Azərbaycan 2024-cü ilin aprel ayında Türkiyəyə təbii qaz ixracını əhəmiyyətli dərəcədə artıraraq, ötən ilin eyni dövrü ilə müqayisədə 12,02 faiz artıma nail olub.
Azərbaycanın Avropa İttifaqının qaz bazarındakı payı 7 %-ə çatıb
FED.az xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) dərc etdiyi məlumatlarda bildirilir.
Məlumata görə, ixrac 2023-cü ilin aprel ayındakı 893,36 milyon kubmetrlə müqayisədə 1,001 milyard kubmetrə çatıb.
Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyəyə ən çox təbii qaz ixrac edən ölkə olub.
İkinci yerdə təqribən 543,99 milyon kubmetr qaz ixracı ilə İran dayanıb. Bu isə 2023-cü ilin aprel ayı ilə müqayisədə 37,25 faiz mühüm azalma deməkdir.
Türkiyəyə ən çox təbii qaz ixrac edən üçüncü ölkə isə Rusiya olub. Rusiya hesabat dövründə Türkiyəyə 413,24 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da 2023-cü ilin aprel ayı (1,524 milyard kubmetr) ilə müqayisədə 76,01 faiz azdır.
Türkiyə 2024-cü ilin aprelində bütünlükdə qaz idxalını 2023-cü ilin aprelindəki 3,982 milyard kubmetrlə müqayisədə 39,85 faiz azaldaraq təqribən 2,395 milyard kubmetrə salıb.
Boru kəməri qazının idxalı 40,38 faiz azalaraq 1,958 milyard kubmetrə çatıb, maye təbii qaz (MTQ) idxalı isə 37,37 faiz azalaraq 437,25 milyon kubmetr olub. (Trend)