Xarici vətəndaşların Azərbaycana ov məqsədilə səfərini təşkil edən şirkətlərin üzərinə öhdəlik qoyulacaq ki, xaricilər Azərbaycan qanunlarına riayət etsinlər.
FED.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib.
Eləcə də bax: Ov mövsümü başladı - TARİXLƏR, QİYMƏTLƏR
Onun sözlərinə görə, indiyədək xarici vətəndaşların qanunu pozması halları olub: «Buna görə də bu ildən qanunlara hörmət edilməsi, qanunsuz ovların qarşısını almaq üçün xarici vətəndaşlar üçün ovu təşkil edən şirkətlərin üzərlərinə müəyyən öhdəliklər qoyulub».
H.Əlizadə əlavə edib ki, ümumilikdə mövsüm başlayandan 10 şirkət xarici vətəndaşlar üçün ovun təşkilinə görə müraciət edib və onların hamısına müsbət cavab verilib: "Bu şirkətlərə nəzarət edilir. Xarici vətəndaşlar Azərbaycan qanunlarını bilmirlər, xarici vətəndaşlar üçün ovu təşkil edən şirkətlər bunu ona başa salmalıdırlar. Xarici vətəndaş qanunu pozduğu halda 2000 manata qədər cərimə edilir və həmin vətəndaşın ölkədən çıxarılması üçün müraciət edilir, şirkətlə işləməyə isə məhdudiyyət qoyulur".
Onun sözlərinə görə, nazirliyə ovla bağlı çox sayda müraciət daxil olur: "Bu ilin ov mövsumü may ayında başlayıb. İlk növbədə Dağıstan turuna icazə verilib. Avqustun 24-dən quş ovuna icazə verilib, oktyabrın ortalarından su bataqlıq quşların ovuna icazə veriləcək. Ov mövsümünün fevral ayının sonu, martın əvvəllərində başa çatdırılması nəzərdə tutulur".
Nazirlik rəsmisi həmçinin qeyd edib ki, bəzən ovçular ov icazələrinin sayının artırılmasıni istəyirlər: "Ov icazələrinin sayı ovlamaq istəyənlərin sayına görə deyil, populyasiyaların sayına görə müəyyən edilir. Ən çox müraciətlər sənədlərlə bağlı olur. Yerli vətəndaşlar ov icazəsi almaq üçün ov bileti almalıdır. Bu bileti alan vətəndaşlar nazirliyin yerli şöbələrinə müraciət edə bilərlər".