Azərbaycan «Şahdəniz» qaz yatağındakı vəziyyətlə bağlı olaraq Avropanın daha bir ölkəsinə – Serbiyaya qaz nəqlini müvəqqəti dayandırıb.
FED.az xəbər verir ki, bu barədə Serbiyanın prezidenti Aleksandr Vuçiç bildirib.
Azərbaycan "Şahdəniz" yatağında yaranan problemlər səbəbindən Serbiyaya gündəlik 1,7 milyon kubmetr qaz tədarükünü dayandırmaq məcburiyyətində qaldığını bildirib. Bu barədə mətbuata açıqlamasında Serbiyanın prezidenti Aleksandr Vuçiç bildirib.
“Biz azərbaycanlı qardaşlarımızdan və dostlarımızdan bildiriş almışıq ki, “Şahdəniz” yatağındakı öhdəsindən gəlmək mümkün olmayan çətinliklərə görə bu gündən 1,7 milyon kubmetrə arxalana bilmirik».
Vuçiç bildirib ki, Azərbaycandan qaz tədarükünün nə vaxt bərpa olunacağı məlum deyil: «Qaz tədarükünün bərpasının nə qədər vaxt aparacağına dair heç bir əminlik və aydınlıq yoxdur, əziz insanlar. Bu gündən etibarən biz öz qaz ehtiyatlarımızı daha çox sərf etməyə başlayırıq”, - deyə Vuçiç mətbuat konfransında qeyd edib.
Serbiya rəhbəri cari qış mövsümü üçün ölkədə kifayət qədər enerji ehtiyatının olduğunu qeyd edib, eyni zamanda Azərbaycanın tədarükünün tezliklə bərpa olunacağına ümid etdiyini bildirib.
«Mən ümid edirəm ki, Azərbaycan tərəfi 1-2 aya bu problemi həll edəcək. Əgər bu mümkün olmasa, biz qarşıdakı 4 ay ərzində qaz sərfini gündə 2-2,5-3 milyon kubmetr artıracağıq. Bu vəziyyət bizim bütün ehtiyatlarımızı sərf etməyə səbəb ola bilər, amma qaz və neft qıtlığı olmayacaq”. prezident əmin edib.
Vuçiç 2024-cü il dekabrın sonunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla apardığı danışıqların yekunlarına görə, “Niş yaxınlığında əlavə elektrik enerjisi mənbəyini təmin edəcək qaz elektrik stansiyasının birgə tikintisi” planının vacibliyini qeyd edib. Xarici işlər naziri Marko Djuricin sözlərinə görə, Bakının sayəsində Serbiyanın enerji təhlükəsizliyi “bu keşməkeşli vaxtlarda” əhəmiyyətli dərəcədə möhkəmlənib.
Xatırladaq ki, Azərbaycan bir neçə gün əvvəl, yanvarın 6-da daha bir Avropa ölkəsinə - Bolqarıstana da qaz nəqlini müqəvvəti dayandırıb. Bolqarıstan tərəfinin açıqladığı məlumata görə, qaz nəqlinin yanvarın 11-də bərpa ediləcəyi gözlənilir. Amma Bolqarıstan tərəfi qazın nəqlinin hansı səbəbdən dayandığını açıqlamayığb.
Bununla yanaşı, yanvarın 10-da «Şahdəniz» qaz yatağının texniki operatoru olan “BP-Azerbaijan” şirkəti yataqdakı "Alpha" platformasının işini dayandırdığını açıqlayıb. Şirkət bunu kondensatın (yəni qazla birlikdə çıxan neftin – FED.az) nəqli üçün nəzərdə tutulmuş sualtı boru kəmərindəki texniki nasazlıq səbəbindən olduğunu bildirib.
«Platformanın özündə heç bir problem yoxdur. Texniki problem "Alpha" platformasını Səngəçal terminalı ilə birləşdirən hissəsində kondensatın nəqli üçün sualtı boru kəmərində yaranıb. Bu səbəbdən biz bu platformanın işini dayandırmışıq, Hazırda problemin ən qısa müddətdə aradan qaldırılması üçün bütün zəruri işlər aparılır», - deyə şirkətdən bildirilib.
*****
Azərbaycandan Serbiyaya qaz nəqlinin iki aylıq dayandırılması ilə bağlı xəbərlər doğru deyil.
FED.az xəbər verir ki, bu barədə "AnewZ"ə hökumət mənbələrindən bildiriblər.
"Şahdəniz Alfa" platformasındakı texniki nasazlığa görə qaz axını müvəqqəti olaraq dayandırılsa da, "Şahdəniz Bravo" ixracı təmin etməklə tam olaraq fəaliyyət göstərir. Çatdırılmaların tezliklə bərpa ediləcəyi gözlənilir.
Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycandan qaz axınının gündəlik 1,7 milyon kubmetr qaz tədarükünə təsir edən fors-major vəziyyətə görə dayandırıldığını bildirib. Bununla belə, hökumət mənbələri tədarükün bərpasının bir və ya iki ay çəkəcəyi ilə bağlı məlumatları inkar edərək, vəziyyətin nəzarət altında və müvəqqəti olduğunu vurğulayıb.
bP təsdiq edib ki, "Şahdəniz Alfa"da olan problem boru kəmərinə və ətraf mühitə ziyan vurmadan lokallaşdırılıb. Platformada işlər ehtiyat tədbirləri olaraq müvəqqəti dayandırılıb. Bununla belə, bP tərəfləri əmin edib ki, bu, Şahdəniz yatağının istismar qabiliyyətinə təsirsiz ötüşüb.
"Şahdəniz Bravo" platforması tam gücü ilə işləməyə davam edir, Türkiyə və Avropa bazarlarına qaz tədarükünü həyata keçirir. Bu həftənin əvvəlində Bolqarıstan rəsmiləri müqavilə əsasında qaz tədarükünün qısa müddətə dayandırıldığını bildirsələr də, hazırda bu, bərpa olunub.
Azərbaycan qazı Serbiyanın enerji təhlükəsizliyində əsas rol oynayır. Serbiya ildə 3 milyard kubmetrdən çox qaz istehlak edir və bu ildən 400 milyon kubmetr qaz Azərbaycandan alınıb. Hazırda Serbiyanın qaz təchizatının əhəmiyyətli hissəsi Rusiyadan gəlir, bu isə ölkənin enerji təhlükəsizliyi və geopolitik mövqeyi üçün ciddi bir məsələdir. Eyni zamanda, Serbiya Avropa İttifaqına daxil olmaq üçün danışıqlar aparır və bu proses Rusiyanın enerji təchizatından asılılığını azaltmaq önəmli bir addım olaraq qiymətləndirilir.
Həm hökumət, həm də bP-dən olan mənbələr "Şahdəniz Alfa"dakı texniki problemin mümkün qədər tez həlli üçün səylərin davam etdirildiyini bildirir. "Şahdəniz" yatağı, Cənubi Qafqazda yerləşən, Azərbaycan qazının Avropa bazarlarına tədarükü üçün mühüm bir mənbə olaraq qalır. Bu yataq, Avropanın enerji diversifikasiyası strategiyasının əsas tərkib hissəsi kimi qəbul edilir, çünki "Şahdəniz"dən çıxarılan təbii qaz, Avropanın enerji təhlükəsizliyini artırmağa və enerji tədarükünün müxtəlif mənbələrdən təmin olunmasına kömək edir.