Son dövrlərdə bütün dünyada təbii qaza tələbat artıb. Bununla bağlı qiymətlər də yüksəlib. Tələbatın və qiymətlərin artması fonunda 2020-ci ilin dekabrından etibarən "Cənub qaz dəhlizi" vasitəsilə Avropaya mavi qaz nəql edən Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı qlobal liderliyi daha da yüksəlib.
Eləcə də bax: Azərbaycandan Avropaya bu il 9 mlrd. kubmetrdən çox qaz - İXRAC OLUNUB
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında enerji dialoqu inkişaf edir və bunun ən mühüm nümunələrindən biri bu il iyulun 18-də Bakıda "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanmasıdır. Aİ ilə imzalanan memorandum gələcək üçün bir növ yol xəritəsidir. Buna əsasən demək mümkündür ki, enerji sahəsindəki əməkdaşlıqlarımızla bağlı yaxın gələcəkdə daha çox uğurlara nail ola bilərik. Oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi də məhz Azərbaycanla Aİ arasındakı eneji dialoqunun məntiqi davamıdır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev də həmin memoranduma əsasən, Avropaya qaz ixracının iki dəfə artırılmasının planlaşdırıldığını bildirib. Qeyd edib ki, Avropaya ixracı iki dəfə artırmaq böyük işdir: "Bu, xırda məsələ deyil. Buraya sərmayə yatırılmalı, texniki imkanlar genişləndirilməlidir. Çünki hazırda Avropaya qaz nəql edən boru kəmərimiz TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir. Yəni biz onu 20 milyard kubmetrə çatdırmalıyıq".
Azərbaycanın iqtisadi və siyasi həyatında yanacaq-enerji kompleksi sahəsi mühüm əhəmiyyət kəsb edir. Xüsusi vurğulamaq lazımdır ki, ölkəmizin neft və qaz ixracından əldə etdiyi valyuta gəlirləri ilk dəfə olaraq bu il bərabərləşib. Bütün bunlar sübut edir ki, ölkəmiz qaz sənayesində davamlı inkişaf yolunu tutub.
Ölkəmizin qazdan əldə etdiyi gəlir neft gəlirlərini üstələyə bilər
Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, "Cənub qaz dəhlizi"nin istifadəyə verilməsi ilə Avropaya qaz ixracının başlanması Azərbaycanın mavi qazdan əldə etdiyi gəlirlərinin artımına səbəb olub: "Ölkəmiz ötən müddətdə Avropaya 15 milyard kubmetr mavi qaz nəql edib. Azərbaycan cari ildə təkcə Avropaya 11 milyard kubmetr, bütövlükdə isə 22 milyard kubmetr mavi qaz nəql etməyi planlaşdırıb. Bu, Avropanın, eləcə də regionun enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir".
V.Bayramov bildirib ki, bu ilin sonunda Azərbaycanın mavi qazdan əldə etdiyi gəlirlərin neft gəlirlərini üstələyəcəyi gözlənilir: "Azərbaycanın mavi qazı ən çox ixrac etdiyi ölkələr Türkiyə və İtaliyadır. Türkiyə ölkəmizin mavi qaz ixrac etdiyi ölkələr arasında birincidir. Eyni zamanda Yunanıstan, Bolqarıstan və Gürcüstan da ölkəmizdən mavi qaz alır. Yəni artan ixracın nəticəsidir ki, Azərbaycanın mavi qazdan əldə etdiyi gəlirlər neft gəlirləri ilə bərabərləşib. Bu, qazdan əldə olunan gəlirlərin ölkəmiz üçün əhəmiyyətli valyuta mənbəyi olduğundan xəbər verir. Təsadüfi deyil ki, növbəti 3-5 ildə Avropaya qaz ixracını iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmağı planlaşdırmışıq".
Enerji məsələləri üzrə ekspert İlham Şaban da qazdan əldə etdiyimiz gəlirlər barədə fikirlərini bildirib. Qeyd edib ki, mavi qazdan əldə etdiyimiz gəlir ötən illə müqayisədə təxminən 4 dəfə artıb. Biz əvvəllər yalnız regional səviyyədə qaz satırdıq. Ötən il isə Avropadakı qaz satışımız layihə gücünə belə çatmamışdı.
"Bu il ixrac edilən qazın həcmi də, qiyməti də artıb. Bu, ölkəmizin gəlirlərini, hətta mənfəətini də artırır. Eyni zamanda azalmaqda olan neft gəlirlərini kompensasiya edir. Növbəti illərdə neftin həcmi azaldıqca gəlirləri də aşağı düşəcək. Nəzərə almaq lazımdır ki, hazırda bazarda neftin qiyməti çox yüksək olduğuna görə, cari ildə bu sahədə 8 milyard dollara yaxın mənfəət gözlənilir. Neftin bu il üçün olan 100 dollarlıq orta qiyməti 70 dollara düşərsə və ixrac həcmi 2-3 milyon azalarsa, deməli, neftdən əldə olunan gəlirlər də təxminən 50 faiz azala bilər. Bəlkə mifik səslənir, amma o gün uzaqda deyil: ölkəmizdə qazdan əldə olunan qazanc neftdən gələn mənfəəti üstələyəcək. Bu, qaçılmazdır", - deyə o qeyd edib.
Avropa ilə əməkdaşlıq möhkəmləndirilir
İlham Şaban qeyd edib ki, Azərbaycanın Avropaya və digər ölkələrə qaz ixracını sürətləndirməsi iqtisadi inkişafımızla yanaşı, beynəlxalq imicimizin formalaşması baxımından da mühümdür. Onun dediyinə görə, Avropaya qaz nəql edən TAP boru kəməri illik 11 milyard kubmetrdən bir qədər çox qaz ixrac edə bilir. Bu, onun daxili imkanlarından maksimum yararlanmaq hesabına mümkün olur. Birinci mərhələdə boru kəmərinin gücü 10 milyard kubmetr qaz nəqlinə hesablanıb. Borunun gücünün mərhələli şəkildə artırılması üçün fiziki işlər görülməli və böyük kapital sərf olunmalıdır.
"Azərbaycan Avropaya həmişə bununla bağlı mesajlar verib. Bildirib ki, məsələləri kompleks həll etmək lazımdır. Belə olan halda, həm yeni qaz yataqlarının istismara verilməsi, həm də mövcud borunun gücünün artırılması reallaşdırılmalı, o cümlədən uzunmüddətli dövr üçün Avropadakı istehlakçılarla alqı-satqı müqaviləsi imzalanmalıdır. Bunun nəticəsidir ki, cari ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığına dair memorandum imzalandı və elan olundu ki, Avropa əlavə olaraq 10 milyard kubmetr qaz almaqda maraqlıdır. Buna uyğun olaraq Azərbaycan boru kəmərinin gücünü iki dəfə artırmaq və daxili resursları hesabına onun doldurulmasını təmin etmək istəyir", - deyə ekspert bildirib.
Alternativ qaz yataqlarından istifadə labüddür
Hazırda dövlətimizin qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Onun 1,2 trilyon kubmetri "Şahdəniz", 350 milyard kubmetri "Abşeron", 200 milyard kubmetri "Ümid" yataqlarının, 100 milyard kubmetrdən çoxu isə Azərbaycan Dövlət Neft Şirkətinin yataqlarının payına düşür. Bu isə toplam 1,85 trilyon kubmetr qaz ehtiyatı deməkdir.
Ölkəmizdə kəşfiyyat quyuları ilə qazılıb təsdiqini tapsa da, hələ istifadəyə verilməmiş qaz yataqları var. Belə qaz yataqlarından ən böyüyü Babək strukturudur ki, gələn il həmin yataqda kəşfiyyat işlərinin aparılması planlaşdırılır. Bundan əlavə, biz bir neçə neft-qaz yatağından da qaz ehtiyatı əldə edə bilərik. Misal üçün, Azəri-Çıraq-Günəşli neft yatağının dərin qatlarında 100 milyard kubmetrdən çox qaz ehtiyatı var. Həmçinin Dostluq, Qarabağ və digər yataqlarda da neft layları ilə yanaşı qaz layları da mövcuddur. Ekspertlər hesab edirlər ki, qaz ixracını artıraraq iqtisadiyyatımıza daha çox töhfə vermək üçün ölkəmizdəki alternativ qaz yataqlarının istifadəyə verilməsi labüddür.
Beləliklə, ölkəmizdə alternativ qaz yataqlarının istifadəyə verilməsi, bəzi yataqlarda hasilatın aparılması, eləcə də mövcud boru kəmərlərinin gücünün artırılması nəticəsində Azərbaycan qazının həcmi xeyli artacaq. Belə olan halda, Avropa və digər ölkələrlə ticarət əlaqələrini genişləndirən ölkəmiz üstünlük qazanacaq. Nəticə etibarilə Azərbaycanın həm gəlirləri, həm də Avropanın enerji təhlükəsizliyinə xidmət edən güclü dövlət kimi beynəlxalq nüfuzu artacaq. Reallıq budur ki, enerji təhlükəsizliyi prizmasından dövlət maraqlarını qətiyyətlə müdafiə edən Azərbaycana Avropanın tarixdə görünməməmiş dərəcədə ehtiyacı var. Bütün bunlar onu göstərir ki, Azərbaycanın enerji siyasəti milli maraqlarımızı qətiyyətlə təmin edir. ("Azərbaycan" qəzeti)