bu ödənişin həcminin azalmasına gətirib çıxara bilər. Yəni bu gün ümumi tarifin içində bütün xərclər - infrastruktur və sərfiyyat - birlikdə toplanaraq istehlakçılar arasında bölünür.
Amma sabah bunun bir qismi, hansı ki, 30% xərclərin məhz infrastrukturun saxlanması, prosesin idarəolunması, bərpası, yenidən qurulması xərcləridir, bu 30% bütün istehlakçılar arasında bölünəcək.
Dünən üçün bir istehlakçıya, təxminən, ödədiyi ümumi işıq və yaxud da ki qaz pulunda 30-40% sabit xərclərə aid pay düşürdüsə, bu gün müvafiq göstərici düşəcək 25%-ə, 20%-ə. Bu statistika dəqiq deyil, aydındır ki, vəziyyətdən asılı olacaq, lakin düşəcəyi dəqiqdir".
İqtisadçının sözlərinə görə, nəticədə vətəndaşlar daha az enerji istehlakı qarşılığında daha az ödəniş etmə imkanı əldə edəcəklər:
"Lakin bütün bu nəticələrin doğrulması prosesin nə qədər şəffaf idarə olunmasından asılı olacaq. Əgər bu proses şəffaf aparılmazsa, sabit və dəyişən xərclər aydın şəkildə əks etdirilməzsə, ictimai nəzarət təmin edilməzsə, alternativ hesablamaların aparılması mümkün olmazsa, o halda bu mülahizələr də özünü doğrultmaya bilər.
Belə olan halda insanlar mövcud vəziyyətdə olduğu kimi ödəmələr etməyə davam edəcəklər və əlavə olaraq yeni ödəyici bazasının formalaşması ilə də xərclər geniş kütlənin üzərinə ötürüləcək. Ona görə də bu metodologiyanın tətbiqində ədalətli strategiyanın icrası üçün şəffaflıq olduqca vacib məsələdir. Yalnız bu halda metodologiya fərdi istehlakçılara münasibətdə daha ədalətli tarif siyasətinin formalaşmasına xidmət edə bilər".
İqtisadçı Xalid Kərimli Oxu.Az-a açıqlamasında söyləyib ki, işıq və qaz xidmətləri ilə bağlı yeni qanun layihəsi hökumətin tarif siyasətində dəyişiklik etməyə və yeni, daha dayanıqlı modelə keçməyə hazırlaşdığını göstərir:
Onun fikrincə, bu layihənin təqdim olunması xidmət sahəsində köklü dəyişikliklərin planlaşdırıldığından xəbər verir:
"Bu yanaşma dünya təcrübəsində geniş yayılmış modeldir. ABŞ-də, Avropanın bir çox ölkəsində, həmçinin Qazaxıstan və Türkiyədə bu praktika tətbiq olunur. Bu modelə əsasən, vətəndaş xidmətlərdən istifadə etməsə belə, minimal məbləğ ödəməlidir. Bunun da əsas səbəbi - infrastrukturun işlək vəziyyətdə saxlanması, qəza hallarında müdaxilə imkanlarının təmin olunması və enerji təchizatı sistemlərinin daim hazır saxlanmasıdır".
Xalid Kərimli vurğulayıb ki, vətəndaşlar xidmətlərdən istifadə etmədikdə belə, istədikləri an bu xidmətlərə çıxış əldə edə bilirlər və bu imkanı təmin etmək üçün sistem daim işlək vəziyyətdə saxlanılır:
"Yəni biz işıqdan və ya qazdan istifadə etməsək də, istədiyimiz vaxt istifadə edə bilmək üçün bu sistem mövcuddur və işlək qalması üçün xərclər çəkilir. Təbii ki, bu xərclərin vətəndaş tərəfindən qarşılanması zəruridir. Bu, xidmətin mövcudluğunu təmin edən xərclərin daha ədalətli şəkildə bölüşdürülməsi deməkdir".
Qanun layihəsində sabit tarifin hansı formada tətbiq olunacağının hələ dəqiqləşdirilmədiyini qeyd edən iqtisadçının sözlərinə görə, bu sabit ödəniş ya aylıq istehlaka əlavə olunacaq, ya da istifadədən asılı olmayaraq müəyyən ediləcək minimum məbləğ kimi tətbiq ediləcək:
"Əgər sabit tarif minimal ödəniş kimi müəyyənləşərsə və istehlak bu məbləği keçdikdə əlavə xərc tələb olunmazsa, bu, bir evə sahib olan vətəndaşlara təsir etməyəcək. Lakin bir neçə mənzili və istifadədə olmayan əmlakı olan şəxslər üçün bu, əlavə xərclər demək olacaq".
O bildirib ki, bu model "free rider" - yəni sistemdən istifadə edib, xərclərə qatılmayan şəxslərin qarşısını almağa yönəlib:
"İnfrastrukturun saxlanması üçün böyük vəsaitlər xərclənir. Vətəndaş həmin anda istifadə etməsə də, bu sistemdən hər an faydalana bilir. Bu halda da hər kəs sistemin mövcudluğuna töhfə verməlidir. Bu, uzunmüddətli və dayanıqlı tarif modelidir. Qanunun tətbiqi zamanı əhalinin sosial həssas təbəqələrinin müdafiəsi, güzəştli modellərin hazırlanması və bir mənzildə yaşayan istifadəçilər üçün əlavə maliyyə yükü yaranmaması kimi məsələlər hökumətin diqqətində olacaq deyə düşünürəm". (Oxu.az)