ABŞ hökuməti şirkətin 35%-nə sahib olmaq və hasil ediləcək neftin 20%-ni maya dəyərinə almaq hüququ əldə edir – əvəzində amerikalılar layihəyə 100 milyard dollar investisiya edəcəklər.
ABŞ və Venesuela arasında dünya neft sənayesinin ən böyük sövdələşmələrindən biri imzalanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Ağ Evin açıqlamasına əsasən, Venesuelanın ümumilikdə 65 milyard barel neft ehtiyatına malik 17 yatağının 100 illik istismar hüququ “North American Blue Energy Partners” (NABEP) şirkətinə verilib.
Razılaşmanın əldə edildiyini ilk dəfə avqustun 28-də ABŞ prezidenti Donald Tramp açıqlamışdı. Avqustun 31-də isə Ağ Ev razılaşmanın təfərrüatlarını yayıb. Sentyabrın 1-də şirkət özü də razılaşmanı rəsmən təsdiqləyib.
ABŞ əsl “neft gölündə” üzəcək
Xatırladaq ki, Venesuela dünyanın ən böyük neft yataqları olan ölkəsidir – onun təsdiqlənmiş ehtiyatları 303 milyard barel təşkil edir. Yeni razılaşma isə 65 milyard marel olmaqla, Venesuelanın bütün neft ehtiyatlarının təqribən 21 faizini əhatə edir.
Xatırladaqki, ABŞ-ın öz neft ehtiyatları təxminən 46 milyard bareldir. Başqa sözlə, razılaşmaya daxil olan Venesuela yataqlarının ehtiyatları ABŞ-ın öz neft ehtiyatlarından təqribən 20 milyard barel və ya 41 faiz çoxdur.
ABŞ Venesuela neftini maya dəyərinə alacaq – müqavilənin ən maraqlı bəndlərindən biri ABŞ-ın bu müqavilədən əldə edəcəyi faydalardır. Belə ki, ABŞ hökumətinə NABEP-in ana şirkətində 35 faizlik pay əldə etmək hüququ verilir.
Bundan başqa, ABŞ bu şirkətin Venesuelada hasil etdiyi neftin 20 faizini bazar qiymətinə deyil, birbaşa istehsalın maya dəyərinə almaq hüququ qazanır. Bu bənd imkan verir ki, ABŞ həmin nefti bazar qiymətindən 4-5 dəfə ucuz alsın. Üstəlik şirkətin hasil etdiyi neftin qalan 80 faizini satanda da ABŞ-a üstünlük veriləcək.
ABŞ hökuməti şirkətin direktorlar şurasına üzvlərin təyin edilməsinə veto qoymaq hüququna malik olacaq. Direktorlar şurası üzvlərinin əksəriyyətinin ABŞ vətəndaşı olması nəzərdə tutulur.
Layihə çərçivəsində Venesuelanın neft-qaz sənayesinə və infrastrukturuna 100 milyard dollaradək investisiya yatırılması planlaşdırılır.
Ağ Evin proqnozuna əsasən, layihənin ilk 25 ili ərzində Venesuela hökumətinin vergi və royalti ödənişləri şəklində təxminən 200 milyard dollar gəlir əldə edəcəyi gözlənilir. Şirkət isə dövlətin gözlənilən gəlirlərinin 209 milyard dolları keçəcəyini açıqlayıb.
Xatırladaq ki, 65 milyard barel nefti idarə edəcək şirkət - “North American Blue Energy Partners” geniş ictimaiyyətə az tanış olan özəl neft şirkətidir. Şirkətə venesuelalı iş adamı Alexandro Betankur (Alejandro Betancourt) rəhbərlik edir.
Reuters-in məlumatına görə, NABEP 2024-cü ildə Venesuelanın neft sektorunda üç layihə ilə fəaliyyətə başlayıb. Şirkətin birbaşa 5 mindən çox əməkdaşı çalışır, podratçı müəssisələri də nəzərə alanda burada ümumilikdə 10 mindən artıq insanın işlədiyi dəqiqləşir.













