Ötən il Azərbaycandan Avropa İttifaqına (Aİ) 11 milyard kubmetr təbii qaz ixrac edilib.
FED.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının 2023-cü ilin son rübü ilə bağlı dərc etdiyi hesabatda bildirilib.
Bununla da, Azərbaycanın Aİ-nin təbbi qaz idxalındakı payı 2021-ci ildəki 3 %-dən (8 milyard kubmetr) 7 %-ə yüksəlib.
Ötən il Aİ-nin təbii qaz idxalı 290 milyard kubmetr, istehlakı isə 330 milyard kubmetr olub ki, bu da, illik müqayisədə müvafiq olaraq 13,4 % və 7,3 % azalıb.
Aİ 2023-cü ildə əsas qaz təchizatçısı olan Rusiyadan idxalı 3,5 dəfə azaldaraq 150 milyard kubmetrdən 43 milyard kubmetrə endirib. Rusiyadan təbii qaz alışının azalmasına Rusiya-Ukrayna müharibəsi səbəbi ilə tətbiq edilən sanksiyalar və mövsümi temperaturun normadan çox olması səbəb olub.
2023-cü ildə Avropa İttifaqının qaz hasilatı əvvəlki illə müqayisədə 19,1 % azalaraq 38 milyard kubmetrə enib və istehlakda payı 11 % təşkil edib. Aİ-da ən böyük təbii qaz istehsalçıları isə Niderland (12 milyard kubmetr) və Rumıniya (9,3 milyard kubmetr) olub. Ötən il Aİ-də anbarların doluluğu əvvəlki illə müqayisədə 18 faiz bəndi artaraq 79 %-ə çatıb. Halbuki, bu göstərici 2021-ci ildə 49 % təşkil edib. (Report)