Ukrayna ətrafında gərginliyin artması fonunda Avropada qazın qiyməti yanvar ayından sonra ilk dəfə olaraq, min kubmetr üçün 1000 ABŞ dollarını ötüb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, qazın ümumi qiymət artımı 13,7%-dək artıb.
Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın mart fyuçersləri min kubmetr üçün 1 031,8 ABŞ dollarınadək bahalaşıb.
Hazırda qiymət 980 ABŞ dolları təşkil edir.
Daha əvvəl bir neçə dövlət Ukraynadakı vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq, bu ölkədəki səfirlik əməkdaşlarının təxliyə edildiyini və ya edilmə ehtimalının nəzərdən keçirildiyini bəyan edib.
Rusiya qazının Ukrayna ərazisindən tranzit səviyyəsi də aşağı olaraq qalmaqdadır. Belə ki, ötən həftəyə 97 milyon kubmetr səviyyəsində başlayan tranzit həcmi fevralın 11-i 51,8 milyon kubmetrədək azalıb. Bu gün üçün tranzit həcmi 58,6 milyon kubmetr təşkil edəcək.